Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılış mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, açılışdan əvvəl keçirilən mətbuat konfransında TÜRKSOY rəhbərliyi, türkdilli ölkələrdən festivala qatılan ali məktəblərin rektorları və münsiflər heyəti festivalla bağlı məlumat veriblər. Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi türkdilli ölkələrdən yaradıcıyönümlü ali təhsil ocaqlarının rektorları, nümayəndə heyətləri, eləcə də aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr qatılıblar.
Açılış mərasimində ADMİU-nun Xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Mustafa Aşurov), tələbə xoru (bədii rəhbər və dirijor Təranə Yusifova), universitetin müəllim və tələbələri, müxtəlif illərdə məzun olmuş tanınmış aktyorlar, habelə Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdlərindən ibarət rəqs kollektivi iştirak edib.
Festival boyunca mayın 20-22-də Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrında iştirakçı tələbələrin tamaşaları təqdim olunacaq.
Mayın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi baş tutacaq.
Qeyd edək ki, açılış mərasiminin ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Nicat Kazımovdur.