Mayın 20-də TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
Moderator.az xəbər verir ki, TÜRKSOY-un rəhbərliyi, türkdilli ölkələrdən festivala qatılan ali məktəblərin rektorları və münsiflər heyəti festivalla bağlı məlumat veriblər.
TÜRKSOY-un Baş katibi Sultan Raev festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Universiteti, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Teatr Kolleci, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Türkiyədən isə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının hazırladıqları tamaşaların göstəriləcəyini bildirib. Baş katib festivalın məqsədinin gənclərə dəstək vermək olduğunu diqqətə çatdırıb, bu cür tədbirlərin gənclər arasında əlaqələrin intensivləşməsinə töhfə verdiyini qeyd edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova universitetin keçirdiyi önəmli tədbirlərdən və layihələrdən bəhs edib. Qeyd edib ki, “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı universitet üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, mayın 20-dən 22-dək davam edəcək festival günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrında iştirakçı tələbələrin tamaşaları təqdim olunacaq.
Mayın 22-də Gənc Tamaşaçılar Teatrında festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.