“Atam şərlənərək həbs olunduğu gün mən də, Sevda da böyüdü”-50 yaşlı Emma Ələkbərzadə-FOTOLAR+ÖZƏL
Ekskluziv
5879
14 Nov 2023 | 13:06

“Atam şərlənərək həbs olunduğu gün mən də, Sevda da böyüdü”-50 yaşlı Emma Ələkbərzadə-FOTOLAR+ÖZƏL

“50 yaşım tamam oldu. Çox xoşbəxtəm ki, Allah mənə bunu qismət etdi və bu yaşa gəlib çatdım. Bir şeyi həyatda anladım ki, mən çox xoşbəxt insanam, xoşbəxt qadınam, xoşbəxt anayam, xoşbəxt bacıyam! Bizim dəyərli sənətkarımız Zeynəb Xanlarova oxuyur ki, 50-ni aşırdım, 100-ə nə qaldı?! Özümə xoşbəxt qocalıq, nurani yaşlanmağı arzulayıram. Ən əsası odur ki, mənim ailəm, əzizlərim bir ömür boyu yanımda olsunlar. Bundan böyük xoşbəxtlik ola bilməz. Sənət gəldi gedərdi, necə ki, səs gəlib-gedir. Amma ailə ömürlükdür. Bunu heç vaxt unutmaq, danmaq olmaz”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Emma Ələkbərzadə (Elmira) deyib. O daha sonra əlavə edib.
 
“Bir də görürsünüz ki, tik-tokda canlı yayımda olanda yazırlar ki, niyə belə qocalmısınız? Qoy elə qocalım. Ömür boyu cavan qalmaq cavan rəhmətə getməkdir, cavan sümüklə qara torpağın altında çürüməkdir. Mən belə cavan qalmaq istəmirəm. Hər fəslin öz gözəlliyi olduğu kimi, hər yaşın da öz gözəlliyi var” deyə müğənni bildirib.
Emma Ələkbərzadə yaxınlarını da xatırlayıb.
 
“Bir övlad kimi əlbəttə ki, mən xoşbəxt deyiləm. Çünki atam, anam yanımda deyil. Atamı şərləyərək həbs etdirdikləri gün biz ikimiz də böyüdük. Sevda da, mən də. Atamın başına olmazın müsibətlər gətiriblər, bu haqda çox danışmışam. Heç cür barışa bilmirdi ki, məni niyə haqsız yerə həbs etdilər?! Nənəm, biz ona Şöhrət ana deyirdik. Şöhrət anam rəhmətə gedəndə bir gözü divarda idi, bir gözü isə qapıda. Divarda Ramiz əmimin şəklinə baxırdı, qapıda isə atamı gözləyirdi. Atam həbsxanada olanda “Zindan” romanını yazır. Həmişə deyirdi ki, yazıçı 50 yaşdan sonra yazmağa başlayır” deyə müğənni bildirib.
Müğənni bildirib ki, hər zaman tamaşaçılar tərəfindən hörmətlə qarşılanıb. Buna səbəb isə...
 
“Mənim üçün əsas keyfiyyətdir. Əlbəttə ki, keyfiyyətli musiqi. Gündə-gündə efirə çıxmaq olmaz. Az efirdə görün, amma elə görün ki, televiziyaya gedəndə səni ayaqüstə alqışlasınlar. Əsas budur. Bir də söz-söhbətdən, qalmaqallardan uzaq durmaq. Mənim soyadım, tərbiyəm və səviyyəm heç vaxt imkan verməz ki, mən qalmaqala baş qoşum. Neçə dəfə istəyiblər, amma alınmayıb. Alınmayacaq da, çünki imkan vermirəm” deyə müğənni bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər