"Ətrafında “kök” salmış və özləri üçün mənfəət “çarxı” qurmuş bu cür insanların yersiz tərif və alqışları bir müddət sonra rəhbərin öz mənliyini itirməsinə səbəb ola bilər... Bir müddət sonra özünü hamıdan fərqli və üstün görməyə başlayar, yersiz təriflərlə biçarənin başı “dönər”, baxışı “bulanar..."
"Bu cür mənəviyyatı qaralmış insanlar, mənfəətpərəst köməkçilər, maqnitin qütbləri kimi özlərinə oxşar tipləri yanlarına çəkərlər. Beləliklə vaxt keçdikcə rəhbərlərin ətrafında “fasid” halqa əmələ gələr. Aşağıdakıların “səs”ləri maneələri aşaraq rəhbərə çatmaz..."
İdeal köməkçi...
Rəhbər vəzifədə işləyən şəxslər özlərinə köməkçi seçərkən nələrə diqqət etməlidir? Uca Allahdan vəhy gəldiyi halda, Həzrət Musanın (ə.s.) özünə vəzir[1] (köməkçi, müşavir, məsləhətçi) istəməsini necə başa düşməliyik?..
Bütün peyğəmbərlər möminlər üçün bir rəhbər, onların həyatı isə nümunədir. Çünki peyğəmbərlərin hamısı İslam peyğəmbəridir.[2] Allah-Təala Quranda bəzən açıq, bəzən də üstüörtülü surətdə onlara tabe olmağı əmr etmişdir. Məsələn: “Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”[3] ayəsi ilə Həzrət Məhəmmədin (s.a.s.) möminlər üçün rəhbər olduğunu bəyan edir. Bənzər ifadə Həzrət İbrahim (ə.s.) üçün də işlədilmişdir:
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır.”[4]
İki ayrı peyğəmbər nümunə verildiyinə görə Həzrət Musanın Haqq-Təaladan vəzir, yardımçı istəməsində də bizim için önəmli dərslər var.
Əvvəlcə hadisənin necə baş verdiyinə nəzər salaq. Allah yüksək fətanətli[5] Həzrət Musaya (ə.s.) peyğəmbərlik verərək onu vəhylə Fironla görüşə göndərmişdi. O, Allahdan aldığı bu vəhyi sadəcə Firona təbliğ etməyəcəkdi. Fironun yanında Haman və Qarun kimi vəzirlik edən əyanlar da vardı. Hamanın vəzifəsi, Fironun gördüyü haqlı-haqsız bütün işlərə məntiqi əsas tapmaq, həmişə onu alqışları ilə ovsunlamaq idi. Qarun isə külli miqdarda sərvəti altında “əzilən” zənginlərdən idi. Həzrət Musa belə qarmaqarışıq bir topluluğun qarşısına çıxmalı idi. Onlara o günə qədər heç eşitmədikləri və xəbərləri olmayan bir mövzuda İlahi vəhyi təqdim edəcəkdi...
Həzrət Musa (ə.s.) Fironun sarayında böyümüş, uşaqlıq və gənclik illəri burada keçmişdi. Bu ola bilsin ki, onun düşüncəsinə təsir edirdi. O günə qədər Firon və əyanlarını rəhbər və idarəçi kimi görmüşdü. Firon da Həzrət Musaya oğlu və ya qardaşı kimi münasibət göstərmişdi. O dövrdə Misirdə kasta sistemi vardı. Cəmiyyət müxtəlif təbəqələrə bölünmüşdü. Yəhudilər ən alt kastaya aid idi. Ehtimal ki, Firon Musanın (ə.s) yəhudi olduğunu bilirdi və ilahi mesajı təbliğ edərkən ona da bu nəzərlə baxa bilərdi.
Yuxarıda sadalananları nəzərə alaraq Həzrət Musanın Allahdan vəzir istəməsi onun fətanət və fərasətini göstərir. O elə ilk başdan fətanəti ilə işin nə qədər mürəkkəb və çətin olduğunu anlamışdı. Buna görə də Uca Allahdan:“Mənə öz ailəmdən bir vəzir (köməkçi) ver – Qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et”[6] – deyərək qardaşı Harunu özünə köməkçi peyğəmbər verməsini istədi. Həzrət Harun Həzrət Musaya nisbətən bir az sərbəst böyümüşdü. İsrailoğluları arasında yaşamışdı. Özü də peyğəmbər nəslindən gəldiyi üçün, həmişə onlara dini söhbətlər etmişdi. Yəni, onun bu mövzuda konkret təcrübəsi vardı...
Həzrət Musanın peyğəmbərlik vəzifəsində yardımçı istəməsini bu cür də anlaya bilərik. İnsan yüksək vəzifə sahibi birinin yanına təkbaşına çıxarkən özünü narahat hiss edə bilər. Buna görə də fikrini tam izah etməkdə çətinlik çəkər. Ola bilər ki, Həzrət Musa da, arxa-dayaq olması, önünü açması və Allah tərəfindən göndərilən vəhyi düzgün çatdırması üçün özünə köməkçi istəmişdi.
Həzrət Musa qissəsinə nəzər saldıqdan sonra bu hadisənin dövrümüzə baxan yönlərinə keçə bilərik. Bu qissənin iki yönü var:
Fironun ətrafındakı köməkçilər... Həzrət Musanın (ə.s.) xeyirxah yardımçı kimi qardaşı Harunu (ə.s.) tələb etməsi, onunla dəstəklənmək istəyi.
Əhəmiyyətli vəzifədə olan və önəmli işlər görənlərin yanında həmişə etibarlı, işini bilən məsləhətçi, yardımçı olmalıdır. Köməkçi əskiklikləri tamamlamalıdır. Onlar da öz növbəsində yanlış addımı atarkən tabe olduğu şəxsi xəbərdar etməlidir. Bu səbəbdən fərasətli, fətanət sahibinin köməkçi və ya məsləhətçiyə ehtiyacı var...
Məsləhətçi seçimi...
Bəli, vəzifəli şəxslərin yanında köməkçi, məsləhətçi olmalıdır. Əsas məsələ düzgün və uyğun məsləhətçi seçməkdir. İdeal məsləhətçinin müəyyən vəsfləri olmalıdır ki, o hər hansı məsələyə müdaxilə edə bilsin. Əks təqdirdə məsləhətçi xeyirdən çox zərər verə, hətta insanı yanılda, yanlış addım atmağa sövq edə bilər. Fironun yanından ayrılmayan Haman kimi hər edilən şeyi yaxşı-pis ayrıd etmədən təsdiqləyən, rəhbərin boşluğa atdığı addıma göz yuman məsləhətçidənsə, səhvləri üsuluna uyğun bildirən məsləhətçi daha yaxşıdır. Məsələn: Düzgün seçilən belə məsləhətçi, yeri gələndə qarışqa belə əzilsə, sükutu pozmalı və uyğun dillə: “Bağışlayın, qarışqanı əzməməliydiniz!” – deyə bilməlidir. Fironun xalqa dediyi “Mən, sizin uca rəbbinizəm”[7] sözü qarşısında susan, bəlkə də “Siz deyirsinizsə, doğrudur!”, “Düz dediniz!” – deyən Haman kimi müşavirlər onu tərifləyərək şişirtmiş və həlakına zəmin hazırlamışlar...
Bununla yanaşı, uyğun şəxslərdən məsləhətçi və ya köməkçi seçilmədikdə seçilən şəxslər tabe olduqları rəhbərin adından (öz mövqeyindən) istifadə edə və ya öz mənfəəti üçün qeyri-qanuni işlər görə, insanlara haqsızlıq edə bilərlər. Bir müddət sonra da “qazandıqlarını”, “yığdıqlarını” itirməmək üçün həmişə rəhbərin gözünə girməyə, ona özünü sevdirməyə çalışarlar. Rəhbərin razılığını qazanmaq üçün edilməyəcək işləri təqdir edər, xoşagəlməz ifadələrini fərqli şəkildə mənalandırarlar. Qısacası, mənfəətlərini qorumaq və davam etdirmək üçün əllərindən gələn hər şeyi edərlər...
Ətrafında “kök” salmış və özləri üçün mənfəət “çarxı” qurmuş bu cür insanların yersiz tərif və alqışları bir müddət sonra rəhbərin öz mənliyini itirməsinə səbəb ola bilər. Lazımsız şəkildə “təriflənən” rəhbərin “qəlibi” pozular. Bir müddət sonra özünü hamıdan fərqli və üstün görməyə başlayar, yersiz təriflərlə biçarənin başı “dönər”, baxışı “bulanar”...
Bu cür mənəviyyatı qaralmış insanlar, mənfəətpərəst köməkçilər, maqnitin qütbləri kimi özlərinə oxşar tipləri yanlarına çəkərlər. Beləliklə vaxt keçdikcə rəhbərlərin ətrafında “fasid” halqa əmələ gələr. Aşağıdakıların “səs”ləri maneələri aşaraq rəhbərə çatmaz. Yəni həqiqətləri demək istəyənlərin səsi maneələri aşa bilmədiyi üçün geri qayıdar, sadəcə, əks-sədası eşidilər. Saturn planetinin ətrafındakı halqa kimi, altdan gələn parlaq fikirlər bu qaranlıq halqadan keçə bilmədiyi üçün rəngi dəyişər. Aydın ruhlu insanların fikirləri isə rəhbərin gözünə qaranlıq görünməyə başlayar. Beləcə rəhbər İlahi aləmdən süzülüb gələn xəbərləri özünə qurulan “tələ” kimi görər. Bir müddət sonra tarazlığı pozulduğu üçün əyrini doğru, doğrunu da əyri görməyə başlayar...
Böyük dayaq...
Milli kinematoqrafiyamızın unudulmaz əsərlərindən biri olan, Həbib İsmayılovun rejissorluq etdiyi, “Böyük dayaq” filmini çox insan dəfələrlə izləyib. Mirzə İbrahimovun qələmə aldığı roman əsasında çəkilib. Kinoromanda əxlaqi və tərbiyəvi məsələlər qabardılmışdır...
Filmdəki əsas qəhrəmanlardan biri də kolxoz sədri Rüstəm kişidir. Rüstəm kişi qürurlu, özünə arxayın, həm də mərd adamdır. Qürurlu olması onun fitrətindən qaynaqlanır, ona görə də digər kolxozun sədri Kələntərin yalan yerə vəd vermə təklifinə qarşı çıxır, qəbul etmir. Ətrafında da Salman, Yarməmməd personajları “fasid” halqa təşkil edir. Onlar Rüstəmin qürurunu oxşayaraq təkəbbürə çevirmişdilər. Onların qurduğu tələyə düşən Rüstəm kişi öz dediyinin doğru olduğunu düşünür, yeni və fərqli fikir ortaya qoymaq istəyən Şirzad, Maya, Kərəm kimi gənclərin təkliflərinə qarşı çıxır. Çünki Salman kimi bir neçə nəfər bir araya gəlmiş, Rüstəmin ətrafında, ondan xəbərsiz öz mənfəət çarxlarını qurmuşdular. Bunun əldən çıxmasına əngəl olmaq üçün hər cür məkrli oyuna əl atırdılar. Öz yanlışlarını da məsum insanların üzərinə ataraq qarışıqlıqdan “üzağ” çıxmağa can atırdılar. Sirr pərdəsi aralanıb, həqiqət ortaya çıxınca da Rüstəm kişini aradan götürməyə çalışırlar. (Filimdən qısa fraqment: //bit.ly/2DVeLhD)...
(Davamı var)
Mənbələr və izahat:
[1] “Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu!” (Taha surəsi 20/29-30)
[2] “Biz Onun (Allahın) elçiləri arasında fərq qoymuruq! Eşitdik və itaət etdik!” (Bəqərə surəsi 2/285)
[3] Əhzab surəsi, 33/21
[4] Mümtəhinə surəsi, 60/4.
[5] Fətanət, ağılla ağılı aşmaq deməkdir. Ona, peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq, bizim bildiyimiz mənada sadə ağıl və məntiq yürütmə deyil. Fətanət, peyğəmbərlərə xas olub, bir şey haqqında qərar verərkən ruh, qəlb, hiss və lətifələri bir araya gətirib, qərar veriləcək bir şey haqqında hökm verməkdir.
[6] Taha surəsi, 20/29-32.
[7] Naziət surəsi, 79/24.
Meneviyyat.az