Bakıda beynəlxalq neyrovaskulyar simpozium olacaq
Siyasət
205
17:50, Bu gün

Bakıda beynəlxalq neyrovaskulyar simpozium olacaq

Aprelin 18-21-də Bakıda beynəlxalq səviyyəli “Baku Neurovascular Symposium 2026 – Advanced Endovascular Treatment of Intracranial Aneurysms and Ischemic Stroke” adlı elmi-praktik tədbir keçiriləcək.

Tədbir çərçivəsində aprelin 20-də beynəlxalq simpozium və praktiki vörkşop təşkil olunacaq. Simpozium zamanı beyin anevrizmaları və işemik insultun endovaskulyar müalicəsində ən son nailiyyətlər, yeni nəsil intrasakkulyar cihazlar, müasir trombektomiya texnikaları və innovativ müalicə yanaşmaları geniş müzakirə ediləcək.

Tədbirdə Almaniyada fəaliyyət göstərən azərbaycanlı alim, neyroradioloq, tibb elmləri doktoru, professor Nuran Abdullayev, Avropanın tanınmış neyrointervensional mütəxəssisləri – professor Anastasios Mpotsaris və professor Alejandro Tomasello, eləcə də damar daxilinə yerləşdirilən stent və digər tibbi cihazların istehsalı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərin qurucuları və nümayəndələri - Sergi Lopez Garcia, Mark Vekemans və Gunther Peeters iştirak edəcəklər.

Bu barədə AZƏRTAC-a məlumat verən Nuran Abdullayev bildirib ki, Azərbaycandan olan mütəxəssislər də tədbirdə çıxış edərək öz kliniki təcrübələrini və real xəstə halları əsasında əldə olunan nəticələri təqdim edəcəklər.

Simpozium çərçivəsində aprelin 20-də praktiki təlimlər, interaktiv kliniki müzakirələr və qabaqcıl tibbi texnologiyaların tətbiqi üzrə müzakirələr aparılacaq. İştirakçılar beyin anevrizmaları, karotid stentləmə, arteriovenoz malformasiyalar və trombektomiya sahəsində real kliniki halların müzakirəsində iştirak edəcəklər.

Eyni zamanda, tədbir günlərində səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tibbi texnologiyaların Azərbaycana gətirilməsi və ölkədə neyrovaskulyar mərkəzlərin inkişafı ilə bağlı bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycanın səhiyyə sistemində yüksək ixtisaslaşmış tibbi xidmətlərin inkişafına, xüsusilə insult və beyin damar xəstəliklərinin müasir standartlara uyğun müalicəsinin təşkili istiqamətində mühüm strateji əhəmiyyət daşıyır. Tədbir, həmçinin ölkənin regional tibbi innovasiya və təlim mərkəzi kimi mövqeyinin gücləndirilməsinə xidmət edir və beynəlxalq elmi əməkdaşlığın dərinləşdirilməsinə töhfə verir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər