Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyevin təşəbbüsü ilə eyni mövzuda tədbir təşkil olundu. Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rəhimova, kollecin müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin yad edilməsi ilə başladı.
Kollecin direktoru Hicran Əyyubova mövzunun aktuallığını vurğulayaraq təşəkkürünü bildirdi. Rizvan Nəbiyev geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, Azərbaycan Vətən müharibəsində qazandığı Qələbəni diplomatik müstəvidə möhkəmləndirərək sülh gündəliyini formalaşdırıb.
Prezident İlham Əliyevin strateji baxışlarına uyğun olaraq fomalaşdırılan sülh gündəliyi regionda sabitliyə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Deputat Azərbaycanın sülh modelinin ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn prinsiplərinə əsaslandığını vurğuladı. O, Azərbaycanın geostrateji mövqeyi, resursları və nəqliyyat-logistika layihələri vasitəsilə regionda sabitləşdirici rol oynadığını qeyd etdi. Zəfərdən sonra yeni əməkdaşlıq imkanlarının yarandığı və bu çərçivədə tərəfdaşlıqların gücləndirildiyi bildirildi.
Çıxışda 2023-cü ildə suverenliyin tam bərpasının Ermənistanla sülh danışıqlarında irəliləyişə şərait yaratdığı qeyd olundu. ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq, o cümlədən beynəlxalq platformalardakı fəaliyyətlər bu prosesdə mühüm rol oynayır. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtəsi oldu. Görüşlər zamanı cənab Prezident vurğuladı ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Artıq xalqımız sülh şəraitində yaşayır və bu, həm siyasi, həm də iqtisadi sahədə öz müsbət nəticələrini göstərir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində sülh və təhlükəsizlik əsas prioritetlərdən biri kimi qarşıda durur. Həmçinin, cari ilin martında strateji tərəfdaşlıq münasibətləri yaradılan Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq perspektivləri vurğulandı.
Abbas Əliyev Azərbaycanın sülh gündəliyinin regionda yeni əməkdaşlıq mühiti yaratdığını bildirərək, davamlı sülh üçün qarşılıqlı etimadın vacibliyini qeyd etdi.
Gülnar Rəhimova Prezident İlham Əliyevin siyasətinin yeni geosiyasi reallıqlar formalaşdırdığını, azad olunmuş ərazilərdə bərpa işlərinin aparıldığını və məcburi köçkünlərin qayıdışının təmin edildiyini dedi. O, gənclərin sülh ideyalarının gələcək nəsillərə ötürülməsində rolunu da vurğuladı.
Tədbirin sonunda millət vəkili Rizvan Nəbiyev tələbələrin çoxsaylı suallarını cavablandırdı.


Pərvin Şakirqızı