“Əsas problem strateji düşüncə çatışmazlığı, riskdən qorxan idarəetmə, uzunmüddətli planlamanın olmaması idi. Yəni, biz bu ideyanı reallaşdıra bilmədik, çünki ETN strateji düşüncəyə sahib deyildi...”
“Əgər 20-ci əsrdə universitetlər millət qururdusa, 21-ci əsrdə rəqəmsal universitetlər sivilizasiya qurur...”
“Tarixdə bəzi ideyalar var ki, onlar reallaşmadığı üçün yox, vaxtında düzgün başa düşülmədiyi üçün dəyər qazanır. “Virtual Turan Universiteti” (VTU) ideyası da məhz bu qəbildəndir... Amma fərq var idi: qərb platformaları bazar üçündür, “Virtual Turan Universiteti” isə sivilizasiya üçün idi...”
“Tarix göstərir ki, Avropa Birliyi “Erasmus” proqramı ilə inteqrasiya etdi, ABŞ universitet sistemi ilə qlobal təsir qurdu, Çin təhsil və texnologiya ilə gücləndi. Bu fakt göstərir ki, təhsil sadəcə sosial sahə deyil, mühüm geo-siyasi alətdir...”
“Bu layihə Azərbaycanı rəqəmsal təhsil habına çevirər, Türk dünyasında ilk işlək model yaranar, qlobal platformalara alternativ formalaşar. Əgər Azərbaycan bu layihəni uğurla həyata keçirsə, o, sadəcə istifadəçi ölkə yox, rəqəmsal sivilizasiya qurucusu ola bilər...”
Moderator.az yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası zəruridir” başlıqlı növbəti analitik məqaləsinin II hissəsini dəyərli oxucuların müzakirəsinə buraxır:
TÜRKDİLLİ ÖLKƏLƏRİN VAHİD RƏQƏMSAL UNİVERSİTETİ (TRU)
Türk dünyası üçün rəqəmsal sivilizasiya modelinin təhsil seqmentində proyeksiyası olan konkret reallaşdırılmasıdır. Məqsəd — parçalanmış təhsil bazarını vahid, ölçülə bilən keyfiyyət standartları və ortaq texnoloji infrastruktur üzərində birləşdirməkdir. Təklif edilən TRU layihəsinin bəzi məqamlarını qeyd etmək istəyirik.
Layihə ideyası və əsaslandırılması:
Klassik universitet modeli fiziki kampus, lokal kurikulum, məhdud miqyas formatındadır. Rəqəmsal dövrdə isə bilik sərhədsizdir, tələbə mobil və fərdiləşmiş öyrənmə istəyir, əmək bazarı dinamikdir. Bu reallıqda TRU “Universitet yox, platforma + ekosistem” modelidir. Bu yanaşma Samuel P. Hantinqtonun sivilizasiya çərçivəsini təhsil üzərindən inteqrasiya edən mexanizmdir.
Missiya və strateji məqsədlər...
Missiya türkdilli ölkələr üçün vahid təhsil məkanı, ortaq bilik bazası, rəqəmsal insan kapitalı sistemi yaratmaqdır.
Strateji məqsədlər: təhsilin inteqrasiyası (ortaq diplom və kredit sistemi), keyfiyyətin standartlaşdırılması (vahid akkreditasiya mexanizmi), rəqəmsal suverenlik (xarici platformalardan asılılığı azaltmaq), insan kapitalının inkişafı (SI, data, mühəndislik sahələrində ixtisaslaşma).
Struktur model (Platforma arxitekturası)
-Akademik səviyyə. Bu struktur bakalavr, magistr, mikro-dərəcələr, modul əsaslı kurikulum olacaqdır. Bu zaman tələbə kursları müxtəlif ölkələrdən seçə bilir. Məsələn, Sİ kursu – Qazaxıstan, biznes kursu – Türkiyə, enerji mühəndisliyi – Azərbaycan.
-Süni intellekt səviyyəsi. Bunun funksiyaları fərdiləşmiş öyrənmə trayektoriyası, adaptiv qiymətləndirmə, SI mentor sistemi yaratmaqdır. Hədəf hər tələbəni “fərdi müəllim”lə təmin etməkdir.
-Platforma səviyyəsi. İstifadə edilən texnologiya bulud əsaslı sistem, mobil-first yanaşma, offline imkanlar (regionlar üçün) v.s. “Coursera” modelinin lokal versiyasına analoji olacaqdır.
-Data və analitika səviyyəsi. Bunun funksiya tələbə performansı, əmək bazarı ilə uyğunluq, təhsil siyasəti üçün real-time data. Bu, təhsili “ölçülə bilən sistemə” çevirir
-İdarəetmə səviyyəsi. Bunun strukturu Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində idarəetmə, akademik şura, texnoloji şuradan ibarət olmalıdır. Model isə dövlət, universitet, sənaye əməkdaşlığı kimi olacaqdır.
Təhsil modeli
-Modul əsaslı sistem (3–6 aylıq mikro-kurslar, sertifikat, diplom transformasiyası).
-“Cəmlənən diplomlar” (“Stackable degree”) modeli. Kiçik sertifikatlardan böyük diploma.
-Dual model (online və lokal praktik mərkəzlər).
-Dil siyasəti ( türk dilləri və ingilis dili, SI əsaslı real-time tərcümə.
Prioritet ixtisaslar
• Süni intellekt və data elmi
• Kibertəhlükəsizlik
• Enerji və yaşıl texnologiyalar
• Rəqəmsal iqtisadiyyat
• Təhsil texnologiyaları
İnteqrasiya modeli
Universitetlər (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və s.).
Sənaye tərəfdaşları: texnologiya şirkətləri, startaplar, dövlət qurumları.
Məqsəd təhsil, iş, innovasiya” zənciri yaratmaqdır.
Maliyyə modeli
Mənbələr:
Dövlət fondları, Beynəlxalq təşkilatlar, Özəl sektor , Freemium model (baza pulsuz, premium ödənişli)
Yol xəritəsi
1-ci mərhələ (0–2 il). Platformanın qurulması , Pilot proqramlar (SI, biznes)
2-ci mərhələ (2–5 il). Tam diplom proqramları, 100.000+ tələbə
3-cü mərhələ (5–10 il). Qlobal rəqabət, Türk dünyasının “MIT/Coursera” modeli
Risklər:
Layihənin icrasında siyasi koordinasiya problem, keyfiyyət fərqləri, texnoloji asılılıq, dil standartlaşması çətinliyi risklərin olması da mümkündür.
Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması kontekstində bu layihə sivilizasiyaların toqquşmasına cavab deyil, sivilizasiyanın rəqəmsal reinteqrasiyasıdır. Əgər 20-ci əsrdə universitetlər millət qururdusa, 21-ci əsrdə rəqəmsal universitetlər sivilizasiya qurur...
“Türkdilli ölkələrin vahid rəqəmsal universiteti” təşəbbüsünün Azərbaycan üzrə pilot tətbiq planına diqqət edək. Layihənin məqsədi 24 ay ərzində işlək, ölçülə bilən nəticələr verən və regional miqyaslanmaya hazır rəqəmsal universitet nüvəsi qurmaqdır.
VİRTUAL TURAN UNİVERSİTETİ
İTİRİLMİŞ STRATEJİ FÜRSƏT, YOXSA HƏLƏ DƏ REALLAŞA BİLƏN SİVİLİZASİYA LAYİHƏSİ?..
Bir ideyanın taleyi və gecikmiş sual:
Tarixdə bəzi ideyalar var ki, onlar reallaşmadığı üçün yox, vaxtında düzgün başa düşülmədiyi üçün dəyər qazanır. “Virtual Turan Universiteti” (VTU) ideyası da məhz bu qəbildəndir. Təxminən 20 il əvvəl tərəfimizdən irəli sürülmüş bu təşəbbüs zahirdə distant təhsil layihəsi kimi görünsə də, bu ideya mahiyyət etibarilə Türk dünyasının erkən rəqəmsal inteqrasiya modeli idi. İdeyanın məğzi sadə, amma strateji baxımdan son dərəcə dərin idi: türkdilli ölkələrin gəncləri üçün vahid platforma yaratmaq, ortaq dil, ortaq kurikulum və ortaq təhsil məkanı formalaşdırmaq. Bu, sadəcə təhsil layihəsi deyildi. Bu, əslində “Təhsildə birlik olmadan, sivilizasiyada birlik mümkün deyil” Tezisinin praktik ifadəsi idi. Təəssüf ki, o vaxt bu ideya dəstəklənmədi. Nəticədə, bir layihə deyil, bəlkə də ciddi bir inkişaf fürsəti itirildi. Bu məqalədə həmin ideyanı romantik nostalji kimi deyil, analitik və tənqidi baxışla araşdırırıq:
• Nə üçün bu layihə baş tutmadı?
• Bu ideya həqiqətənmi strateji əhəmiyyət daşıyırdı?
• Bu gün üçün hələ də aktualdırmı?
Problemin kökü nədir? Biz ideyalara niyə vaxtında dəyər vermirik? “Virtual Turan Universiteti”nin reallaşmaması təsadüfi hadisə deyil. Bu, daha dərin bir sistem probleminin göstəricisidir. Post-sovet məkanında qərarvermə sistemlərinin əsas xüsusiyyətləri qısamüddətli düşüncə, innovasiyaya ehtiyatlı yanaşma, strateji vizyon çatışmazlığı. Belə mühitdə gələcəyə yönəlmiş ideyalar çox vaxt “real deyil”, “vaxtı deyil” kimi qiymətləndirilir. Problem nədə idi, ideyada, yoxsa onu qiymətləndirən sistemdə? Çox güman ki, problem məmur səriştəsizliyində idi...
20 il əvvəl təklif edilən model nə qədər qabaqcıl idi? İdeyanın strukturuna diqqətlə baxdıqda onun nə qədər qabaqcıl olduğu aydın görünür. Ideya vahid distant təhsil platforması, türkdilli ölkələr üçün ortaq akademik məkan, ortaq dil (Azərbaycan dili təklifi), inteqrasiya olunmuş insan kapitalını nəzərdə tuturdu. Bu model faktiki olaraq bu gün mövcud olan “Coursera”, “edX”, “Khan Academy” kimi platformaların prinsiplərini əvvəlcədən ehtiva edirdi. Amma fərq var idi: qərb platformaları bazar üçündür, “Virtual Turan Universiteti” isə sivilizasiya üçün idi...
Amma bu ideyaya dəyər verilməsə də, hər keçən il 200.000 vətəndaşın “Coursera”-da onlayn təhsil almasına milyonlarla dollar israf edilir. Amma bu pula “Virtual Turan Universiteti” layihəsi reallaşa bilərdi.
Təhsil inteqrasiyanın mərkəzidir, yoxsa unudulmuş sahədir? Türk dünyasında inteqrasiya çox vaxt aşağıdakı sahələrdə müzakirə olunur iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat. Amma ən vacib sahə – təhsil – ikinci planda qalır. Halbuki tarix göstərir ki, Avropa Birliyi “Erasmus” proqramı ilə inteqrasiya etdi, ABŞ universitet sistemi ilə qlobal təsir qurdu, Çin təhsil və texnologiya ilə gücləndi. Bu fakt göstərir ki, təhsil sadəcə sosial sahə deyil, mühüm geo-siyasi alətdir.
Rəqəmsal sivilizasiya və yeni reallıq:
XXI əsrdə Samuel P. Hantinqton tərəfindən irəli sürülmüş sivilizasiya nəzəriyyəsi yeni mərhələyə keçib. Artıq din deyil, alqoritm, ideologiya deyil, data, institut deyil, platforma sivilizasiyanın əsasını təşkil edir. Bu kontekstdə “Virtual Turan Universiteti” ideyası göründüyü kimi sadə bir layihə deyildi, rəqəmsal sivilizasiya quruculuğu cəhdi idi, təəssüf ki, məmular bunu anlamadılar.
İtirilmiş imkan nələri dəyişə bilərdi? Əgər bu layihə vaxtında həyata keçirilsəydi, bir sıra lazımlı nəticələr mümkün olardı:
• Vahid insan kapitalı formalaşa bilərdi. Türk dünyasında ortaq düşüncə sistemi formalaşardı.
• Dil inteqrasiyası edə bilərdi. Ortaq akademik dil yaranardı.
• Elmi əməkdaşlıq yaranardı. Universitetlər arasında real şəbəkə qurulardı.
• Geo-siyasi təsir. Türk dünyası ayrıca sivilizasiya aktoruna çevrilə bilərdi.
Bu nəticələr təsadüfi deyil. Onlar bir-biri ilə əlaqəli sistemin hissələridir.
Tənqidi baxış: ideyanın zəif tərəfləri varmı?
Analitik yanaşma yalnız tərifdən ibarət olmamalıdır. Bu ideyanın zəif tərəfləri də var idi. Məsələn:
• Dil məsələsi. Azərbaycan dilinin “ortaq dil” kimi təklif olunması praktik müqavimət yarada bilərdi.
• İnfrastruktur problem. 2000-ci illərdə texnoloji imkanlar məhdud idi.
• Siyasi koordinasiya. Türkdilli dövlətlər arasında koordinasiya zəif idi.
• İdarəetmə modeli. Layihənin hansı struktur tərəfindən idarə olunacağı qeyri-müəyyən idi.
Əsas problem ideya yox, sistem idi. Bu zəifliklərə baxmayaraq, əsas problem ideyada deyildi. Əsas problem strateji düşüncə çatışmazlığı, riskdən qorxan idarəetmə, uzunmüddətli planlamanın olmaması idi. Yəni, biz bu ideyanı reallaşdıra bilmədik, çünki ETN strateji düşüncəyə sahib deyildi...
Bu gün vəziyyət dəyişibmi? 20 il sonra ümumi vəziyyət müəyyən qədər dəyişib. Belə ki, internet geniş yayılıb, SI inkişaf edib, platformalar dominantdır. Amma əsas problem qalır, məmurların təhsilə strateji baxışı, peşəkarlığı, məsuliyyəti yenə də zəifdir. Bu isə daha təhlükəlidir. Çünki bu gecikmə adi gecikmə deyil, bu sivilizasiya inkişafından geri qalma deməkdir...
Yeni kontekstdə “Rəqəmsal Turan Universiteti” modeli. Bu gün “Virtual Turan Universiteti” ideyası daha geniş formada düşünülməlidir.
Rəqəmsal Turan ekosistemi. Bu model aşağıdakı komponentləri əhatə etməlidir:
• . Startap və texnoloji system. Rəqəmsal universitet. SI əsaslı, modul təhsil.
• Data infrastrukturu. Regional serverlər.
• Süni intellect. Türk dillərində modellər.
• Platforma iqtisadiyyatı
Ən mühüm məsələ insan kapitalıdır. Heç bir sivilizasiya insan kapitalı olmadan qurulmur. “Virtual Turan Universiteti”nin əsas gücü bunda idi. Bu layihə proqram yox, platforma yox, müasir insan kapitalı yarada bilən sistem idi.
İtirilmiş şans, yoxsa gecikmiş başlanğıc? Bu ideya iki cür qiymətləndirilə bilər: itirilmiş şans, artıq gecdir və ya gecikmiş başlanğıc, hələ mümkündür. Analitik yanaşma göstərir ki, ikinci variant daha realdır.
“Virtual Turan Universiteti” layihəsi vaxtında reallaşsaydı, bu gün Türk dünyası rəqəmsal sivilizasiya qurucuları sırasında ola bilərdi. Amma reallaşmaması o demək deyil ki, bu ideyanın vaxtı keçib. Əksinə — bu gün o, daha da vacibdir.
Türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi bu ölkələrin hamısının marağında idi. Bu qardaş ölkələr arasında həyatımızın bir çox sahələrində münasibətlərin daha da inkişaf etdirilməsində fundament olan ortaq təhsil platformasının yaradılması demək idi. Çünki, "türk xalqlarının dildə bir, əməldə bir, fikirdə bir" olması üçün onların "təhsildə bir" olması zəruridir. Bu layihə Azərbaycanı rəqəmsal təhsil habına çevirər, Türk dünyasında ilk işlək model yaranar, qlobal platformalara alternativ formalaşar. Əgər Azərbaycan bu layihəni uğurla həyata keçirsə, o, sadəcə istifadəçi ölkə yox, rəqəmsal sivilizasiya qurucusu ola bilər.
Biz bu ideyanı ETN yenə də görməməzlikdən gələcək, yoxsa nəhayət həyata keçirəcək?
Dosent İlham Əhmədov"