“Məmməd Arazın həmin şeirinə görə cibimə üç yüz dollar qoydular...”
5342
14 Oct 2021 | 13:28

“Məmməd Arazın həmin şeirinə görə cibimə üç yüz dollar qoydular...”

"Məmməd Araz mənim bədii qiraət sənətimdə ən öncül yerlərdən birini tutub. Bu millət, bu xalq eləcə sənətindən bəhrələndiyim Mikayıl Mirzəni də, məni də Məmməd Araz poeziyasının vurğunları hesab edirlər. Mənim ifamda onun çoxlu şeirləri var”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ağalar Bayramov Xalq şairi Məmməd Araz yaradıcılığı haqda danışarkən deyib. 
 
“Bunlar “Dünya düzəlmir ki, düzəlmir, baba”, “Mən belə dünyanın nəyindən küsüm”, “Tanrım, məni məndən qoru bu yaşda”, “Ya rəbbim, bu dünya sən quran deyil”, “Mehmanxana xidmətçisi”, “Altı qızın biri Pəri”, “Tarixçi alimə”, “Şanapipik”, “Nə ola, ola”, “Olarmış”, “Ağlayırsan sağlığında ağla sən”, “Yol ayrıcında söhbət”, “Çıxıb getmək istəyirəm”, “Sınma”, “El üçün ağlayan”, “Ağlama qorxuram göz yaşlarından”, “Ulu Şahım qılıncına söykənim”, “Məndən ötdü”, “Ayağa dur, Azərbaycan!” şeirləridir. Bu şeirlərin hamısı mənim repertuarımdadır. Keçən onilliklər ərzində məni tək dəfələrlə səhnəyə dəvət ediblər və  universitetlərdə, müxtəlif yerlərdə saatlarla Məmməd Araz poeziyasından danışmışam. 
 
1991-ci ilin bu günü Abbas Mirzə Şərifzadə adına Aktyor Evində Məmməd Arazın ad günüylə bağlı veriliş çəkirdilər. O, verilişi çəkən də AzTV-də işləyən adaşım Ağalar Mirzə idi. Məmməd Araz Türkiyədən təzə qayıtmışdı. Orda minacat yarışında birinci yeri tutmuşdu və ən ali mükafata layiq görülmüşdü. O şeir “Ya rəbbim, bu dünya sən quran deyil” adlı şeiri idi. Onu ilk dəfə mən həmin çəkiliş zamanı səsləndirdim. Daha sonra o şeir efirdə də getdi. Ondan sonra hansı məclisə gedirdimsə, insanlar o şeiri istəyirdilər. Şeir dillər əzbəri oldu. Daha sonra Mikayıl Mirzə onu verilişdə təqdim etdi. 
 
Məmməd Araz sözlə zarafat etmirdi, sözün ətəyindən tuturdu, ayağına gedirdi. Mənim yaradıcılığımda onun poetik nümunələri çox böyük rol oynayıb. Onun evinə çox gedib-gəlmişəm. Həyat yoldaşı rəhmətlik Gülxanım xanım deyirdi ki, “əmin təzə şeir yazıb, gəl”. Gedib oturub saatlarla söhbət edirdik. 
 
 
1991-ci ildə Gəncədə bir toyu idarə etməyə getmişdim. Məclisdə bir nəfər məni yanına çağırıb cibimə də üç yüz dollar pul qoyub xahiş etdi ki, Məmməd Arazın “Ya rəbbim, bu dünya sən quran deyil” şeirini oxuyum. O şeiri oxuyanda toyda iştirak edən beş yüz nəfər insanın coşqusunu kaş görəydiniz. Ordan qayıdıb gələndən sonra Məmməd Araza tez-tez baş çəkirdim. Bir gün bir konyak və şokolad alıb onlara getdim. Məmməd Araz o qədər gözü, könlü tox adam idi ki, deyirdi bunları niyə gətirmisən? Deyirdim ki, ay evi tikilmişin oğlu, bu sənin pulundu. Məmməd Araz da gülürdü. Dedi ki, “şeiri yazmaq azdı, əsas onu çatdırmaqdır”. Bu sözlərdən sonra kövrəlib boynuna sarıldım. Biz onunla çox yaxın olmuşuq. Hansı tədbirə gedirdisə, deyirdi ki, mütləq orda Ağalar olsun. Onun olduğu məclisdə mən və Mikayıl Mirzə həmişə olurduq. 
 
“Tanrım, məni məndən qoru" şeiri belə idi:
 
“Tanrım, məni məndən qoru bu yaşda:
Hər döngəyə döndərməyim döngəmi,
Boyaqçıdan borc almayım rəngimi,
Zurnaçıya pay verməyim cəngimi...
İnsana yad insanlığım göyərsə,
Yaxşı şumda yamanlığım göyərsə,
Köhnə-kösöy şeytanlığım göyərsə,
Tanrım, məni məndən qoru bu yaşda.
Döyülməkdən əyilməyim qorxulu,
Bir qədəhdə əriməyim qorxulu,
Bir ipliyə əyrilməyim qorxulu,
Tanrım, məni məndən qoru bu yaşda.
Ağıla hay ulduz axdı, ay axdı,
Ağılsız baş gödənçiyə ayaqdı.
Bədəməl də ha çeynədi, ha yaxdı,
Tanrım, məni məndən qoru bu yaşda.
Bu dəyirman: nahaqqı dən, haqqı dən,
Bölən böldü: nahaqqı tən, haqqı tən,
Nahaqqa tən olan yerdə haqq itən...
Tanrım, məni məndən qoru bu yaşda.
Birdən qəfil yada gəlsə: Dahilik!
İçimdən bir səda gəlsə: Dahilik!
Vay odu ki, əda gəlsə: Dahilik!
Tanrım, məni məndən qoru bu yaşda.
Birdən çaşam; "yeni dəbdi" - desələr,
Hırıltıya: "nə qəh-qəhdi" - desələr,
Qırıltıya "nə cəh-cəhdi" - desələr...
Tanrım, məni məndən qoru bu yaşda.
Tapqır bildim, quşqun bildim yaltağı,
Alçağa da alçalan gör alçağı.
Ağlamalı bir məqamdı çal-çağır!..
Tanrım, məni məndən qoru bu yaşda...
Bəla budur: dəmli ola bu dəsgah,
Sonra ipək mənni ola bu dəsgah,
Sonra məzar yönlü ola bu dəsgah...
Tanrım, məni məndən qoru bu yaşda”. 
 
Bu şeiri deməkdə məqsədim odur ki, bu dünyada ən çətin şey yaxşılıq etmək və bir də qürurunu, ləyaqətini qorumaqdır. Elə situasiyalar olur ki, bu şeiri xatırlayıb deyirəm ki, Ağalar, alçalma, sənin bu yaşda kiminsə qarşısında alçalan vaxtın deyil. Məmməd Araz poeziyası həyata mədəsinin gözüylə baxanlar üçün deyil, bu dünyaya bəsirət gözüylə baxanlar üçündür. Onun poeziyası mənim üçün bir örnəkdir. Vətənə, xalqa, dövlətə, insanlığa sevgidir. Hər şey onun poeziyasında toplaşıb. Mən ali məktəb qurtarmışam, amma onun poeziyasını öyrənməklə elə bilirəm ki, akademiya qurtarmışam. Onun ruhuna qurban olum, ruhu qarşısında baş əyirəm. Allah onu qəni-qəni rəhmət eləsin”. 
 
Qeyd edək ki, bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür. 
 
Vasif Əlihüseyn
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər