Dünyanın aparıcı şirkətləri Bakıda Beynəlxalq Müdafiə Sərgisində bir araya gələcək - TƏHLİL
Hərb
3469
10 Jul 2021 | 09:48

Dünyanın aparıcı şirkətləri Bakıda Beynəlxalq Müdafiə Sərgisində bir araya gələcək - TƏHLİL

2022-ci ildə Azərbaycanda 4-cü dəfə ADEX-2022 beyəlxalq müdafiə sərgisi keçiriləcək. 2018-ci ildə keçirilən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Ukrayna, Belarus, Pakistan, Çin, İran və s. kimi dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak etmişdi. İştirak edən dövlətlərdən 11 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunurdular. Vətən Müharibəsindən sonrakı dövrdə keçirilən ilk sərgidə Azərbaycan və Türkiyə ilə bərabər bir çox ölkələrin məşhur müdafiə sənayesi şirkətlərini və onların yeni məhsullarını müşahidə edə biləcəyik. Qısaca olaraq gələcək sərgi barədə gözləntilərimizi oxucularla paylaşaq.
 
Azərbaycan
Müdafiə Sənayesi Nazirliyi
 
Azərbaycanı ən geniş şəkildə təbii ki, sərginin təşkilatçısı Müdafiə Sənayesi Nazirliyi təqdim edəcək. Azərbaycan hərbi sənaye müəssisələri sərgidə zirehli personal daşıyıcılarını, yeni taktiki raketlərini, aviasiya bombalarını, artilleriya vasitələrini, müxtəlif təyinatlı PUA sistemlərini, snayper tüfənglərinin, pulemyotların və atıcı silahların çoxsaylı modellərini, onların istifadə etdiyi həm NATO, həm də Sovet nümunəli döyüş sursatlarını və təlim məqsədli yeni texniki təqlid vasitələrini təqdim edəcəyi gözlənilir. 
 
Azərbaycan sənayesi 2022-ci ildə keçiriləcək 203 mm-lik ETR-M eskperimental taktiki raketinin və onun atıcı qurğusunu da təqdim edəcəyi gözlənilir. Türkiyənin ASELSAN şirkəti ilə müştərək hazırlanaraq Vətən Müharibəsində uğurla sınaqdan keçirilən 250 mm çaplı QFAB-250 LG lazer başlıqlı qəlpəli fuqas və 203 mm çaplı QFAB-50 İSAB aviasiya bombası da MSN-nin pavilyonunda yer ala bilər. İsrail şirkəti ilə birgə istehsal olunan “Pegasus 120” kravdakopterinin tədarükü barədə yeni məlumat əldə edəcəyimiz də gözlənilir.
 
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair imzalan əməkdaşlıq haqqında anlaşma memorandumu nəticəsində hazırlanan məhsulların da sərgidə təqdimatı mümkündür. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi keçən sərgidə ilk dəfə təqdim etdiyi 34 kq-lıq kütləyə və 23 mm-lik çapa malik snayper tüfənginin adına və istifadəçisinə də  bu sərgidə aydınlıq gətiriləcəyi gözlənilir. 
 
ANAMA
 
ANAMA-nın bu sərgidə Qarabağda həyata keçirdiyi humanitar minatəmizləmə əməliyyatlarında ərazini hərtərəfli skan edilməsi, məlumatları xüsusi proqram təminatı vasitəsilə analizi, ərazinin dəqiq xəritəsi hazırlanmısı və s. kimi sahələrdə əldə etdiyi təcrübəni iştirakçılarla bölüşəcəyi və bədbəxt hadisələrin qarşısının alınması üçün maarifləndirmə xarakterli yeni layihələr təqdim edəcəyi gözlənilir. 
 
VİTTA
 
Azərbaycanı təmsil edəcək şirkətlərdən biri də VİTTA Elmi-texniki şirkəti olacaq. 1991-ci ildə yaradılan və xüsusi informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi texnikanın layihələndirilməsi və istehsalı üzrə fəaliyyət güstərir. 2016-cı ildən müxtəlif sənaye sahələri üçün robotlaşdırılmış intellektual sistemlər və pilotsuz uçuş aparatlarının (PUA) istehsalına start verən VİTTA bu sərgidə  “Stellar V”, “Stellar M4” “Stellar M8” PUA-larının modernləşdirilən versiyalarını təqdim edəcəyi gözlənilir. 
 
AMEA Texnologiya Parkı
 
AMEA tərəfindən keçən sərgidə təqdim olunan məhsullar arasında uzaqdan idarəedilən “İldırım RD-10” mina partladıcı sistem, zirehli gödəkçələr, “Qızılquş 6.0”, “Qızılquş 6.5” və “Yarasa” PUA-ları və mövcud idi. Bu dəfə yəqin ki, həmin məhsulların yeni versiyaları, onların döyüş əməliyyatlarında tətbiqinə dair faktlar və məlumatlar ictimaiyyətə təqdim ediləcək. 
 
Caspian Ship Building Company
 
“Caspian Ship Building Company” (CSBC) şirkətinin bu sərgidə Xəzərin ən sürətli hücum katerlərinin bir neçə yeni konsepsiyaları ilə təmsil edilməsi gözlənilir. Həm Azərbaycanın, həm də regionun ən əhəmiyyətli oyunçularından biri olan şirkətin 75 metrə qədər istənilən gəminin istehsalını sürətli şəkildə həyata keçirmək potensialı, sərgidə şirkətin məhsullarına böyük maraq vəd edir. Xatırladıram ki, şirkət DSX-nın “Tufan” və “Şahdağ” gəmilərinin inşasını həyata keçirib.
 
Türkiyə
ASELSAN
 
ADEX-2022 Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin nəhəng şirkətləri siyahısına əvvəl olduğu kimi yenə də ASELSAN şirkəti başçılıq edəcək. On illərdir Bakıda təmsilçiliyi mövcud olan ASELSAN Azərbaycan Silahlı Qüvvələrinə rabitə vasitələri idxal edən əsas təchizatçıdır. 
Müdafiə Sənayesi Nazirliyi ilə sıx əlaqələrə malik şirkət, bir çox yerli müdafiə sənayesi  məhsullarının istehsalında yaxından əməkdaşlıq edir. İkitərəfli əməkdaşlığın gniş inkişaf perspektivləri mövcuddur. 2018-ci ildə keçirilən ADEX-2018 sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Yəqin ki, bu sərgidə şirkətin yeni avadanlıqları ilə bərabər MSN ilə imzalan sənəd nəticəsində istehsal edilən məhsulları görə biləcəyik. 
 
TUSAŞ
 
 ADEX-2022-də iştirakı gözlənilən firmalardan biri də Türkiyənin “Türk Havacılıq ve Uzay Sanayii” (TUSAŞ) kompaniyasıdır. TUSAŞ ənənvi olaraq sərgidlərdə təyyarə, pilotsuz sistemlər, helikopterlər, peyk ve digər kosmik sistemlərini təqdim edir. Şirkət ANKA PUA-larının, “Hürjet” təlim döyüş təyyarələrinin, “Hürkuş”  təlim təyyarələrinin, ATAK, və T625 “Gökbey” helikopterlərinin istehsalçısıdır. Şirkət PUA-lar üçün peyk idarəetmə sistemini tətbiq edir.  TUSAŞ AMEA və Texniki Universitetlə əməkdaşlıq edir. Keçən sərgidə şirkətin Azərbaycanda 2 min kvadrat-metrlik ərazidə hər iki ölkənin müdafiə sənayesinin imkanlarından istifadə edərək, silah sistemlərin yığılmasını, kamera sistemlərinin inteqrasiyasını və ANKA PUA-sının burada birlikdə təkmilləşdirilməsi təklifinə heç olmasa bu sərgidə müsbət cavab verilməsi də gözlənilir.  
 
ROKETSAN
 
Türkiyə bu sərgidə ən geniş şəkildə iştirak edəcək. Qardaş ölkənin Azərbaycan sərgilərində ənənəvi olaraq iştirak edən şirkətlərindən biri ROKETSAN-dır. ROKETSAN şirkətinin sərgidə aviasiya, dəniz və quru platformalarında istifadə olunan silah sistemlərini, “yer- yer” və “hava-yer” raketlərini və qanadlı raketlərini təqdim edəcəyi mümkündür. Bunların arasında Azərbaycanın silahlanmasında mövcud olan uzun mənzilli SOM qanadlı raketinin, çoxməqsədli CİRİT və UMTAŞ raketinin, həmçinin MAM ailəsinə aid sursatların yeni “T” və bəlkə də digər versiyalarının yer alacağı ehtimal olunur. 
 
Baykar Makina
 
44 günlük Müharibə zamanı dünya silah bazarını silkələyəm “Baykar Makina” şirkətinin məhsullarını ADEX-2022 sərgisində görmək hər birimizin arzusudur. Şirkətin “Bayraktar” TB2 PUA-ları və Azərbaycan Əsgərinin “Dəmir Yumruğu” dünya hərb tarixinə yeni silahlı mübarizə metodları təqdim etdi. Bəlkə də “Baykar Makina” növbəti sərgidə Azərbaycan ərazisində istehsal etdiyi məhsullarını da nümayiş etdirə bildi. Bu şirkətin iştirakı ilə bağlı məlumat vermək asan deyil, çünki digər sadalanan şirkətlər əvvəllər ADEX sərgilərində iştirak ediblər, “Baykar Makina” isə 2022-ci ildə ilk dəfə bu sərginin iştirakçısı olacaq. 
 
Ən azından şirkət sərgidə 9.9 kq-dan başlayaraq 4.5 tona qədər kütləyə malik “Bayraktar” ailəsindən bir neçəsini təqdim edəcək. Şirkətin idarəetmə kanalları sahəsində əldə etdiyi uğurlar hər birimiz üçün maraqlı olacaq.  “Uçan Balıq” barədə yeni rekordları da gözləyirik.  “Qarabağ” ordenli Selcuk və Harun Bayraktar qardaşları, işğaldan azad edilən Qarabağa həsr ediləcək ilk sərgiyə kifayət qədər ciddi silah portfeli ilə gələcəyinə şübhə etmirəm. 
 
HAVELSAN
 
Şirkətin Azərbaycanda kibermüharibə və kibertəhlükəsizliklə bağlı nəzarət / idarəetmə texnologiyaları ilə bərabər müasir paraşüt və döyüş simulyatoru ilə təmsil olunması gözlənilir. HAVELSAN şirkətinin ASELSAN-la birgə şəkildə çalışdığı MEİS hava qüvvələrinin məlumat sisteminin son versiyası da sərgidə təqdim edilə bilər. Əvvəllər əməkdaşlığa bəzən maneə yaradan proqram təminatı ilə bağlı problemlərin artıq həll olunduğuna da ümid edirik.
 
STM
 
ADEX-2022 Beynəlxalq Müdafiə Sərgisində iştirak edən STM (Savunma Teknolojileri Mühendisliyi) şirkəti Azərbaycanda hərbi gəmilərinin maketlərini, sürü şəklində fəaliyyət göstərən kvadrakopter tipli və sabit qanadlı dron aparatlarını nümayiş etdirəcəyi gözlənilir. 
 
TAİS
 
“TAIS Shipyards” konsorsiumu da Azərbaycanda keçirilən sərgidə iştirak edəcəyi gözlənilir. TAIS Türkiyə daxilində Hərbi Dəniz Qüvvələri Komandanlığına gəmi inşa edən beş tərsanənin beynəlxalq bazarda daha rəqabətli və effektiv fəaliyyətinin təşkili məqsədilə yaradılan bir firmadır. Azərbaycanın da yeni hərbi dəniz vasitələrinə artan tələbatı fonunda desant gəmiləri, kiçik və sürətli patrul qayıqları, yedək və xilasetmə məqsədli gəmilər istehsal edən nəhəng şirkətin Azərbaycana gəlməsi hər iki qardaş ölkə üçün faydalı ola bilər. 
 
Karel
 
“Karel” şirkəti  əsasən rabitə sistemlərinin modernləşdirilməsi ilə məşğuldur. Şirkət hərbi məsələlərdə Azərbaycanla əməkdaşlığını ASELSAN şirkəti ilə birlikdə həyata keçirir. Şirkətin sərgidə gəmi və kreyserlər üçün müharibə, yanğın, sualtı qarşıdurma, ümumi xəbərdarlıq və s. kimi siqnalları özündə birləşdirən SOS (həyəcan-anons) sistemlərini təqdim edəcəyi gözlənilir. 2017-ci ildə şirkətin Azərbaycana ASELSAN üzərindən tədarük etdiyi taktiki səhra stansiyaları həm yerüstü, həm də hava döyüş əməliyyatlarının rabitə təminatında mühüm rol oynayıb. 
 
Kale Grubu
 
“Kale Grubu” 65 illik təcrübə ilə Azərbaycan, Gürcüstan, Rusiya və Orta Asiyanın türk respublikaları ilə yaxın əməkdaşlığa üstünlük verir. “Kale Grubu” Türkiyədə müdafiə, aviasiya, kimya, elektrik ləvazimatları, enerji, mədənçilik, daşınma sektorlarında investisiya layihələri həyata keçirən azsaylı sənaye nəhənglərindən biridir. Şirkət Türkiyə milli müdafiə və aviasiya ehtiyaclarını qarşılamaq üçün təkmilləşdirməsini və istehsalını həyata keçirdiyi yeni məhsulları Azərbaycanda təqdim edəcəyi gözlənilir. 
 
İsrail
Elbit Systems
 
İsraildə ən iri özəl müdafiə konserni  olan “Elbit Systems” uzun illərdir ki, Azərbaycanla müdafiə sənayesi sahəsi ilə bağlı ciddi layihələr, o cümlədən, müdafiə təyinatlı obyeklətin inşasını həyata keçirir. Şirkət Azərbaycanda müxtəlif növ silah və sursatın hazırlanması və modernləşməsi ilə məşğul olur. Bura həmçinin PUA, avionika, radiolokasiya, artilleriya sursatlarının və raketlərin hədəflərə  yönəldilməsi sistemləri daxildir. Şirkət həmçinin yeni nəsil Avropa qırıcısının yaradılması və kosmik kəşfiyyat peyklərinin hazırlanmasında iştirak edir. Azərbaycan “Elbit Systems” şirkətindən əldə etdiyi “SkyStriker” kamikadze tipli və “Hermes” pilotsuz uçuş aparatlarını 44 günlük Vətən Müharibəsində uğurla tətbiq edib. Şirkət bu dəfə Bakıda nəzarət, idarəetmə, kommunikasiya, kompüter, müşahidə və kəşfiyyat (C4ISR) mərkəzli yeni avadanlıqlarını, elektron optik vasitələrini, sərhəd təhlükəsizliyi sistemlərimi və radioelektron mübarizə qurğularını, DNTSS termal gecəgörmə sistemlərini və s. kimi müxtəlif müdafiə təyinatlı məhsullarını təqdim edəcəyi gözlənilir.  
 
Rafael
 
İsrailin “Rafael” şirkəti Azərbaycand keçirilən müdafiə sənayesi sərgilərinin ən aktiv iştirakçılarından biridir. Dövlət şikəti olaraq “Rafael” Bakıda ən müasir idarəolunan raket komplekslərini və onların sursatlarını təqdim edəcək. Azərbaycan hazırda şirkətin suda, quruda və havada tətbiq edilən müasir silah sistemlərinin operatorudur. 2016 və 2020-ci ildə aparılan döyüş əməliyyatlarından hamımıza yaxşı tanış olan “Spike” TƏİRK-də “Rafael” məhsuludur. Sirkətin əsas inkişafistiqaməti müasir kommunikasiya sistemlərinin tətbiqindən ibarətdir. Şirkət Azərbaycana yebi modernizasiya edilən tank əleyhinə idarəolunan raketlər və onların atıcı qurğiuları ilə təmsil olunacağı gözlənilir. 
 
Aeronautics Group
 
İsrailin “Aeronautics Group” şirkəti Azərbaycanda keçirilən sərgilərin ənənəvi iştirakçılarındandır. Dünyanın 50-yə qədər ölkəsinin müxtəlif güc strukturlarında PUA ixrac edən şirkətin müxtəlif təyinatlı məhsulları, məsələn “Orbiter” və “Aerostar” ailəsinin istehsal prosesi Azərbaycanda təşkil edilib və hazırda yerli şirkətlərtərəfindən əməkdaşlıq davam etdirilir. Silahlı Qüvvələrimiz bu PUA-lardan döyüş əməliyyatlarında uğurla istifadə edib, təlimlərdə tətbiqi isə davam edir. Sərgidə “Orbiter” və “Peqasus” ailəsinin modernləşdirilən versiyasını, bəlkə də yeni üzvlərini nümaiyiş etdirilməsi mümündür. 
 
İtaliya
Leonardo
 
“Leonardo” şirkəti ADEX sərgisinin davamlı iştirakçılarından olandır. Şirkət çoxşaxəli fəaliyyət proqramına malikdir. Əsasən təyyarə, helikopter, elektron avadanlıqlar istehsal edir. Azərbaycanla “Leonardo” şirkəti asındakı əməkdaşlıq əsasən M-346 təlim döyüş təyyarələrinin alınması ilə bağlıdır. Azərbaycanlı pilotlar iki dəfə İtaliyanın cənubundakı aviabazada bu təyyarələri sınaqdan da keçiriblər. Azərbaycanın “Leonardo” şirkətindən 10 ədəd  M-346 markalı “Səma Ferrarisi” aldığı barədə məlumatlar mətbuatda geniş yayılıb. Bu sərgidə konkret müqavilənin konkret detallarına aydınlıq gətirilə bilər. Ümumilikdə “Leonardo” şirkəti Azərbaycanın güc strukturları ilə əməkdaşlığı  genişləndirilməkdə maraqlıdır. 
 
Belarus
 
Azərbaycanla müdafiə sənayesi sahəsinə ən sıx əməkdaşlıq edən ölkələrdən biri olan Belarus şirkətləri bu dəfə Azərbaycana döyüş tapşırıqlarını uzaqdan yerinə yetirməyə imkan verən robot kompleksi, kəşfiyyat, rabitə və avtomatlaşdırma vasitələri, uzaq mənzilli reaktiv yaylım atəş sisemini və onların modifikasiya edilmiş raketlərini, HHM kompleksini və digər müasir silah sistemlərini nümayiş etdirməsi mümkündür. 
 
Nəticə
 
İstənilən halda Azərbaycanın Vətən Müharibəsində qazandığı Qələbədən sonra dünyanın aparıcı şirkətlərini Bakıda keçirilən Beynəlxalq Müdafiə Sərgisində bir araya toplaması möhtəşəm bir hadisədir. Sərgidə yuxarıda sadalanan ölkələrdən başqa Ukrayna, Qazaxstan, Çin, Pakistan, Bolqarıstan, Macarıstan, İran, Rusiya və s. də geniş təmsil olunacağı gözlənilir. Sərgiyə qalib ölkə kimi hazırlaşan Azərbaycanın müdafiə sənayesi nazirliyinin və özəl şirkətlərin üzərinə böyük məsuliyyət düşür. Bu sərgidə müdafiə sənayemiz Azərbaycan 5-ci nəsil müharibənin müəllifi kimi müharibənin taleyini həll edən yeni məhsulları ilə çıxış etməlidir. Artıq 60 – 70 il əvvəl istehsal edilən silah, patron və mərmi istehsalı ilə dünyanı təəccübləndirmək çətindir. 21-ci əsr müharibəsi texnologiya, süni zəka və idarəolunan silah sistemləri əsridir. Bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, zərurət yarandığında isə tərəfdaş ölkələrin, məsələ Türkiyənin təcrübəsindən yararlanmaqla koordinasiyanın həyata keçirilməsi mümkündür. Sərgidə Qarabağda istehsal edilən hərbi təyinatlı məhsulların nümayişi isə xüsusi rəmzi məna daşıya bilər. 
 
Fasiləsiz bahalaşan və riskli aviasiyanın resurslarını qorumaq üçün dünya silah bazarında PUA və onların istifadə etdiyi idarəolunan sursatların payı sürətlə artır.  Yaxın 10 il ərzində 11 dəfə artaraq 100 milyard dollara çatacaq PUA bazarına xüsusi diqqət yetirməli və payımıza düşəni əldə etməliyik, çünki bu istiqamətdə dövlət dəstəyi ilə istehsal sahələrmiz çoxdan yaradılıb, imkanları barədə bəyanatlar da səslənib, PUA-dan döyüşlərdə istifadə təcrübəmiz də böyükdür,  tərəfdaşlarımız isə bu sahənin ilk üç nəhəng istehsalçısı  arasındadır.    
 
Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi Qələbə və dünyada müasir silah sistemlərinə artan tələbatı nəzərə alsaq, keçirilən bu sərgi nəticə etibarı ilə ölkəmizə geniş ixrac potensialı vəd edir. Çünki həm Əsgərimizin gücü, həm də onun istifadə etdiyi müasir silah sistemləri dünyanın son 70 ildə tətbiq etdiyi hərbi əməliyyatlar konsepsiyasının altınə üstünə çevirdi. Tərbiq etdiyimiz sistemlər arasında həm özümüzün, həm Türkiyənin, həm də İsraillə birgə istehsal etdiyimiz silah və vasitələr mövcuddur. Amma kimsəyə sirr deyil ki, Müdafiə sənayesinin məhsullarının ixrac potensialı bu gün bizi qane edəcək səviyyədə deyil. Bəlkə də Qələbəyə qədər və Müharibə zamanı Silahlı Qüvvələrin təchizatını nəzərə alıb bu rəqəmə məqbul hesab edilə bilərdi. Lakin unutmayaq ki, münaqişə və bitməyən döyüş əməliyyatları nə İsrailə, nə də Türkiyəyə silah ixrac etməyə mane olmur. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan dünyada həlli mümkün görünməyən ən mürəkkəb münaqişəlrdən birini təkbaşına möhtəşəm Qələbə ilə başa vurub. Əsgərimiz Dünya divlərinin dəstəklədiyi Ermənistanı havadarları ilə bir yerdə döyüş meydanında diz çökdürüb. Deməli biz Qalib ölkə və müasir döyüş əməliyyatları konsepsiyasının müəllifi statusu ilə müdafiə sənayesi bazarında haqq etdiyimizi mütləq əldə etməliyik. Bu bizə dünya silah bazarında Vətənimizin mövqelərini möhkəmləndirməyə və sürətlə inkişaf edən texnoloji yeniliklərin tətbiqində geniş imkanlar yaradacağı şübhəsizdir. Türkiyənin bu sahədə çox qısa müddətdə əldə etdiyi uğurlar, imzalanan “Şuşa Bəyannaməsi”, dövlətimizin müdafiə sənayesinə göstərdiyi yüksək diqqət, Türkiyə və İsrail şirkətlərinin Azərbaycana verdiyi birmənalı dəstək və s. kimi faktorlar Müdafiə Sənayesi Nazirliyini yeni zirvələr fəth etməyə ruhlandırmalıdır. Bu kontekstdə özəl şirkətlər üçün münbit və sağlam rəqabət şəraitinin yaradılması, layihələr üzrə müsabiqələrin keçirilməsi, gənc və istedadlı dizaynerlərin tərəfdaş ölkələrdə yüksək ixtisas əldə etməsi və s. kimi məsələlər diqqətdə saxlanılmalıdır. Mütəxəsisslər və jurnalistlər üçün ayda və ya kvartalda bir dəfə brifinq keçirilməli, əldə olunan nailiyyətlər barədə (detalları vacib deyil) audiotoriyaya məlumat verilməlidir. Bu cəmiyyət tərəfindən də müsbət qarşılanar. 
 
Növbəti ADEX-2022 sərgisinə 1 ildən bir az artıq zaman qalıb. Hesab edirəm ki, əvvəl olduğu kimi bu dəfə də Azərbaycan qonaqlarını yüksək səviyyədə qarşılayıb yola salacaq, amma bu dəfə onları müasir, yerli və milli məhsullarla təəccübləndirmək məcburiyyətindəyik. 
 
Ədalət Verdiyev,
hərbi ekspert, xüsusi olaraq Moderator.az üçün
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər