"Hacı Qara Mirzə Fətəlidən, Məşədi İbad Üzeyir bəydən, Qurbanəli bəy Mirzə Cəlildən az məşhur deyillər"
Oxunub: 1834
09 Mar 2019 | 20:03
“İstedad Allah vergisidir” - deyirlər, ancaq bu, qəribə bir vergidir - bəzən yaratdığını öz sahibindən daha artıq məşhur edir: Don Kixot Servantesdən, Qulliver Svifdən, Robinzon Defodan, daha sadə kalibrli bir misal kimi, Şerlok Holms Konan Doyldan, yaxud da Puaro Aqata Kristidən artıq dərəcədə məşhurdur, çünki istedad bu obrazları bəşəri səviyyəyə qaldırıb, bu surətlərin bədii qüdrəti hətta müəlliflərini də ötüb, keçib. Elə bizim özümüzdə də Hacı Qara Mirzə Fətəlidən, Məşədi İbad Üzeyir bəydən, Qurbanəli bəy Mirzə Cəlildən az məşhur deyillər.

Həmişə belə olurmu? - yox, çünki istedad ilə dəb (və dəbə aludəçilik!) ayrı-ayrı anlayışlardır, hətta bir-birinə zidd qütblərdə dururlar və bu dəfə mən rəngkarlıqdan misal çəkmək istəyirəm: “Qara kvadrat” da Maleviçdən daha artıq məşhurdur (hər halda az məşhur deyil), Tretyakov muzeyinin qızıl fondundadır, onun adlı-sanlı xarici muzeylərdəki səyyar sərgilərdə nümayişi elitar-intellektual dairələrdə belə, böyük sənət hadisəsinə çevrilir, ancaq nə üçün?

“Qara kvadrat” da öz-özlüyündə sənət əsəri, hətta əsrləri adlaya biləcək şedevr hesab olunur, ancaq onun altından Maleviçin adını pozsan, kim onu bu cür qiymətləndirəcək?

Heç kim!

“Qara kvadrat”ı - kətanı qara rəngə boyamağı - birinci sinif şagirdi də bacarar.

Mən bir neçə dəfə bunun şahidi olmuşam ki, tamaşaçılar topa-topa Tretyakov qalereyasında “Qara kvadrat”ın qarşısında dayanıb, bir qismi təəccüblə, başqa bir qismi ironiya ilə, bir qismi də aşkar bir heyranlqla bu qara tabloya tamaşa edirlər.

Belə çıxır ki, müəllifin adı, nüfuzu, şöhrəti sənətin, hətta öz-özlüyündə antisənətin qiymətləndirilməsində böyük rol oynayır və burada bir cəhət var ki, həmin nüfuzu, şöhrəti müəllifə tənqid (sənətşünaslıq) gətirib - tənqid Maleviçin istedadını görüb, onun “Qara kvadrat”a qədərki və ondan sonrakı yaradıcılığını qiymətləndirməyi bacarıb ki, XX əsrin ən dəbdə olan görkəmli rəssamlarından biri kimi, onun adı, şöhrəti “Qara kvadrat”ı da dəblər aləminə çəkib aparıb.

Mən bütün bunları nə üçün yazıram? - çünki tənqid istedadı axtarmalı, tapmalı, onu qiymətləndirməyi bacarmalıdır və bu baxımdan bizim ədəbi tənqidimizə və ədəbi tənqidin əsas “məkanı” olan ədəbi prosesə nəzər saldıqda hansı fikirlər doğur, hansı mənzərənin şahidi oluruq?

Mətbuatı izləyən və ədəbi prosesin gedişatına biganə olmayan bir oxucu kimi mən, son neçə illərdə tənqidin hansısa imza ilə bağlı “ədəbi kəşfinə” rast gəlməmişəm, həm də söhbət yalnız gənclərdən getmir - ədəbi kəşf qəhrəmanı gəncliyə, yaxud da yaşlı olmağa baxmır. Bu illərin ədəbi prosesində nəzəri-estetik və bədii zövq baxımında səviyyəli məqalələr az olmayıb (hərçənd bildiyimiz kimi, səviyyəsizlər xeyli dərəcədə artıqdır), bir sıra uğurlu əsərlər tənqidin diqqət mərkəzində olub, ancaq dediyim həmin kəşf yoxdur. Nə üçün? Yəni bədii təsərrüfatda vəziyyət bu dərəcədə fərəhsizdir?

Elə bilirəm ki, belə deyil.

Misal üçün, müasir Azərbaycan poeziyasında elə mövzular aparıcı mövqelərə gəlib çıxıb ki, sosrealizm prinsipləri onları rədd edirdi, o mövzular bu prinsiplərin təbliğ və tələb etdiyi sovet ədəbiyyatının optimist mahiyyəti ilə daban-dabana ziddiyyət təşkil edirdi və həmin mövzulardan biri də sırf insani hissləri ifadə edən bəşəri kədərdir. Sosrealizm nəzəriyyəçiləri ədəbiyyatda ifadə olunan bəşəri kədəri “burjua ədəbiyyatşünaslığının termini” hesab edirdi, yəni sinfi mübarizə qalib gələrək kədəri aradan qaldırır və belə çıxırdı ki, poetik Bayron kədəri, yaxud da Lermontov kədəri “burjua ədəbiyyatşünaslığının terminidir”.

Bəli, dəb - sənətə münasibəti ucuzlaşdırır.

Cavan yazarımız Qan Turalı ədəbi-mənəvi ucuzlaşmadan şikayət edərək yazır: “Bu ucuzluqda ədəbiyyat kimin nəyinə lazımdır? Ledi Qaqanın Kafkaya qalib gəldiyi bir dünyada yaşayırıq”.

Doğrusunu deyim ki, hərdən mən də (və güman edirəm ki, mən tək deyiləm) hissə qapılıb, fikirləşirəm ki, indi ədəbiyyat kimə lazımdır və elə həmin anlarda da təsginliyi onda tapıram ki, yəqin cəhalət və nadanlığı, “naz ilə gəzən boynu kraxmallı” intiligentləri, yalançı “millət qəhrəmanlarını”, qəzetçi Rza kimi “qələm adamlarını”, qoçu əsgərləri görəndə və bu mühitdə yaşayıb-yaradan (!) Mirzə Cəlilin də, Mirzə Ələkbərin də belə düşündüyü məqamlar olub. Əslində, bu - daxili bir protestin, etirazın, bəzən hətta qəzəbin ifadəsidir və mən şübhə etmirəm ki, Qan Turalının adını və xiffətini çəkdiyi Kafka da, borclarını istəyənlərin əlindən gizlənən Balzak da, dövrün ədəbiyyatına və ümumiyyətlə, dünyanın işlərinə mənəvi etiraz kimi “Don Kixot”u yazmış Servantes də bu mənada az mənəvi sarsıntı keçirməyiblər.

“Ledi Qaqanın Kafkaya qalib gəlməsi” yalnız Azərbaycan mühitinə (o cümlədən də ədəbi prosesinə), aid bir məsələ deyil və baxın, Dağıstan şairi Məhəmməd Əhmədov da rus ədəbi mühiti ilə bağlı elə eyni sözləri yazır: “Doğrudanmı Rəsul Həmzətov kimi bir şair daha xalqa lazım deyil? Biz hara gedirik? Biz nə üçün yaşayırıq?” (“LQ”, 12 sentyabr 2018)

Bu gün Rusiyada Pelevin, yaxud Sarokin Lev Tolstoydan, yaxud da Dostoyevskidən, Qoqoldan, Turgenyevdən artıq populyardırlar, necə ki, vaxtı ilə Vladimir Benediktov Aleksandr Puşkindən daha populyar idi.

Ancaq bir məsələ var: Ledi Qaqa həqiqətən Kafkaya qalib gəlsəydi - bu, faciə olardı və ədəbiyyata da nöqtə qoyulardı - o, qalib deyil, sadəcə, bu gün Kafkadan çox populyardır və bu, faciə yox, kədərdir, qüssədir - o kədər və qüssə ki, gənc yazara həmin fikirləri və belə bir əlacsızlığı diktə edib: “Tolstoyun olmadığı dünya... İşığı azalan dünya...”

Tolstoyun olmadığı dünya, əlbəttə, kasıb dünyadı, ancaq məsələ (və təsginlik!) burasındadır ki, Tolstoyun “olduğu dünyada” da Tomas Mann yox idi, Folkner, Heminquey, Hamsun, Coys, Markes, Kavataba... yox idi, elə həmin rus ədəbiyyatında “Sakit Don” yox idi, “Ustad və Marqarita” (Bulqakov), “Həyat və tale” (Qrossman), “Özül yeri” (Platonov), “Matyora ilə vidalaşma” (Rasputin) yazılmamışdı, Nabokov və Paustovski, Svetayeva və Pasternak yox idi - mən hələ xarici ədəbiyyatı demirəm.

Ədəbiyyat, zaman sərhəddi olmayan bütün “dünyalarda” var və ədəbiyyatla onun tərəf-müqabili kimi kədər, qüssə, təəssüf də daimidir, həm də, yalnız ədəbiyyatla bağlı yox, ümumiyyətlə, mənəviyyatla bağlı, həyatla bağlı daxili protest həmin “dünyalarda” həmişəlikdir -  Nitsşenin “Allah ölüb!” - qışqırığını, çığırtısını, harayını xatırlayaq və bu nalədəki Allah, əslində, dindarlar kimi, ateistlərin də Allahıdır.

Sovet dönəmindən, yəni sosrealizm məhdudiyyətləri aradan qaldırıldıqdan sonra Azərbaycan poeziyasında yeni və çox maraqlı bir motiv - kədər mövzusu - get-gedə qabarıq şəkildə özünü göstərməkdədir və bu motiv istedadsız “ah-uflardan” fərqli olaraq (daha doğrusu, bu “ah-uflarla” eyni zamanda), həqiqi poetik özünüifadənin, bədii təfəkkürün məhsuludur, mənəvi-estetik siqlətə malikdir (mən bu barədə ayrıca yazmışdım - “Ədəbiyyat qəzeti”, 29 oktyabr 2016) - belə yazmaq kifayətdir...

Maraqlı cəhət orasındadır ki, bu kədər mövzusu XIX əsrin sonu, XX-nin əvvəllərində Avropa və rus ədəbiyyatında poeziyanın keçdiyi mərhələnin - dekadentizmin yeni təzahürü deyil (hərçənddir bizim ədəbi prosesdə mən bir-iki dəfə buna bənzər fikirə rast gəlmişəm, ancaq təkrar edirəm, bu, dekadentçilik deyil), çünki dekadent poeziyanın məğzində həyat qarşısında qorxu dururdusa (təsadüfi deyildi ki, sovet ədəbiyyatşünalığı yalnız “Həpsi rəngdir” şeirinə görə “dekadentçi şair” hesab edirdi) indiki halda biz, əslində, bu qorxuya qarşı protest kimi səslənən poetik kədərin ifadəsini görürük.   

Baxın, mətbuatdakı elə ilk yazılarından istedadı hiss olunan şairənin - Ay Bəniz Əlyarın lirik qəhrəmanı hansı bir daxili aləm çırpıntısı ilə dəruni bir qorxunu yox, məhz kədəri - bu yerdə kədər ilə tənhalıq üzvi bir vəhdətdədir - necə ifadə edir:

Bir az insanlardan qaçmaq,
Bir az özünü dinləmək...
Bir az torpağı qoxlamaq.
Getmək və
geri dönməmək...

Daha sonra:

... Bir adam həsrəti boyda 
Yolları qarğımaq bir az.
Bu yazı belə yazılıb,
Bu yazıya pozu da yox.
Bir ümidin adı yoxsa,
Demək, elə özü də yox.

Başqa bir istedadlı cavan şairənin - Günay Həsənlinin lirik qəhrəmanı: 

Hər kəsə həyat verən 
bu hava boğur məni
Gündə min yol boğulub,
Gündə min yol ölürəm. 

- deyir, onun ürəyini “toz basıb”, “içindəki ocağın tüstüsü” onu boğur.

Ancaq burası da yəqin əlamətdardır ki, tənqidimizin fərqinə varmadığı bu kədər, bu daxili sıxıntı ilə eyni zamanda, mənəvi protest kimi görünən və məncə, əslində, eyni təbiətli, eyni psixoloji mündəricatlı bir təskinlik də var.

Bu - Vaqif Bayatlı Odərin (Cəbrayılzadənin) misralarıdır: 

... dünya gözümdə söndükcə,
Sən görünürsən, İlahi! 

Bir tərəfdən dediyim o dəruni kədərin emossional çığırtısı ki, “Allah ölüb!”, o biri tərəfdən isə yenə də həmin kədərin doğurduğu: nə yaxşı ki, sən görünürsən (yəni sən varsan, “sağsan”!) İlahi”- təsginliyi.

Yenə xatırlayaq ki, ədəbiyyat canlı bir orqanizmdir və elə bil ki, o, danışdığımız konteksdə özü öz bədii diaqnozunu qoyur.  Fikrət Qocanın misralarına fikir verin, elə bil, bu misraları həqiqətən biləvasitə ədəbiyyat özü - həmin canlı orqanizm söyləyir:

Allahı bərk incitmişik,
Qəzəbi-qarğışı damır... 

Mətbuatı vərəqlədikcə, bu gün qəm, kədər, qüssə, yuxarıda dediyim kimi, şeirimizdə əsas və güclü mövzulardan birinə çevrilib, ancaq eyni zamanda, bunun o biri üzü də var: bir çox primitiv şeirlər də oxuyuruq ki, onlarda həmin qəm də, kədər, qüssə də mənəvi-poetik ehtiyacın ifadəsi deyil, bu tipli şeirlərdə bəşəri tragizmdən (Hamlet tragizmindən!), yəni hisslərin, düşüncələrin doğurduğu poetik tragizmdən əsər-əlamət də yoxdur və bu nəzmlərdəki kədər - özünühədəfdir, kədərdən yazmaq naminə yazılmış kədərdir, o mənəvi tələbatın yox, epiqonçuluğun ifadəsidir, obrazsız ah-uflardır, milyon dəfə qələmə alınmış vüsal həsrətinin, nakam məhəbbətin doğurduğu kədərdir ki, bu gün heç bir emossional təsiri yoxdur və bu cür “kədər istehsalını” oxuyandan sonra ən yaxşı halda biganə qalırıq.

Ancaq eyni zamanda, obrazlı təfəkkürün, yalançı (süni) hisslərin primitiv ifadəsi olan kədər yox, dünyanı, həyatın mənasını dərk etmək, öz eqosunun (xislətin) dərinlərinə varmaq cəhdlərinin doğurduğu həqiqi hisslərin səmimi, daxili senzurasız poetik ifadəsi olan kədər bu gün Azrbaycan poeziyasında məxsusi və qabarıq poetik istiqamət yaradıb. Bizim ədəbi tənqid isə bunu görmür və bu onun çatışmazlığıdır, yox, əgər görür, ancaq ədəbi prosesə təqdim etmirsə, bu, daha artıq bir nöqsandır. Həmin poetik istiqaməti primitiv “kədər məmulatından” ayırmaq çox incə (və mühüm!) bir məsələdir və tənqidimiz bundan sərf-nəzər edirsə, deməli, onun, yəni tənqidimizin fəhmi bu istiqamətin gələcəkdə bəlkə də milli poeziyamızın magistral yollarından birinə çevrilə biləcək ehtimalını hiss edə bilmir.

Bu ehtimalı yaradan poetik ovqatı, necə deyərlər, əyani şəkildə ifadə etmək baxımından, misal üçün, Əbülfət Mədətoğlunun (bu şairlə şəxsən tanış deyiləm, sadəcə, mətbuatda şeirlərini izləyirəm) yaradıcılığı, məncə, tutarlı bir əsas verir. Onun lirik qəhrəmanı: 

Qəmi mehdən duyuram,
Qəmi şehlə yuyuram...
Nəm çəkməklə doyuram -
Başdan bu yolu seçdim 

və yaxud: 

Bu yorulmuş ürəyimi
Dalımca sürüdüm, gəldim... 

yaxud da:
 
Su səpilmiş ocağam
Sönürəm için-için... 

- deyir və bax, bu cür insani əhval-ruhiyyənin, poetik ovqatın mahiyyəti və səbəbi zənnimcə, ədəbi tənqid üçün maraqlı təhlil mənbəyi olmalıdır.

Bu şairin lirik qəhrəmanının ifadə etdiyi kədərin bədii-estetik səviyyəsi göstərir ki, həmin qəhrəman obrazlar dünyasının sakinidir, o, özünüifadəsi ilə özünü orijinal bədii surət səviyyəsinə qaldıra bilir və çox təmtəraqlı olmasaydı deyərdim ki, oxucunun qəlbinə yol tapır.

Sən məni 
ovutmağa 
cəhd etmə... 
sən məni 
ovudanda 
daha çox ağrıyıram, 
çünki mən 
özümü 
dahadan da çox 
kədər üçün 
qoruyub saxlayıram - 
tək-tənha 
qalmasın deyə... 

Kədərin sirdaşı (dostu?!) olan bu lirik qəhrəman özü-özündən: “Mən yaşayıram yəni?” - soruşur və onun belə bir pessimist özünüifadəsinin poetik tutumu, estetik miqyası elə bir səviyyədədir ki, söhbət heç vəchlə maddidən yox, mənəvidən gedir, həmin sualın cavabını bəzi hind, yaxud da bəzi Hollivud filmlərindəki kimi, primitiv “göz yaşlarında”, yaxud dünyanın epiqonçu “faniliyində” axtarmaq tamam yanlış bir yol olardı, bu cavabı vermək ədəbi tənqidin işidir, bu lirik qəhrəmanın əhval-ruhiyyəsinin bədii-estetik diaqnozunu tənqid qoymalıdır.

Görün bu kədər sirdaşının necə anları olur:

varlığımla
           yoxluğumun 
       fərqi 
               sıfırdı
                    indiki anda. 

Və bu o anlardır ki:

Bu anlar
ruhumla cismim
itirib bir-birini...
... nə mən onu xoşbəxt etdim,
nə də ruhum məni...  

Kədər öz sirdaşının daxili aləminə elə sirayət edib ki, burada qızınmağa, hərarət hiss etməyə yer yoxdur:

göy üzü 
ələkdən keçir, 
qar dənələri 
ulduzlar kimi 
səpələnir. 
əlimi, 
üzümü 
üşüdən 
qar ulduzlar 
çəkirb aparır 
xəyalımı, fikrimi 
isti, 
mehriban, 
işıqlı ulduzlara kimi... 

Bu kədər sirdaşının düşüncələri xəyal aləmində onu “isti, mehriban, işıqlı ulduzlara kimi” apara bilir, ancaq yəqin ki, o, heç zaman həmin ulduzlara çata, orada məskunlaşa bilməyəcək, çünki “qar ulduzlar” o istinin, mehribanlığın, işığın içində əriyib yox olacaq, o “qar ulduzlar” yalnız üşütməyə qadirdir, nə olsun ki, bəlkə onların da əlçatmaz istiyə, işığa mənəvi ehtiyacı var, ancaq bu - tragik mənəvi ehtiyacdır, çünki həmin isti, həmin işıq onu elə o andaca əridib yox edəcək.

Qollarım 
ağırlıq edir 
bədənimə
çiyinlərimə
elə bil 
daş asılıb 
hər birinə 
indi 
doğma
isti bir ələ 
dəli ehtiyac var 
qaldırıb qoya 
qollarımı yerinə 

Düzdür, o, kədərin sirdaşıdır, ancaq kədər öz sirdaşını da yora bilər - olsun ki, bu, bir əlacsızlıq yorğunluğudur, ola da bilsin, ümumiyyətlə, həyatın yorğunluğu, yaşayışın mənasızlığından doğan yorğunluğudur - bunu tənqid müəyyənləşdirməlidir, bu yorğunluğun bədii-estetik ifadəsindəki emossional təsirin gücünü tənqid təhlil və izah etməlidir.

Tüpürüb getmək lazımdır,                
mənası yoxdur heç nəyin.
Allah yolun göstərməyib
heç kimə tale seçməyin. 

Kədərin doğurduğu belə bir çılğınlıqla bu lirik qəhrəman hara gedə bilər? - “tale seçmək” ki, mümkün deyil, çünki hər şeyin mənası olduğu bir məkana aparan yolun ünvanı yoxdur və o, yəni həmin lirik qəhrəman bu ünvanı ancaq təhtəl-şüur olaraq, intuitiv duya bilər:

Mən hələ də qəm çözürəm, 
çözdüyüm qəmə dözürəm, 
boyat dərdimdə bezirəm -
təzə ünvan duyan kimi... 

Və əslində, bu lirik qəhrəmanın təhtəl-şüur duyduğu “təzə ünvan” da illyüziyadan başqa bir şey deyil.

Çözülən qəm, kədər artıq “boyat dərdə” çevrilib, daha buna dözmək mümkün deyil və yəqin elə buna görə də həmin “təzə ünvan” illyüziyadır, çünki başlanğıcdan bu tərəfə real bir ünvan var. Baxaq:
 
Mənimçün ayrılmış torpaq
Yaxasını açır -   
Gedəcəm... 

Bu, o kədərdən ayrılmağın son əlacıdır, ancaq burada, məncə,  “mənimçün ayrılmış torpaq” şərti səciyyə daşıyır, yəni söhbət cismani ayrılıqdan yox, mənəvi ayrılıqdan gedir. “Cismani ayrılıq” isə, istəsək də, istəməsək də, məlum və mütləqdir:

Ehtiyatlı olun, 
Qapılar bağlanır! 
Hamı gözaltı 
Yoxlayır 
Sağın, solun... 
Tərpənir qatar 
Bir azdan 
Mənzilə çatar... 
... Platformadakı 
Sükuta qoşulanda 
Düşünürsən ki...
Bura qədərmiş yolun! 
İstər gecə olsun, 
İstərsə də gündüz, 
Hardasa, haçansa 
Qatardan düşürük biz!
Amma... 
Təzə sərnişinlərin 
Fitildəyir qatarı 
Budur həyatın axarı... 

Nəhayət, bu lirik qəhrəman kimdir, onun “kədər sirdaşı” olduğunu indiki halda, mənim timsalımda oxucu dedi, bəs, o, özü nə deyir, kimdir?  

bəlkə də mən dünyada 
şəxsi düşməni olmayan  
tək adamam... 
və bəlkə də mən 
dünyada 
öz düşmənlərinə dözən 
ən bərk adamam...  

O, görürsünüz, konkret olaraq, kim olduğunu demədi, çünki özünü “bəlkələrlə”, gümanlarla axtarır və yəqin bunu tənqid deməlidir, onun xislətini tənqid  açmalıdır və mənim fikrimcə, bu lirik qəhrəman tənqidin ciddi diqqətinə layiqdir.

Fürsətdən istifadə edib, onun özünüifadəsi ilə bağlı hərdən nəzərə çarpan məqamlara aid bir iradımı da bildirmək istəyirəm: 

Ürəyimin gözlərini 
Ürəyinə elçi saldım... 
Ürəyinin gözlərindən 
Ürəyimə imza aldım. 

Obrazlı misralardır. Sonra:

Ürəyimi açıb sərdim
Ürəyinin düz önündə... 

Bunlar da obrazlı misralardır, ancaq buradakı “ürəyimi açdım” kimi şablon bəyənat, müstəqim, birbaşa deyim bu lirik qəhrəmanın sözü akvarellə, poetik eyhamla demək bacarığı ilə heç vəchlə uzlaşmır və birdən-birə:

Ürəyimlə mən dərd dərdim
Ancaq dünya düzənində... 

Bu misralar şeirin müstəqimlikdən, birbaşalıqdan uzaq olan poetik həzinliyi ilə heç cürə uyuşmayan və bir oxucu kimi mənə emossionallığını itirmiş, yad səslənən misralar təsiri bağışladı, hətta buradakı şairanə obrazlı deyim də - “dünya düzənindən dərd dərmək” - köməyə çatmır, çünki dərddən bu cür birbaşa şikayət Əbülfət Mədətoğlunun illərdən bəri (ədəbi tənqidin isə görmədiyi) müstəqil və orijinal bir surətə çevirə bildiyi lirik qəhrəmanının daxilindəki kədərin incəliyinə, zərifliyinə doğma deyil, necə ki, başqa bir şeirində həmin qəhrəmanın: 

Çəkirəm başıma dərdi dərman tək, 
Elə bil, acıma bal qatıram, bal!.. 
Kirpiyin ucuna yapışıb qalan - 
Damladan könlümə xal salıram, xal!.. 

- kimi istedadla obrazlaşdırılmış deyimlərinə, doğrusu, mənim hayıfım gəlir, çünki buradakı patetika, dediyim həmin “dərd müstəqimliyi”, bu lirik qəhrəmanın özünüifadəsindəki akvarellə işlənmiş zəriflik əvəzinə, onun daxili aləminə yad olan qatı yağlı boyadan istifadə açıq-aşkar görünməkdədir.

Baxın, Əbülfət Mədətoğluna görə şairlik nədir (və şair kimdir):
 
şairlik əslində 
ürəyi, ruhu 
əbədi girov etməkdi... 

və onun poeziyasının bir çox nümunələri bu fikri doğruldur, çünki uğurundan, hətta uğursuzluğundan belə aslı olmayaraq, bu şair nə yazırsa, ürəklə yazır, daha doğrusu, ürəkdən yazır.

Mən bəhs etdiyim bu şeirləri əsasən son iki-üç ilin mətbuatından götürmüşəm, bu yazını işləyərkən, kitabxanadan Mədətoğlunun 2011-ci ildə çap olunmuş “Hər görüş bir ümiddi” adlı kitabını da götürüb, orada toplanmış xeyli şeirin hamısını oxudum və düzünü deyim ki, bu kitabda zəif şeir, uğursuz şeir tapmaq olar, ancaq mən süni, boğazdanyuxarı yazılmış bir şeirə belə rast gəlmədim. Orasını da qeyd edim ki, bu şairin iti uclu poetik texnikası var və o, sərbəst şeirdə də, hecada da, destruktiv şeirdə də, qoşmada da, gəraylıda da professionaldır.

Haqqında danışdığımız lirik qəhrəman ilə ruh (şairlərin “girov saxladığı” ruh!) anlayışı arasında sıxı bir bağlılıq var və mən bu fikri bir az da açıqlamaq istəyirəm. Bildiyim dərəcədə Azərbaycan, rus, türk lüğətlərində bu anlayış, yəni ruh “hiss-həyəcan”, “daxili dünya”, “psixi aləm”, “qeyri-maddi aləm”, “insanı Allahla qovuşduran qeyri-maddi varlıq” və s. mənalarda izah olunur, ancaq rəhmətlik Ağamusa Axundovun izahlı lüğətində daha orijinal və maraqlı bir anlatma var: “ruh - bədəndən çıxanda insan məhv olur” və Mədətoğlunun lirik qəhrəmanının ruhla bağlılığı elədir ki, onun kədərində oxucunun hiss etdiyi, duyduğu həmin poetik ruh olmasa, o da bir bədii surət kimi məhv olacaq.

Dediyim kitaba Nizami Cəfərov yaxşı bir ön söz yazıb və orada göstərir ki, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən (elə Nizaminin özünü də bu siyahıya əlavə edək) Əbülfət Mədətoğlu poeziyası haqqında yazıb, onun yaradıcılığını yüksək qiymətləndiriblər - bu, çox yaxşıdır və yaxınlarda mən mətbuatda bu şairin yaradıcılığı haqqında bir neçə səmimi yubiley məqalələrini (o cümlədən, Vaqif Yusiflinin, Qurban Bayramovun, Vaqif Aslanın məqalələrini) də oxudum, ancaq bütün bunlar hələ ədəbi tənqidi ehtiva etmir, halbuki bu poeziyanın bədii-estetik səviyyəsi ədəbi prosesin faktına çevrilməyə layiqdir.

Yəqin ki, kədəri ifadə etməyən (yaxud da etməmiş) poeziya mövcud deyil və mən ona görə bu şairin şeirləri üzərində dayandım ki, onun lirik qəhrəmanının timsalında yetmiş illik məcburi fasilədən - sosrealizmdən sonra folklorumuzdan, klassik poeziyamızdan axıb gələn poetik mənəvi ovqatın, poetik hissiyyatın həmahəng inkişafı kimi, poeziyamızda effektli poetik təmayülü, yaranmaqda olan müstəqil və maraqlı bir poetik qolu vaxtında görək və göstərək, tənqidimizin axtarışları, tapıntıları pauzalarla olmasın, həm də digər bədii hadisələr (əlbəttə, əgər varsa) tənqidimizin diqqətindən yayınmasın.

Başqa xarici dil bilmədiyim üçün, mən yalnız rus və türk ədəbi prosesini izləyə bilirəm və bu dəfə də rus yazıçısı Viktor Yerofeyevdən bir sitat gətirmək istəyirəm: yazır ki, “yalnız rus ədəbiyyatında deyil, ümumiyyətlə, dünya ədəbiyyatında pauzadır” (“LQ”, 11 oktyabr 2017).

Doğrusu, dünya ədəbiyyatı haqqında bu cür qətiyyətlə bir söz deyə bilmərəm, ancaq o pauza bizdə də həm bədii ədəbiyyatda, həm də ədəbi tənqiddə açıq-aşkar görünməkdədir və bəhs etdiyimiz kontekstdə tənqid, sadəcə, inertdir, onun axtarmaq, tapmaq və ədəbi prosesə təqdim etmək şövqü, ehtirası (bəlkə də həvəsi?) hiss olunmur.

Mən “bədii kəşf” dedikdə, yalnız müasirlərimizi nəzərdə tutmuram, çünki bizim yaxın keçmişimizin elə qələm sahibləri var ki, onlar nəinki tənqidin diqqətindən kənarlaşıblar, hətta unudulmaqdadırlar, halbuki onların yaradıcılığı belə bir “unutqanlığa” qətiyyən layiq deyil. Misal üçün, İsa İsmayılzadə XX əsr Azərbaycan poeziyasında görümlü yeri olan, obrazlı düşünən, bədii təxəyyülü orijinal bir şairdir və yaradıcılığının böyük dövrü sovet dönəminə təsadüf edən bu görkəmli şairin istedadı sosrealizm həmlələrinə, ideoloji təhriklərə sinə gərməyi bacardı, bu həmlə və təhrikləri, siyasi konyukturanı yaxına buraxmadı.

60-cı illərin ikinci yarısında, 70-in əvvəllərində İsanın və onunla birlikdə başqa bir görkəmli şairimizin - Ələkbər Salahzadənin poeziyası ədəbi tənqidin diqqət mərkəzində idi və ən maraqlısı, hətta əlamətdarı onda idi ki, o zamankı partiyalı tənqid bu şairləri ədəbi prosesin neqativ qəhrəmanlarına çevirmişdi. Onların sərbəstdə yazması ilə bərabər, poetik obrazlarındakı sərbəstlik, təhkiyələrinin orijinallığı, poeziyanın dili ilə bədii müqəvvanın (!) yox, canlı insanın psixologiyasını, hisslərini ifadə etməsi yalnız ayrı-ayrı tənqidçiləri yox, zövqləri “hamar estetika” ilə formalaşmış şairləri, yazıçıları da qıcıqlandırırdı və İsanı da, Ələkbəri də, onları müdafiə edənləri də həmin dövr  Mao Tzedun Çinindəki “mədəni inqilab” qəhrəmanları olan xunveybinlər (“qırmızı keşikçilər”) kimi “xunveybin” adlandırırdılar.

Zamanə dəyişdi, Çinin siyasi tarixində xunveybinlər bədnam bir şöhrət qazanaraq, tarixin çevrilmiş səhifəsində qaldılar, İsanın da, Ələkbərin də poeziyası isə - güman edirəm ki, artıq bunu söyləmək olar - zaman sınağından çıxdı, dəyişmiş antoqanist epoxaların sərhəddini adlaya bildi və bu gün ədəbi tənqidimiz bu şairlərin ədəbi prosesdə boş qalmış pozitiv mövqelərini - poetik haqlarını bərpa etsə, elə bilirəm ki, qazanmış olarıq.

“Unutqanlıq prosesi” baxımdan bizim elə XX əsr ədəbiyyatımıza nəzər salaq: misal üçün, Qantəmir (Qafur Əfəndiyev), aydın məsələdir, Mirzə Cəlil, yaxud da Əbürrəhim bəy deyil, ancaq onun hekayələri də özünəməxsus istedadlı qələmin məhsuludur və satirik nəsrimizin formalaşmasında, “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrinin davam etdirilməsində bu hekayələr də müəyyən rol oynayıb. Ancaq bu gün hətta bizim ədəbiyyatşünaslığımız da Göyçayda anadan olub, soyuq Maqadanda həlak olduğu il də dəqiq bilinməyən (üç versiya: 1938, 1944, 1948) bu yazıçını layiq olmadığı halda “unudub” - əgər səhv etmirəmsə, yalnız rəhmətlik Arif Abdullazadənin bir monoqrafiyası var idi - və Qantəmir nəinki bizim ədəbi prosesdə yoxdur, bəlkə ədəbiyyatçılar arasında da onun adını belə eşitməyənlər var.

Ədəbi prosesimizlə bağlı mən başqa bir məsələnin də üzərində qısaca dayanmaq istəyirəm ki, bu da tez-tez rast gəldiyimiz iddia böyüklüyü və həmin iddia müqabilindəki mütaliəsizlik, ən yaxşı halda isə mütaliə məhdudluğudur.

Misal kimi, ədəbi prosesimizdə tez-tez hallandırılan “magik realizmi” götürək: yeri düşdü-düşmədi, “magik realizm”dən söz salıb, şagird əzbərləməsi kimi, iki-üç yazıçının adı çəkirlər: Markes, Borxes, Kortasar... Elə ötəri nəzərdən keçirəndə, primitiv və şablon mülahizələrə görə aydınca hiss edirsən ki, yazı müəllifi bu yazıçıları heç oxumayıb da, sadəcə, dəbdən geri qalmamaq üçün onların adını çəkir, dəxli oldu, olmadı, onları nümunə gətirir.

Əlbəttə, Markesin də, Borxesin və Kortasarın da roman və hekayələri (hətta  Borxesin detektiv hekayələri belə) bəşəri miqyaslı böyük ədəbiyyat nümunələridir və xüsusən XX əsrin ikinci yarısından etibarən, “magik realizm”in dünya ədəbiyyatında aparıcı estetik istiqamətlərdən birinə çevrilməsində bu əsərlərin oynadığı rol həqiqətən böyükdür.

Ancaq sən “magik realizm”, yaxud başqa bir “izm” haqqında söz deyirsənsə, mexaniki olaraq iki-üç yazıçının adını çəkməklə heç nə əldə edə bilmirsən, çünki oxumamısan, öyrənməmisən, ancaq öyrətmək istəyirsən, bəhs etdiyin ədəbi cərəyanın təşəkkülü və təkamülündən xəbərsizsən. Bizim ədəbi prosesdə “Yüz ilin tənhalığı”nın adnı çəkməyən yoxdur (və yaxşı olardı ki, onların hamısı bu romanı həm də oxuyaydılar!), ancaq real ilə irreallığın bədii-estetik vəhdəti, dolğun koloriti baxımından “magik realizm”in digər sanballı nümunələrinin, misal üçün, “Donna Flor”un (Jorj Amadu), yaxud “Qasırğa”nın (Asturias), yaxud da başqa bir romanın adını çəkən yoxdur. Nə üçün? Çünki mövzu ilə bağlı mütaliənin ehtivası çox məhduddur. Onda sən nə üçün bu cəryan barədə yüz dəfə deyilmiş sözləri təkrar edirsən, dəbdir, ona görə?

1960-cı illərdə - Nikita Xruşşov XX partiya qurultayında Stalin şəxsiyyətinə pərəstişi ifşa edəndən (doğrudur, Xruşşovun özünün gülünc şəxsiyyətə pərəstişi başladı, sonra da Leonid Brejnevin tragi-komik şəxsiyyətə pərəstişi) edəndən sonrakı nisbətən liberal ab-hava zamanı ədəbi mühitdə Heminquey və Remark dəbi yaranmışdı, ancaq onda indiki dəbdən fərqli olaraq, heç olmasa dəbdə olan bu yazıçıları oxuyurdular.

Dəblə, zamanla ayaqlaşmaq naminə süni novatorluqla bağlı ədəbi prosesdə, xüsusən son on-on beş ilin teatr tamaşaları ilə bağlı yazılmış məqalələrdə rast gəldiyimiz bir cəhəti də qeyd etmək istəyirəm: müasir texnologiyanın, elektronikanın səhnə imkanlarına və tərtibatına müdaxiləsi, şərtiliyin teatr sənətində aparıcı mövqelərdən birini tutması dövrün bədii-estetik sifarişidir - buna söz yox, yəni artıq söhbət postsovet məkanı teatrlarının keçdiyi Stanislavski mərhələsinin (öz-özlüyündə əhəmiyyətli bir rol oynamış mərhələnin!) yeganəliyindən yox, rəngarəng teatr estetikadan gedir, ancaq bu şərtlə ki, əsərin, xüsusən klassikanın fəlsəfəsini, ideyasını başqa istiqamətə yönəlməsin, koloritinə xələl toxunmasın. Yadıma bir tamaşa düşür və güman edirəm ki, söyləmək istədiyim fikri dəqiq ifadə etmək üçün, həmin tamaşanı xatırlamaq yerinə düşür.

İndi uzaq bir keçmişdə qalmış 1971-ci ilin sonlarında, Yeni il qabağı mən Moskvada idim və bütün Moskva bomondu Taqanka Teatrında Yuri Lyubimovun quruluşunda tamaşaya qoyulmuş “Hamlet”dən, baş rolun ifaçısı Vladimr Vısotskidən danışırdı. O zaman SSRİ Yazıçılar İttifaqında xidmət işlərinə baxan Valentina Paşkeviç adlı xoş xasiyyətli, cavan yazıçılara yuxarıdan aşağı baxmayan, çox bacarıqlı bir işçi var idi - yazıçıların “təcili yardım”ı idi və mən onun cidd-cəhdləri nəticəsində həmin tamaşaya bir bilet ala bildim.

O vaxtdan az qala əlli il keçib, ancaq həmin tamaşa və oradakı Hamlet (Vısotski) ilə Hertruda (Demidova) indiyəcən mənim gözlərimin qabağındadır. O dövrdən etibarən mən bir çox teatrlarda “Hamlet”ə baxmışam və yeri düşmüşkən deyim ki, iki aktrisanın Hertrudası həmişəlik hafizəmə hopub: Alla Demidovanın və bizim Şəfiqə Məmmədovanın Hertrudaları, ancaq indiki halda məsələ bunda deyil.

Lyubimovun yozumunda Vısotskinin Hamleti filosof idi, emossionallığı, fəlsəfi dərinliyi, Şekspir qələmindəki incəlikləri hiss etməsi ilə seçilirdi və atasının kölgəsiylə, Hertruda, yaxud Paloni, yaxud da artistlərlə olan səhnələrdə, elə bil, kimsə adamın qulağına pıçıldayırdı: “Bax, bu - əsl Hamletdir!”, ancaq o yerdə ki, Hamlet gitara çala-çala Pasternakın məşhur “Hamlet” şeirini oxuyurdu, bu - artıq hamlet deyildi, konsert verən sevimli rus bradı Vısotski idi, Hamletin səhnə təcəssümü isə tamam kənarda qalırdı.

Yəni novatorluq novatorluq xətrinə olanda - bu, artıq dəbdir və tamaşada əsərin məntiqindən və mahiyyətindən doğmayan yad bir atributa çevrilir. Tənqid isə bunu görməyəndə, bu tipli yad atributlara diqqət yetirməyəndə, onları göstərməyəndə - hətta bu, azmış kimi, onları yenilik kimi qələmə verəndə, əlbəttə, sənətə yox, dəbə xidmət edir.

Dəbdən geri qalmamaq üçün ədəbi prosesdə savadsızlığı xarici yazıçıların adlarının arxasında gizlətmək gülünc və mənasızdır, çünki onsuz da üç-dörd cümlə oxuyandan sonra görürsən ki, bu müəllifin adlarını çəkdiyi yazıçıların əsərlərindən xəbəri yoxdur.

Dəb - ancaq geyim kolleksiyalarının təqdimatında maraq doğurur və qiymətləndirilir və bunu biz sovet dönəmi ədəbiyyatımıza münasibətdə də aydın görürük: dərinə getmədən, ölçüb-biçmədən, necə deyərlər, tərəziyə qoymadan qlobal tənqid, bəzən isə qlobal inkar.

Bu barədə də növbəti məqalədə. (525-ci qəzet)
Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...