Qüdrət Həsənquliyev: “Trampa güvənib öz siyasətlərini quranların Avropada uğur qazanması mümkünsüz olacaq”
"Tramp şəxsi münasibətləri siyasətə daşıyan liderdir"
Moderator.az xəbər verir ki, Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev AzPolitika.info-ya müsahibəsində regionda baş verən hadisələr, İrana qarşı təzyiqlərin növbəti mərhələsindən gözləntilər, eləcə də bu ətrafda başqa mövzularla bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, ABŞ ordusu Hörmüz boğazını bağlayıb, İranın dəniz ticarətini faktiki olaraq məhdudlaşdırıb. Buna rəğmən dünya bazarlarında neftin qiyməti ucuzlaşır. Prezident Tramp isə bütün hədə və tənqidlərə rəğmən İrana qarşı bloklayıcı əməliyyatlara NATO və Avropa İttifaqının dəstəyini ala bilmədi. Bu gedişatın davamını necə görürsünüz?
- Düşünürəm ki, İranla ABŞ müəyyən razılaşmaya gələcək. Çünki tərəflərin buna müəyyən ehtiyacı var. İranla müharibə iki məsələni - Ukrayna savaşını, daha çox isə Ceffri Epşteyn məsələsini siyasi gündəmdən çıxarmaq üçün başladıldı.Venesuelladakı asan əldə olunan başgicəlləndirici uğur da böyük rol oynadı. Tramp aralıq seçkilərə böyük fateh kimi qatılmaq istədi. Son dövrlərdə Rusiyanın Trampa artan təzyiqlərini müşahidə edirdik ki, münaqişə Kremlin istədiyi formada yekunlaşsın. Tramp isə Ukraynaya müəyyən həddə qədər təzyiq edə bilər. Ona görə müharibə çıxış yolu oldu.
Məncə, ABŞ müharibənin birinci mərhələsində İrana dağıdıcı zərbələr endirməklə öz gücünü nümayiş etdirdi. Ona atəşkəsə nail nail olmaq və vəziyyəti yenidən dəyərləndirmək lazım idi. Trampın “İranda sivilizasiyanı məhv edəcəyəm” kimi açıqlamaları daha çox psixoloji təzyiq vasitəsi idi və İranı danışıqlar masasına gətirmək məqsədi daşıyırdı. Görünən odur ki, buna da nail olundu. Nəticədə tərəflər arasında dialoq imkanları yarandı. Əslində elektrik stansiyalarının, sutəmizləyici qurğuların, körpülərin və neft emalı zavodlarının vurulması ciddi humanitar fəlakətə səbəb ola bilərdi. Tramp belə bir ssenariyə getməzdi. Çünki o, Nobel Sülh Mükafatı almaq istəyən bir siyasətçidir, tarixdə böyük humanitar fəlakətə səbəb olan lider kimi qalmaq istəməz.
-Amma sülh danışıqları uğurusuzluqla nəticələndi. Hazırki mərhələdə ABŞ tərəfindən hansı addımlar atılacaq?
- Xatırlayırsınızsa, mən bunu əvvəllər də demişdim, ikinci mərhələ İranın blokadaya alınması ssenarisidir. Neft gəlirləri olmadan İran yaşaya bilməz. İqtisadi vəziyyətin kəskin pisləşməsi iqtidarın parçalanmasına və vətəndaş qarşıdurmasına, inqilablara səbəb olacaq. Əminəm ki, müharibənin başladılmasında Çin amili də mühüm rol oynayır. ABŞ cəmiyyətində Donald Trampın bu addımlarına müəyyən dəstək verilməsinin səbəblərindən biri odur ki, insanlar bunu Çinə qarşı yönəlmiş strategiyanın bir hissəsi kimi qiymətləndirirlər. Keçən ilin iyun ayında 12 gün davam edən toqquşmalar zamanı İranın nüvə obyektlərinə ciddi ziyan vurulmuşdu. Bu baxımdan, hazırda əsas məqsədlərdən biri də Çini ucuz enerji resurslarından məhrum etmək və onun iqtisadi inkişaf tempinə təsir göstərmək, onun siyasətinə təsir etmək imkanları əldə etməkdir. Çinin iqtisadiyyatı böyüdükcə, onun hərbi potensialı da paralel şəkildə genişlənir və bu, gələcəkdə Tayvan ətrafında mümkün hərbi ssenariləri aktuallaşdıra bilər. Yəni, burada geniş və mürəkkəb geosiyasi qarşıdurma mövcuddur. Hazırda Çin ABŞ-dən sonra dünyanın ən böyük hərbi donanmalarından birinə sahibdir. Amma Çinin yaxın gələcəkdə ABŞ ilə birbaşa hərbi qarşıdurmaya getməsi real görünmür. Güc nisbəti hələlik Çinin xeyrinə deyil və Pekin bunu yaxşı anlayır. ABŞ İranı müəyyən güzəştlərə məcbur edəcək. Yaxşı olar ki,İranda bunu anlasınlar, iqtisadiyyatları tam dağılmamış ABŞ ilə anlaşsınlar.
- İran müqavimət göstərməyə davam edərsə, hərbi zərbələr yenidən aktuallaşacaqmı?
-İran güzəştlərə getməsə bəzi strateji obyektlərə zərbələr endirilə bilər. İran üçün ən rasional ssenari iqtisadiyyatı tam çökməmiş ABŞ ilə razılığa gəlməkdir. Çin, Rusiya müəyyən dəstək verə bilər, amma bu vəziyyəti dəyişəməyəcək. Alternativlər məhduddur. Onlar İran tərəfdən müharibəyə qatılmayacaq. Rusiya Ukrayna ilə müharibə səbəbindən özü də ciddi iqtisadi problemlərlə üzləşib. Digər bir faktor da ortaya çıxdı. İran xüsusilə 12 günlük müharibədən sonra əsas hava hücumundan müdafiə sistemlərini Çin və Rusiyadan əldə edib.
-Amma müharibənin gedişində onların aktiv fəaliyyəti hiss olunmadı…
-Bu sistemlər döyüş meydanında özünü doğrultmadı. Onların 5-ci və 6-cı nəsil texnologiyalar əsasında qurulduğunu iddia edirdilər. Lakin son hadisələr göstərdi ki, bu sistemlər tam da iddia edilən standartlara cavab vermir. Müşahidə edirik ki, ABŞ və İsrailin “stealth” tipli təyyarələri İran ərazisində müəyyən obyüktlərə zərbələr endirir və ciddi müqavimətlə qarşılaşmadan geri qayıdır. Bu prosesin davam etmə ehtimalı da var. Çünki ABŞ İrana qarşı istifadə etdiyi hərbi arsenalı daim yeniləyir, raketlər və digər sursatlar fasiləsiz şəkildə bölgəyə daşınır. Praktik olaraq 2 həftəlik atəşkəs kifayətdir ki, yeni silahlar regiona gətirilsin və əməliyyatlar yenidən başlasın. Cəsarət yaxşı keyfiyyətdi, amma hər zaman qeyd etdiyim kimi, güclə də müəyyən mənada hesablaşmaq lazımdır və reallıq hissi itirilməməlidir. Dövlət başçıları və siyasətçilər reallıq hissini itirdikdə, bunun əziyyətini həm özləri, həm də xalq çəkir.
- Yalnız bir variant qalır…
-Bəli, İran mütləq ABŞ-la anlaşmağa çalışmalıdır. Eyni zamanda ölkə daxilində ciddi islahatlara başlanmalıdır. İran çoxmillətli dövlətdir və orada yaşayan digər xalqların milli hüquqları tanınmalı, daha geniş siyasi və mədəni hüquqlardan istifadə imkanı verilməli, onların sosial və mədəni tələbləri nəzərə alınmalıdır. İqtisadiyyatda korrupsiya, dövlət idarəçiliyində isə kronizm aradan qaldırılmalıdır. Beynəlxalq ekspertlər Macarıstanda Baş nazir Viktor Orbanın məğlubiyyətini daha çox ölkədə kronizm və korrupsiyanın dövlət siyasətinə çevrilməsi ilə əlaqələndirirlər.
-Kronizm nədir?
-Bu, biznesdə və siyasətdə şəxsi əlaqələrə (qohumluq,dostluq, sadiqlik, tanışlıq və s.) görə insanların peşəkarlığı nəzərə alınmadan sürətlə irəli çəkilməsi, varlanması, biznes imkanları əldə etməsi və yüksək vəzifələrə yerləşdirilməsidir. Yəni vəzifələr və imkanlar peşəkarlığa görə deyil, şəxsi münasibətlərə görə verilir. Nepotizmdən fərqli olaraq, burada təkcə qohumluq deyil, dostluq, tanışlıq və yaxın çevrə əlaqələri də rol oynayır. Belə hallar cəmiyyətdə narazılıq yaradır, sosial ədalət hissini zəiflədir və insanların dövlətə olan inamını azaldır. Eyni zamanda bu, inkişafın qarşısını alır və iqtisadi dinamikanı zəiflədir. Korrupsiya isə bütün ölkələrdə müəyyən səviyyədə mövcuddur. Lakin inkişaf etmiş dövlətlər onu nəzarətdə saxlamağa çalışır. Əgər korrupsiya müəyyən həddi aşarsa, bu artıq inkişaf üçün ciddi maneəyə çevrilir. Bu baxımdan hesab edirəm ki, hər iki problemə qarşı effektiv mübarizə aparılmalı və sistemli islahatlar həyata keçirilməlidir. Bu, həm dövlətin, siyasi sistemin dayanıqlılığı, həm də cəmiyyətin rifahı üçün əsas şərtlərdən biridir.
- Yeri gəlmişkən, Macarıstanda Donald Trampın açıq dəstəyi Viktor Orbanın əleyhinə işlədi. Bu, daha çox Trampın şəxsiyyətinə, imicinə bağlı idi, yoxsa Macarıstanda formalaşmış daxili siyasi situasiya onun məğlubiyyətini şərtləndirdi?
- Seçkidən əvvəl bütün sorğular göstərirdi ki, müxalifətin əsas fiquru Peter Magyar sürətlə güclənir. O, əvvəllər hakimiyyət təmsil olunub, daha sonra müxalifətə keçib. Bunun səbəbi ilə bağlı müxtəlif fikirlər var. Bəziləri iddia edir ki, Orban özü onu məqsədli şəkildə müxalifətə keçməyə şərait yaradıb ki, gələcəkdə hakimiyyət ötürülməsi daha nəzarətli formada baş versin. Trampın açıq şəkildə Orbanı dəstəkləməsi Macarıstan cəmiyyətində birmənalı qarşılanmadı və müəyyən narazılıq yaratdı. Digər mühüm məqam isə odur ki, Tramp çoxları tərəfindən Vladimir Putin ilə yaxın münasibətlərdə olan siyasətçi kimi qəbul olunur. Macar cəmiyyətində isə Rusiyaya qarşı tarixi həssaslıq var. Xüsusilə 1956-cı il Macarıstan üsyanı zamanı Sovet qoşunlarının ölkəyə müdaxiləsi hələ də kollektiv yaddaşdan silinməyib. Bu baxımdan, Trampın Orbanı açıq şəkildə müdafiə etməsi onun imicinə mənfi təsir göstərdi. Bununla belə, hər bir halda Orban yenidən seçilə bilməyəcəkdi.
Digər tərəfdən, Orban Avropada uzun müddət hakimiyyətdə olmuş 3-4 siyasi liderdən biridir. Avropa tarixində Almaniyada Helmut Kol, Angela Merkel 16 il, Lüksemburqda Jean-Claude Juncker 18 il müddətində hakimiyyətdə qalmaq nümunələri göstəriblər. Orban da artıq bu kateqoriyaya daxil olub. Lakin liberal-demokratik sistemlərdə bu qədər uzun müddət hakimiyyətdə qalmaq cəmiyyətdə dəyişikliyə tələbatı artırır. İnsanlar yenilənmə istəyir. Əgər hakimiyyət bu yenilənməni təmin edə bilmirsə, seçicinin liderə münasibəti dəyişir. Bu, texnologiya ilə də müqayisə oluna bilər - necə ki, proqram təminatı mütəmadi yenilənməlidir, dövlət idarəçiliyi də cəmiyyətin inkişafına uyğun modernləşdirilməlidir. Əks halda, əvvəlki yanaşmalar effektivliyini itirir.
-Orbanın hakimiyyətdən getməsi Avropa və Azərbayan üçün nə deməkdir?
-Qlobal baxımdan Orbanın getməsi təbii prosesdir. Amma bizim üçün bu, müəyyən itkilərlə müşayiət oluna bilər. Macarıstan hər il iki yüz azərbaycanlı tələbəyə təhsil imkanı yaradırdı. Bu proqramların davam edib-etməyəcəyi sual altındadır. Eyni zamanda, Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələri və müşahidəçi statusu da bu kontekstdə əhəmiyyət daşıyır.Macarıstan əvvəlki kimi bizi Avropa İttifaqında müdafiə edəcəkmi? Bu istiqamətdə də dəyişikliklərin olub-olmayacağı qeyri-müəyyəndir.
- Qüdrət bəy, bəllidir ki, Viktor Orban həm Vladimir Putin, həm də Donald Trampla sıx münasibətlərə malik fiqur idi. Əksinə təmsil olunduğu Avropa İttifaqı ilə iddi problemləri vardı. Buradan yola çıxaraq, Orbanın məğlubiyyətini Avropa İttifaqının özünü həm ABŞ-dan, həm də Rusiyadan qorumaq cəhdlərindən biri kimi qiymətləndirmək olarmı? Yəni Avropa öz daxilində kənar qüvvələrin ona təzyiq mexanizmləri saxlamasına artıq dözmədi…
- “Qoca qitə”ni beynəlxalq siyasətdən kənarda tutmaq mümkünsüzdür. Çünki müasir sivilizasiyanın və demokratiyanın vətəni məhz Avropadır. Demokratiya ABŞ-yə Avropadan keçib və bütün dünyaya buradan yayılıb. Müasir elm və mədəniyyətin qlobal yayılması da məhz Avropadan başlayıb. Əlbəttə, bu dəyərlərin təşviqində ABŞ-nin rolu çox böyükdür. Amma kökləri Avropaya dayanır. Bu baxımdan hesab edirəm ki, Donald Trampda müəyyən komplekslər mövcuddur. Açıq demək lazımdır ki, o, Avropa liderlərini xoşlamır,seçkilərdə ona dəstək vermədikləri üçün, onları yönəltmək istəyir. Amerikanı hər sahədə Avropadan üstün göstərmək istəyir, istər iqtisadi, istər siyasi baxımdan. Amma Avropa bununla barışmayacaq. Trampa güvənib öz siyasətlərini quranların Avropada uğur qazanması mümkünsüz olacaq. Onun Volodimir Zelenskiyə münasibəti kifayət qədər sərtdir. Səudiyyə vəlihədinin Zelenski ilə görüşməsini ona bağışlamadı və ağır formada təhqir etdi. Yəni, Tramp şəxsi münasibətləri siyasətə daşıyan liderdir. Ondan demokratik dünyanın gözləntiləri böyük idi.
Beynəlxalq münasibətlərdə “Rogue State” anlayışından istifadə olunur. Bu termin beynəlxalq hüquq normalarına riayət etməyən, digər dövlətlərə təzyiq göstərən və aqressiv siyasət yürüdən ölkələrə aid edilir. Belə dövlətlərin qarşısını almaq üçün ABŞ-yə güclü lider lazım idi və bəzi dairələr Trampda bu xüsusiyyətləri gördüklərini düşünürdü. Amma indi məyus olanların sayı hər gün artmaqdadır.Vaxtilə Kennedi andiçmə mərasimində deyirdi, ”tarix azadlığı qoruyanların tərəfindədi”, tərəqqi ilə azadlıq yanaşı addımlamalıdır. O deyirdi ki, “bizim köhnə müttəfiqlərimizlə biriyimiz sarsılmazdır, birlikdə çox şeyə nail olmuşuq və birlikdə daha böyük zirvələrə qalxacağıq”. Yoxsulluq içində yaşayan xalqlara üz tutaraq deyirdi, “biz sizə insan ləyaqətinə olan inamımıza görə kömək edəcəyik”. İndi Trampın müttəfiqlərinə və bu dəyərlərə olan münasibətinə baxın. Trampdan sonra ümid edirəm Qərb dünyası ali dəyərlər ətrafında daha sıx birləşəcək.