Müsahibə
2938
28 Nov 2016 | 19:08

"Çoxları üzərimə gəldi ki, sənin sözündən sonra Elçibəyin tərəddüdləri var"

Moderator.az "Böyük Quruluş" partiyasinin sədri, millət vəkili Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Şəxsən mən siyasətçi olmasaydım...

- Şəxsən mən siyasətçi olmasaydım ədəbiyyat sahəsində parlayan adamlardan biri olardım. Çünki ilk seçimim ədəbiyyat sahəsi olub. Uşaq vaxtından şeirlər yazırdım. Şeirlərim müxtəlif jurnallarda, o cümlədən "Azərbaycan" jurnalında dərc olunub. Ən azından şeir sahəsində iddialı adamlardan biri idim. Dərnəyə gedirdim, çevrəm var idi, şeirlərim müzakirə olunurdu. Ədəbiyyat sahəsində çox böyük işlər görməyi düşünürdüm. Elə oldu ki, iki il filologiya fakultəsinə yolumu kəsdilər. İki il müsabiqədən keçə bilmədim. Maraqlıdır ki, komissiyadan 5 alırdım və sərbəst mövzuda yazı yazırdım. Sərbəst mövzuya 3 qiyməti yazırdılar. Apelyasiya şikayəti verirdim, müəllim gəlib çıxmırdı. Əsassız olaraq mənim yazımı 3-lə qiymətləndirirdilər ki, nəticədə keçə bilmirdim. Çünki oraya daha çox imkanlı adamların qızları daxil olurdu və onlara şərait yaratmaq üçün belə əmələ əl atırdılar. Ali məktəbə qəbul ola bilmədiyim üçün hərbi xidmətə yola düşdüm. Bu bir növ planlarımı dəyişdi. Əsgərlikdən gələndən sonra təsadüfən hüquq fakultəsinə daxil oldum. Buna baxmayaraq siyasətin içində idim. Gizlin dərnəklərdə fəaliyyət göstərirdim. Əbülfəz Elçibəylə ilk tanışlığım. 9-cu sinifdə oxuyanda, yəni 1981-ci ildə olub. O dövrdə Güney Azərbaycanla bağlı şeirlərimi aparmışdım, xeyli söhbətlərimiz oldu. Elçibəy məni bir qədər də təəccüblə qarşıladı. Bu yaşda fərqli bir yanaşması olan uşaq ona fərqli təsir bağışlamışdı. Elə o vaxtdan Elçibəylə münasibətlərimiz formalaşdı. Belə görünür ki, nəticədə siyasətə gələcəkdim. Şeirdən uzaqlaşdım, sırf siyasi fəaliyyəti önə çəkdim.

- Şəxsən mən atdığım hansı siyasi addımı səhv hesab edirəm və hansı qərarlarımı indi dəyişərdim...

- Tam səmimi deyirəm ki, heç zaman atdığım addımların peşmançılığını çəkmirəm. Hətta bu ölümlə, böyük bir xəsarətlə nəticələnsə belə, peşman olmuram. Ağılla davranan, taleyə də inanan insanlardan biriyəm. Yəni, olmalı idi, olub. Üstünlük verdiyim şey odur ki, keçmişdə etdiklərimi nəzərdən keçirməyi xoşlayıram. İndi atacağım addımlar önəmlidir. Ağlın süzgəcindən keçməyən, keçmişdəki addımlarımı kənara qoyuram, köhnəlmiş paltar kimi atıram, köhnəlmiş maşın kimi dəyişirəm. Əvvəllər müdafiə etdiyim fikir və görüşlərdən indi rahatlıqla, komplekssiz şəkildə imtina edə bilirəm. Çünki görürəm ki, bu Azərbaycanın bu günki modelinə fayda vermir. Əvvəlki düşüncələrim dünənki modelə və bizim əhval-ruhiyyə, istəyimizə, müstəmləkə əsarəti olduğumuza görə uyğun idi. Amma yeni Azərbaycan modelinə uyğun deyil. Müasir Azərbaycan üçün uyğun olmayan, hətta özümün müdafiə etdiyim, dəyər verdiyim məsələlərdən belə uzaqlaşa bilirəm. Hesab edirəm ki, bu mənim ən üstün cəhətlərimdən biridir. Zamanın tələblərinə uymayan insan görəndə açığı onun halına biraz acıyıram. Elə insanlar var ki, 25 il əvvəl necə idilər, elə də qalıblar. 25-30 il sonra onlarla görüşəndə təfəkkürlərində heç bir dəyişiklik görməyəndə onlarla razılaşmaq artıq çox çətin olur. Bu məsələlərdə mühafizəkarlığm yoxdur. İnsanların da mühafizəkar bir qəlibin içində qalmasına yaxşı baxmıram. İnsan mütləq özünü təkmilləşdirməlidir.

- Meydan hərəkatları oldu, Sovetlər dağıldı, Azərbaycan müstəqil oldu, AXCP-Müsavat hakimiyyətə gəldi. Şəxsən mən nələri edərdim ki, hakimiyyətdən getməyək...

- O dövrün ağlı, zəkası, steriotiplərindən indi qiymətləndirmə baxımından çox çətinliklər ortaya çıxa bilər. Çünki o dövr dünya görüşümüzün tələb etdiyi, bizə verdiyi imkanlar daxilində tələb ediləni həyata keçirdik. Təbii ki, indi yüzlərlə məsələ sadalaya bilərəm ki, onları etsəydik belə olmazdı. Onları desəm süni bir kompozisiya alınacaq. O dövrdə bizim düşüncə arealımız, seçici və tərəfdar bazamız elə də geniş deyildi. Biz orta məktəb və ali məktəb çevrəsindən gəlmişdik. Hər hansı bir istehsalat sahəsində işləməmişdik və ətrafımızda çoxsaylı iş adamları, təcrübəli kadrlar yox idi. Bu səbəbdən hansısa məsələləri kimlərləsə məsləhətləşib addım atmaq imkanımız geniş deyildi. Azərbaycanın ziyalı kütləsinin geniş olmadığını nəzərə alsaq bu məsələlərdə nə addım ata bilirdiksə onu etdiyimizi düşünürəm. Hətta edə biləcəyimizdən daha çox iş gördük. Təcrübəsiz, 27 yaşında dövlət hüquq şöbəsinin müdiri postunu tutmuşdum. O postda edə biləcəyimi etdim, ata biləcəyim bütün addımları atdım, uyğun saydığım layihələri, tövsiyyələri etdim. Hətta prezidentə verdiyim bir sıra tövsiyyələr yerinə yetirilmədiyi üçün məğlubiyyətə düçar olduq.

AXCP-nin ali məclisinin iclasında yeganə mənim çıxışım Əbülfəz Elçibəyin prezidentliyə namizədliyini verməməsinə səbəb oldu. O zaman Elçibəyin müşaviri idim. Hamı təəccüblə qarşıladı. Çoxları üzərimə gəldi ki, sənin sözündən sora Elçibəyin biraz tərəddüdləri var, sən bu fikrini dəyiş. Vəziyyəti təhlil edib göstərirdim ki, onun indiki vəziyyətdə prezident seçilməsi bizim ümumi işimizə xeyir verməyəcək. Elçibəy Xalq cəbhəsində qalaraq sadəcə xalq cəbhəsinin hakimiyyətinə dəstək verməli idi. Bu fikrim sonradan bir çoxları tərəfindən təqdir olundu ki, doğru yanaşmadır. Hakimiyyət eşalonunda təmsil edilmə məsələsində daha ciddi postlar əldə edərək daha ciddi işlər görə bilərdik. Yaşımıza görə arxa planda durmağa üstünlük verdik ki, cəmiyyətdə "dünənki uşaqlar gəlib, bunları birdən-birə qabağa vermək olmaz" fikri formalaşmasın. Prezident özü də qəbul edirdi ki, sənin düşüncən fayda verə bilər. Ancaq biz yaşa görə müəyyən kompleks içində idik və geri çəkilirdik. Hətta opponentlərimiz də bizə ağıl və davranışlarımıza görə yox, yaşımıza görə qiymət verirdilər. Sonrakı məqamda yaşa görə ən az ittiham olunan vəzifə adamları bizim dairəmizdən oldu. Heçkəs bizi savadsızlıqda, özbaşınalıqda, rüşvətxorluqda, dövləti nüfuzdan salan addımlar atmaqda ittiham etmədi. Əslində bizim yaşımıza görə davranışımızda hansısa nöqsan tapa bilmədilər. Bütövlükdə bu yaş məsələsini bizə qarşı ittiham variantına çevirdilər və bizə də bu ittihamdan çəkindik. Vaxtı gözləyək, daha sonra öndə, söz sahibi olaq, qətiyyətli qərarlarla müəyyən mövqeyə gələk. O dövrdə bəlkə bu yaş sindiromunu aşaraq həlledici məqamlarda qərar verən insanlar kimi çıxış etməyimiz ölkənin faydasına ola bilərdi.

- Şəxsən mən yaxşı millət vəkiliyəm...

- Hesab edirəm ki, yaxşı millət vəkili deyiləm. O baxımdan ki, yaxşı millət vəkili olmaq üçün deputatın fəaliyyət göstərə biləcəyi mühit olmalıdır. Millət vəkilinin birinci növbədə işi qanunvericilik fəaliyyətindən ibarətdir. Qanunvericilik fəaliyyəti Azərbaycanda xeyli məhdudlaşdırılıb. Bizim qanun layihəsi irəli sürmək imkanımız hüquqi cəhətdən yoxdur. Əvvəllər tez-tez qanun layihəsi təklif edirdim, ancaq normativ hüquqi aktlarla bağlı qanun layihəsi qəbul ediləndən sonra belə bir tələb qoyuldu ki, hər hansısa bir qanun layihəsi təklif ediləndə mütləq onun ekspertizası da təqdim olunmalıdır. Bu tələb hamı üçün deyil, ancaq biz qanun layihəsi irəli sürsək bu tələb qoyulacaq. Bu da bizim qanunvericilik fəaliyyətimizi xeyli məhdudlaşdırır. İndi mən həm qanun layihəsi təklif etməliyəm, həm də hansısa rəsmi dövlət qrumlarına ekspert rəyi üçün müraciət etməliyəm. Alınan rəy bu qanunun maddi tərəfini və bu qanun həyata keçirilmə prespektivini göstərir. Bundan sonra Milli Məclis layihəni komitəyə müzakirəyə çıxarmalıdır. Dəfələrlə komitəyə də təqdim etdik, amma müzakirəyə çıxarılmadı. Faktiki olaraq bizim qanunvericilik fəaliyyəti göstərmək imkanımız sıfıra bərabər oldu. Biz ona görə də öz işimizə aid olan məsələ ilə məşğul deyilik.

Ən azı cəmiyyətin müəyyən tələblərini yerinə yetirməyə çalışan millət vəkili obrazını təqdim edə bilirəm. Hər həftə, bayram günü də olsa seçicini mütləq qəbul etməliyəm. Problemini həll edə bilməsəm də hamını dinləməliyəm və yol göstərməliyəm, şikayətini yazdırmalıyam, harasa zəng vurmaq lazımdırsa zəng vurmalıyam. Ən azı aldığım maaşın haqqını vermək üçün seçicini qapıdan qaytarmamalıyam, seçicini qəbul etməliyəm. Dairədən kənar ən çox məktub və şikayət qəbul edən millət vəkili kimi Azərbaycanın millət vəkili obrazını təlqin edə bildim. Bəziləri deyir ki, sən mənim seçicim deyilsən, mənə niyə müraciət edirsən? Məndə bu anlayış yoxdur. İstənilən Azərbaycan vətəndaşı, TV kanallarda və mətbuat səhifələrində görənlər rahatlıqla öz deputatından daha çox mənə müraciət etməyə üstünlük verirlər. Nəhayət cəmiyyət həyatında iştirakçılıq məsələsinə gəldikdə bütün vasitələrlə çalışıram ki, tənbəl millət vəkili obrazı mənə şamil edilməsin. TV-də, mətbuatda, sosial şəbəkədə, hətta heç kimdən çəkinmədən döyüşə, savaşa, mübarizəyə girərək prinsiplərimi cəmiyyətə çatdırmaqdan çəkinmirəm. Bir çox hallarda mənim görüşlərim cəmiyyətin görüşlərinə zidd olur. Əslində millət vəkilliyi mənim üçün biraz buxovlayıcı bir şeydir. Bəzən görürük ki, prezidentə qədər şikayət yazırlar ki, millət vəkili tarixlə, dinlə bağlı niyə belə düşünür. Müəyyən anormallıq olsa da, bu da mənim üçün rahatladıcı cəhətdir ki, cəmiyyətdə hansısa bir mövzuda mənim çəkinəcəyim, kompleks içində olacağım məsələ yoxdur. Milli məclisin özündə də, hər iclasda çıxışlarımla gündəlik mövzuya aid fərqli mövqeyimi ortaya qoyuram. İndi nə dərəcədə yaxşı pis qəbul olunduğunu bilmirəm. Bütövlükdə ən azı millət vəkili kimi özümə aid ola biləcək minimumum imkanları, potensialı ortaya qoymağa çalışıram.

- Şəxsən millət vəkili maaşı məni qane edir?

- Ümumi standartlardan baxsaq şəxsən məni qane etmir. Əhalinin fonunda bu maaşın dəyişməsinin tərəfdarı deyiləm. Müəllimlər, həkimlər aşağı maaş alır. Təsəvvür edin ki, deputatlar arasında da fərq qoyulur. Milli Məclisdə komitə sədrlərinə maşın verilir, benzin pulsuzdur. Adi deputat şəxsi avtomobildən istifadə edir. Heç olmasa ayda yanacağa 800 manata yaxın pul xərcləyirəm. Gündə 5-6 tədbirə, yas yerlərinə, toylara getməliyəm, müəyyən bölgələrə səfər etməliyəm. Bunlar hamısı öz hesabımadır. Qəbula gələn insanların bəziləri elə vəziyyətdə olur ki, ona yardım etməlisən və ərazidə iki köməkçi saxlayıram ki, əhalinin şikayətlərini dinləsin, onların pulunu öz cibimdən verməliyəm. Bunlar hamısı yığışanda maaşımın 70%-i tamamilə kənardan dəstəklənməli olan funksiyalara xərclənir. Ona görə də, bizə dövlət tərəfindən maşın verilsəydi, benzin pulu verilsəydi, hansısa imtiyazlar verilsəydi insanların haqqı olardı ki, desinlər imtiyazların var, əlavə maaş niyə gözləməlisən? Fəal deputatların müəyyən dərəcədə vəziyyətdən çıxış yolu tapması çox çətindir.

Partiyalar indi dövlət tərəfindən maliyyələşir. Əvvəl partiyaların da yükü çiynimizdə idi. Açıq etiraf edək ki, partiyaların yükü çiyimizdə deyil. Ona görə də, bir qədər işimiz yüngülləşib.

Giley üçün söyləmirəm, reallıq üçün söyləyirəm ki, daha böyük fəaliyyət üçün aldığım məvacib bəs eləmir. Populizim də yaxşı deyil. Biri deyir ki, maaş almağa utanıram. Utanırsansa get otur evində, millət vəkili niyə olursan? İşləmək üçün maaş da almalısan axı. Populizm naminə "ay mən maaş almağa utanıram" demək kütlənin gözünə girmək üçün, camaata yarınmaq üçün deyilən sözlərdir. Səmimi şəkildə problemi demək lazımdır. İnsanlar bilməlidir ki, bəli, normal fəaliyyət göstərə bilmək üçün millət vəkilinin də normal təminatı olmalıdır. Məsələn, mən sürücü xidmətindən istifadə etmirəm. Maşın sürmək həm riskdir, həm də yorğunluqdur. İmkanım artıq olsaydı sürücü tutardım və bu mənim üçün daha rahat olardı. Elə məsələlər var ki, onları anlayışla qarışlamaq lazımdır. İndiki şəraitdə bunları gündəmə gətirməyi doğru saymıram və hesab edirəm ki, əhali ilə ən azı balansı saxlamaq üçün millət vəkili maaşının artırılmasına gərək yoxdur.

- Şəxsən mən kəndlərin birində adi bir əkinçi olsaydım...

- Şəxsən mən kəndlərin birində adi əkinçi olsaydım hər halda orada da öz ideyalarımla kənddə hansı işlər görmək mümkündürsə onu görməyə çalışardım. Məmnuniyyətlə o kənddə iməcilik formasında insanları bir yerə toplayardım. Azərbaycanda, xüsusən də kəndlərdə tənbəllik müşahidə olunur. Ağaclarda meyvə qalıb xarab olur. Bu meyvə həm də puldur. Ucuz alırlar, bunu başa düşdüm, ancaq bu həm də puldur axı. Boş torpaq sahəsini əkmək imkanı varsa, ondan imtina edilməməlidir. Bir yerə yığışıb, insanlar qüvvələrini səfərbər edib iş görməlidirlər. Hər halda bunu təşkil etməyə çalışardım. Əkinçi olsaydım, təşkilatçılıq funkisiyasına önəm verib bir kənddə ən azı problemin həll edilməsinə cəhd edərdim. Kəndlərdə birlik, ümumi həmrəylik yoxdur. İnsanlar hər hansı bir problemin həllini ancaq dövlətdən gözləyirlər. Alman, avropalı belə etməz. Onlar oturub düşünər ki, küçədə qar varsa, onu təmizləmək lazımdır. Almaniyada 300 ildir eyni adət var: evinin qarşısında olan küçədə nə qədər qar varsa sən təmizləməlisən. Adam çıxıb təmizləyir və heç kimdən pul ummur.

- Şəxsən mən kəndlərin birində adi bir müəllim olsaydım...

- Kəndlərin birində adi müəllim olsaydım çox maraqlı dərs metodu tətbiq edərdim. Uşaqların məktəbə cəlb olunması, valideynlərlə yaxşı bir təmasın qurulması üçün yığışıb bir neçə dəfə söhbət aparardım. Onlara təhsilin vacibliyini, uşaqların gələcəkdə onlar üçün intellektual kapital olduğunun nə qədər böyük fayda verə biləcəyini izah edərdim. Onda artıq cahil valideyn ortada qalmazdı. Onlar mütləq uşağını həvəslə məktəbə göndərərdilər. Məktəbə insanların dəstək verməsi formalarını tapardım. Həm maddi dəstək, həm də uşaqların texniki bazasını genişləndirmək dəstəyi. Hər şeyi dövlətdən ummazdım. Məktəbin təmiri, təmiz saxlanması üçün insanları cəlb edərdim. Məktəbdə müəllimlər arasında münasibətlərin sağlam, idealist müəllim obrazının formalaşması üçün müəllimlərin həm də cəmiyyət tərəfindən yaşadılması üçün işlər görərdim. Kənd müəllimi 200 manat maaş alır və sanki hər şey bitir. Ancaq heç kimin vecinə deyil ki, o müəllim ot tayası yığmalıdır. Gedib heyvan otarmalıdır. Bunları etməlidir, çünki ailəsini dolandırmalıdır. Məsələn, kənddə o funksiyanı bölərdim, müəllimə dəstək verərdim və müəllim ancaq intellektual işlə məşğul olmalı olduğunu o kənddə təlqin edərdim. Birinci növbədə bunları düşünərdim.

- Şəxsən mən tarixi şəxsiyyətlərin, qəhrəmanların içərisində bu olmaq istəyərdim...

- Yerində olmağı düşündüyüm xüsusi bir obraz yoxdur. Məmməd Əmin Rəsulzadə obrazının yerinə olmaq istəyərdim. Düşünərdim ki, daha nələri etmək mümkündür. Yenə də o qənaətə gələrdim ki, əlavə heç nə edə bilməyəcəm. Çünki onun uzaqgörənliyi, onun təfəkkürünə yetişmək mənim üçün əlçatmaz bir şeydir. Adamın həm siyasətçi modeli, həm də bütün tarixi şərtlərdə ziyalı obrazı dəyişməyən çox nadir şəxsiyyətlərdən biridir. Kiməsə əsəbləşəndə söyüş söyə bilərəm, kimisə yerində oturtmaq üçün hansısa bir sərt üslub seçə bilərəm. Məmməd Əmin Rəsulzadədə bunu görmürəm. Rəsulzadə bütün situasiyalarda ziyalılığından imtina etməyən bir şəxsiyyətdir. Onun səbri, bir hədəfə doğru soyuqqanlı addımlaması çox nadir rast gəldiyim şeylərdəndir. Tarixdə hərbçi qəhrəman obrazlarına çox üstünlük vermirəm. Ona üstünlük verənlərə də, daha çox acizlik kompleksində olan insanların xəyallarının məhsulu kimi baxıram. Kimsə tarixdə cəngavərə pərəstiş edir, onun kimi olmaq istəyir. Özü cəngavər olmayan insanlar üçün bu qəhrəman obrazıdır. Bizim üçün daha çox intellekti ilə nəyisə dəyişə biləcək insanlar qəhrəman obrazına daha uyğundur. Məsələn Rəsulzadənin kəşf etdiyi bayrağın rəmzlərinə möcüzə kimi baxıram. Rəsulzadənin kəşf etdiyi Azərbaycan dövlətini ortada oxumuş, təhsilli, yetkin bir xalq olmayan mühitdə bunu həm də xalqın gələcəyinə istinad edərək yaratmağa möcüzə kimi baxıram. Bunu 100 cəngavər, 100 qılınc vura bilən adam edə bilməzdi. Bu baxımdan da tarixdə qəhrəman obrazına da fərqli yanaşmam var. Düşünürəm ki, daha çox həlledici tarixi anda qərarların alınması məsələsində onun yerinə olub, nələrisə əlavə edə bilərdim, ancaq yenə də onu tapmaqda çətinlik çəkirəm.

- Şəxsən mən Şah İsmayıl Xətainin yerində olsaydım...

- Şah İsmayıl Xətainin yerində olsaydım, Nadir şahın atdığı addımları atardım. Nadir şah həm türk dünyasının, həm də İslam dünyasının birliyi üçün çox cəsur inqilabi bir addım atdı. Keçmişin səhvindən imtina etdi. Nadir şahın da böyük səhvləri var. Qafqaz xalqlarına qarşı mübarizə apararaq Azərbaycanı Rusiyanın qarşısında müqavimətsiz qoydu. Nadir şahın Qafqaz xalqlarına qarşı mübarizəsi o xalqları zəiflətdi və rusların Qafqaza girməsini asanlaşdırdı. Bu, Nadir şahın çox böyük tarixi yalnışlıqlarından biridir. Ancaq Nadir şahın gətirdiyi İslam birliyi modeli, Şərq dünyasında bir uzlaşma nöqtəsinin tapılmasının istəyi böyük bir inqilabi vizion idi.

Şah İsmayılın yerində olsaydım daha çox bu istiqamətdə bütün səylərimi ortaya qoyardım. Dini parçalayacaq yol tutmazdım. Bir məzhəb təəssübkeşliyinə görə insan öldürmək axmaqlıqdan başqa bir şey deyil. İŞİD-çi, “Taliban”çı düşüncəsi ilə bunun heç bir fərqi yoxdur. Şeybani xan kimi nəhəng özbək sərkərdəsini məğlub edəndən sonra başını kəsib, onun kəlləsində şərab içmək kimi bir halı dəyər olaraq götürə bilmərəm. Kim olursan ol, tarixdə səndən qalan qəhrəmanlıq deyil, dəyərlərdir. Əgər sənin dəyərini bu gün özünü sənin nəvələrin hesab edən insanlar yaşatmırlarsa, bunu Xomeyninin törəmələri yaşadırsa, eyni şeyi onlar qurubsa, demək ki, mənə yad bir dəyərsən. Mənim üçün əziz, fövqəladə bir tapıntı ola bilməzsən. Mənim yanaşmam budur ki, bir vizion sahibi olaraq gündəmə gəlməyi bacarmaq lazımdır. Osmanlıların çox böyük səhvləri var, saray həyatından əyyaşlıqları var, ancaq Osmanlıda bəlli bir viziondan kənara çıxmaq yoxdur. Ən əyyaş sultan belə bilirdi ki, Avropanı fəth etməlidir. Russonun Osmanlı haqda dediyi bir söz mənim üçün bir dəyərdir. Russo deyirdi ki, XVIII əsrdə Avropada tolerantlıq yoxdur. Tolerantlıq öyrənmək istəyirsinizsə, gedib bunu Osmanlıdan öyrənməlisiniz, çünki orada bir dənə də olsun məzhəb, təriqət savaşı baş vermədi. Bunu Russo kimi nəhəng bir filosof qeyd edirsə, demək dəyəri, ədalət anlayışını Osmanlıda tapıb. Ancaq sənin gətirdiyin ədalət anlayışı deyilsə, bunu kor-koranə, əzbərlədilən mətn kimi təkrar edə bilmərəm.

Şah İsmayıl Xətainin yerinə olsaydım, ümumi bir Türk Birliyinə töhfə verə biləcək ciddi addımlar atardım. Bunun bazası var idi, Şeybani xan və Osmanlılarla uzlaşma kursunu aparmaqla etmək olardı. Bunları etmək əvəzinə başqa cür düşünənlərin məhv edilməsi onlarda qıcıq doğurdu və nəticə olaraq da böyük bir toqquşmalara gətirib çıxardı. Nəticədə XV-XVI əsrdə bütöv olan türk dili məhz bu sayədə parçalandı. Bunun da nəticəsidir ki, nə qədər çalışırıqsa, o səhvləri ortadan qaldıra bilmirik.

- Şəxsən mən əlimdə imkan olsa Azərbaycanda bunları dəyişərəm...

- Azərbaycanda birinci növbədə təhsili dəyişərəm. Bütün işlərimi qoyaram bir kənara, təhsili kökündən qazıyıb dəyişərəm. Hər bir insanın təhsil almasını əlçatan edərəm. Evindən uşağı götürüb məktəbə gətirərəm. Evindən uşağı götürüb baxçaya gətirərəm. Bütün şadlıq evlərini ortadan qaldıraram. Onun yerinə normal insanların mədəni, səviyyəli, sakit toy, düyün keçirə biləcəyi xüsusi bir yerlər təşkil edərəm və hamının da bunu etməsini təmin edərəm. İnsanları daha çox təhsilə, bilgi almağa cəlb edərəm. İdeal universitetlər yaradaram. Pulu o universitetlərə qoyub böyük bir universitet potensialını ortaya qoyaram. Xaricdən Azərbaycana müəllimlər dəvət edərəm.

İdmanın kütləviləşməsinə bütün gücümü qoyaram. Azərbaycanın hər yerində futbol, basketbol meydançaları tikdirərəm, üzgücülük hovuzları salaram. İnsanları pulsuz bu meydanlara axıdaram. Özüm də hansısa bir mövqedə olaramsa, o insanlarla bir yerdə onun faydalı olduğunu göstərmək üçün addımlar ataram. Müasir texnalogiyanın öyrənilməsi istiqamətində insanlara hər cür şərait yaradaram. Məsələ əlçatanlıqdan gedir. Məktəblərə avtobuslar ayıraram ki, uşaqları hər gün evdən məktəbə aparıb-gətirsin. Pedaqoji təhsili çox gücləndirərəm. Ən yüksək maaşlı təbəqəni müəllimlər edərəm. Savadlı müəllimə ən yüksək maaş verərəm.

Mütləq səhiyyədə köklü dəyişikliklər edərəm. İnsanları xəstələndirən ekoloji mühitin dəyişməsi üçün bütün gücümü ortaya qoyaram. Bütün xəstəliklərin kökü birinci növbədə ekologiya ilə bağlıdır.

- Şəxsən mənə bu nazirlik təklif edilsə, qəbul edərəm...

- Dövlət hansı nazirlik təklif etsə, heç birini götürmərəm. Ona görə ki, birinci növbədə prinsipləri təklif etmək lazımdır mənə, yəni, “islahat aparırıq və sən lazımsan deməlidirlər”. Məmnuniyyətlə ən riskli, hətta özümün nüfuzdan düşə biləcəyim, özümə qarşı bütün hücumların yönələ biləcəyi istənilən layihəyə girərəm və fayda verməyə çalışaram. Bu təhsil, ekologiya, səhiyyə də ola bilər. Burada hansısa istiqaməti müəyyən etmərəm. Çünki nazirlik təşkilatçılıq qabiliyyətidir. Mütləq o ixtisasın sahibi olmaq vacib deyil. Həqiqən islahat aparma niyyəti olsun. Yoxsa nazir statusu istəmirəm, deputatlıq statusu mənim üçün yetərlidir və kifayət qədər özünü tanıda bilirsən, sözünü deyib, mövqeyini cəmiyyətə çatdıra bilirsən. Nazir olanda bunu daha buxovlu, qapalı şəkildə edəcəksən. Mənə post lazım deyil. Bəlkə də Azərbaycanda vəzifə həristliyi, medal hərisliyi olmayan çox nadir adamlardan özümü hesab edirəm. Mənim üçün medallar həqiqətən mənasız bir şeydir. Mənim üçün missiya önəmlidir.

- Şəxsən mən nurçu, fətullahçıyam”¦

- Yox. Ümumiyyətlə Azərbaycanda şizofreniya xəstəliyinə tutulmuş çox sayda insanlar var. Bunlar rəsmi sənəddə təsdiq olunmur, ancaq onlar siyasətdə, mətbuatda, hər yerdə doludurlar. Mən hansı cinahdan gəlmişəm, hansı qəlibdə ola bilərik, onlar bunu təsəvvür edə bilmirlər. Bu cür informasiyaların əsasən arxa bağçasını ciddi görmək lazımdır. Mən haranı daha çox tənqid edirəm? Xarici ölkələrin müxtəlif saytları, sistemləri var. Birinci həmin məlumatlar orada yerləşdirilir. Sonra tirajlanmağa başlayır. Bütün İran yönümlü saytlar məni ya vəhabilikdə, ya da nurçuluqda ittiham edirlər.

Deyirəm ki, Türkiyədə din adı ilə FETÖ-çülərin hərbi çevriliş etməsi cinayətdir. Bunun qarşısı alınmalıdır. Bu, ABŞ-ın əli ilə Türkiyəni dağıtmaq üçün atılan addımdır. Bir də məktəb probleminə baxışım fərqlidir. Tutalım ki, Azərbaycanda bir amerikalı gəlib məktəb açıb. O da hansısa bir cəmiyyətin üzvüdür. Biz onunla maraqlanırıq? Biz təhsilin keyfiyyəti ilə maraqlanırıq. Biz hamının təriqəti ilə maraqlanmağa başlasaq, onda məktəb açmamalıyıq, oxumamalıyıq. Türk məktəblər şəbəkəsinin birdən-birə sıradan çıxarılmasını yanlış hesab etdiyimi dəfələrlə vurğulamışam, bu gün də vurğulayıram. Əgər FETÖ-çü istəmirsinizsə, Ərdoğançı gətirib qoyun, ancaq türk məktəbini dağıtmayın. Bu sistem dağılanda onun boşluğunu Rusiyanın, İranın məktəbləri dolduracaq. Bu da gələcəyimiz üçün daha böyük təhlükədir. Bəzi başa düşməyən insanlar birbaşa məktəbə hücuma keçdilər. O məktəblərdə yetişmiş, təriqətə dəxli olmayan yüzlərlə savadlı Azərbaycan övladını töhmət altında qoydular. Bu intellektual potensial ölkədən dağılarsa, biz çox böyük itkiyə məruz qalarıq. Bunu deyəndə bilirəm ki, hansı ittihamlar gələcək. Vicdanım, gələcək qarşısında məsuliyyətimi dərk edərək bunu müdafiə edirəm ki, bu boşluq olmasın. O dağılmış məktəblərin şagirdələrinin yarısı Rusiya məktəbləri vasitəsi ilə rus kimi düşünəcək, yarısı da qum saatı istiqamətində düşünəcəklər. Türk məktəbi bizə istiqlal marşını, türklüyü, doğru İslam dəyərlərini öyrədir. Bundan imtina etmək o deməkdir ki, boşluq yaradaraq digərlərinə yola açırıq. Bunu deyəndə xarici ölkələr bütün güclərini işə salır ki, bunu necə qaralaya bilərik, bunun üzərinə necə getmək olar. Maraqlıdır ki, həmin hücumu buradan almıram. İŞİD-çi, Talibançı, ərəb ölkələrindən gələn radikal cərəyanlar da məni başqa yöndən ittiham edirlər.

Faktiki olaraq İslamda təriqəti, məzhəbi qəbul etmirəm. Buna mənfi bir təzahür kimi baxıram. Bütün təriqətlərə mənfi baxıram. Yanaşmam odur ki, başqa niyyətin yoxdursa, Allah, onun rəsulu və Kitab”¦ Bundan kənara niyə çıxmalısan? Niyə özün üçün imam, şeyx uydurmalısan? Bunları söylədikdə artıq hər bir cinahdan hücuma keçirlər. Şəxsiyyətimin üzərinə gələ bilmirlər, başlayırlar ittihamlara.

Onlar bir yerdə uduzurlar. Onlar bilmirlər ki, biz cəmiyyətdə açıq siyasət aparan insanlarıq. Bu açıqlığımıza görə, hakimiyyət də gözəl bilir ki, Fazil Mustafa kimdir, Azərbaycanın marağını nə siyasətdə, nə də başqa bir sahədə heç nəyə satan adam deyil. Cəmiyyət də bunu yaxşı bilir. Cəmiyyət bilir ki, özümün dəyərlərim var və ondan kənara çıxmaram. Bunu anladıqlarına görə bu məsələni genişləndirə bilmirlər və bir yerdə dayanırlar.

Düşüncəcə özümü Fətullah Güləndən daha ağıllı və cəmiyyət həyatına aydın baxan insan hesab edirəm. Siyasətdə də deyirlər ki, guya kimdənsə təlimat alıram. Mənim öz ideyalarım varsa, niyə kimdənsə təlimat almalıyam? Deyirdilər ki, Elçibəy Heydər Əliyevə işləyir. Mən də həmişə deyirdim ki, Elçibəy heç özünə də işləmir. Gedin evinə-eşiyinə baxın. Bu, ideya, prinsip adamıdırsa, kiməsə işləyə bilməz. Elçibəy deyib ki, Heydər Əliyevin siyasi büroda olması Azərbaycanın xeyrinədir. Bu o deməkdir ki, Elçibəy Heydər Əliyevə işlədi?

Bir hərəkət edirəm, hədəfləri vururam, bu ittihamlar hədələrdən qayıdan zərbələrdir. Bu cür ittihamlar irəli sürən insanların böyük əksəriyyəti o şəbəkənin içərisində olan insanlardır.

- Şəxsən mən bu mahnılara, müğənnilərə qulaq asıram...

- Xüsusi olaraq müğənnilərə ayrıca qulaq asmıram. Əhvalıma görə mahnıları seçirəm. Xalq mahnılarını sevirəm. “Tut ağacı” mahnısını sevirəm. Şövkət Ələkbərovanın səsinin vurğunuyam. Ən çox sevdiyim müğənni Şövkət Ələkbərovadır deyə bilərəm. Əhval-ruhiyyəmin hansısa vaxtında ona tələb duyuram. Türkiyədən Mustafa Sandalı dinləyirəm. Zülfi Livaneliyə qulaq asıram. Musiqi bir əhval-ruhiyyə məsələsidir. Elə olur klassik musiqi xoşuma gəlir. Maşında gedəndə kalssik musiqi dinləməyi sevmirəm, daha çox pop musiqisinə qulaq asmağı sevirəm.

Alim Qasımov, Qədir Rüstəmovun ifalarına qulaq asıram, Röyanın mahnılarına qulaq asıram.

- Şəxsən mən bu klubların tərəfdarıyam...

- Əvvəllər klublara azarkeşlik edirdim. Qalatasaraya, Real Madridə, Neftçiyə azarkeşlik edirdim. İndi konkret klublara azarkeşlik etmirəm, oyuna azarkeşlik edirəm. Oyuna baxıram, oyun mənim impluslarla üst-üstə düşürsə, onda baxıram. Bu ilin Barselonası keçən ilin Barselonasından fərqli ola bilər. Futbolu anlayan insan üçün komandanın təşkilatlanması, mobilliyi sənə nə verirsə, onun üzərindən baxıram. Məndə milli təəssübkeşlik var. Qarabağa daha çox diqqət yetirirəm. Bir neçə gün əvvəl Beşiktaşın çempionlar liqasında Benfika ilə 3-3 oynaması mənə böyük zövq verdi. Bilirdim ki, Beşiktaş bacaracaq. İkinci hissədə oturdum televizorun qarşısında və inandım ki, oyun 3-0-dan 3-3-ə gələcək və yanımdakılara da dedim ki, Beşiktaş bacaracaq.

Özüm də futbol oynadığıma görə, nələrin düzgün, nələrin qeyri-düzgün olduğu haqqında öz fikirlərim var. Özüm qapıdan başqa istənilən mövqedə rahat oynaya bilirəm. Antalyada futbol yarışına gedəndə hücumçu olmalı idim. Elə vəziyyət yarandı ki, rəqibin təhlükəli bir hücumçusu var idi, hamı dedi ki, onu ancaq sən saxlaya bilərsən və müdafiədə oynadım. Oyun TRT 3-dən canlı yayımlanırdı. Oyundan sonra hamı dedi, çox uğurlu alındı. Qalib gəlməyimizdə dedilər sənin rolun oldu. Çünki o hücumçunu saxlaya bildim. Əsasən mərkəz hücumçusu oynayıram.

- Şəxsən mən romantik insanam, yoxsa...

- Yox. Məndə qismən romantizm var. Romantizmdən yaxamı qurtarmağa çalışıram. Siyasətçi üçün romantizm təhlükəlidir. Siyasətçi üçün duyğusal, şeirə, ədəbiyyata varan yanaşmalar təhlükəlidir. Bunsuz da siyasət olmur, çünki material insandır. Çox romantizmi içimdə öldürməmişəm, ancaq onu buxovlamışam. İnsanın günlük cəmiyyətə realist davranışına üstünlük verirəm. Xəyallar insan üçün yaxşı şeylər gətirmir. Bəlkə müəyyən bir dövr üçün faydalı ola bilər, ancaq insan cəmiyyəti üçün yaxşı bir şey gətirmir. Xəyal edə bilərsən ki, yerdə yarpaq yaxşıdır, xəzəldir, tökülüb, ancaq onu süpürmək lazımdır. Xəzələ hər gün baxıb şeir yazmaq olmaz. Nəhayət ona gəlib çıxır ki, xəzəli süpürmək lazımdır ki, zibillik olmasın.

- Şəxsən mən milyonçu olsaydım...

- Ən arzulamadığım işlərdən biri budur. Milyonçu olsaydım çox böyük əziyyət çəkərdim. Pula hərisliyim olmadığına görə, o pulu necə böləcəm, harada yerləşdirəcəm, hansı gizli yerlər tapacağımı bilmərəm. Bu böyük bir qayğıdır. Hədən pulu çox olan insanlara yazığım gəlir. Pulu haradasa saxla, birdən onu oğurlayarlar. Açığı istəyirəm yetərincə pulum olsun, insanlara dəstək verə bilsən, ailəni yaxşı dolandırsan. Həqiqən milyonçu olmağı düşünmürəm, sevmirəm. Məncə o əlavə yükdür. Hesab edirəm ki, əlavə yükdən ağır insan üçün problem yoxdur.

- Və şəxsən sən...

- Şəxsən sən jurnalist olmağınla nə qazanmısan?

- Jurnalistikaya qazanmaq üçün gəlməmişəm. Həmişə düşünmüşəm ki, cəmiyyətə nələrisə çatdıram.

- İnsan bəzən seçdiyi peşəni zamanın şərtlərinə görə seçir. Əslində bu gün bizim siyasətdə olmağımızın, qala bilməyimizin, müəyyən söz sahibi olmağımızın əsas səbəbi xarakter göstərməkdir. Jurnalistikada da bunu etmək mümkündür. Hər sahədə görülməmiş işlər, yarımçıqlar var və bunları etməyə xarakter qoyub etmək mümkündür.(ölkə.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər