Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Gülnar Müzəffərova dindirilib.
"2022-ci ilin dekabrında qonşum mənə təcavüz etdi. Yoldaşım Rusiyaya işləməyə getmişdi. Yoldaşıma dəfələrlə demişdim ki, hasar alçaqdı ona bir əncam çək. Padvaldan keçib otağıma girmişdi. Elşən gəldi Rusiyadan və hər şeyi ona etiraf etdim. Günlərin bir günü yoldaşım evdən çıxırdı. Soruşdum ki, hara gedirsən dedi ki, daş atmağa gedirəm. Hadisənin necə olması, baş verməsi barədə məlumatım yoxdu. Sonra yoldaşım gəldi dedi ki, onu öldürmüşəm. Mən də şoka düşdüm. Atama anama dedim. Yaxınlarıma səs atdım ki, halallıq verin özümü öldürürəm. İplə özümü asıb öldürmək istəyirdim. Onun öldürülüb basdırıldığı quyu da kanalizasiya üçün qazılmışdı. Mənim bu hadisədə heç bir günahım yoxdur".
Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Hər üç təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.