Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Cəmiyyət
200
16:01, Bu gün

Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi

Aprelin 21-i Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində həyata keçirilən tədbirlər və bayır xidmətinin təşkilinin vəziyyətinə həsr olunmuş iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2026-cı ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.
 
Qeyd olunub ki, cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub. Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.
 
Ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb, eyni zamanda yol-nəqliyyat hadisələrinin sayı 15 fakt, qəzalarda ölənlərin sayı 9 nəfər, xəsarət alanların sayı 44 nəfər az olub.
 
Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.
 
İclasa yekun vuran daxili işlər naziri V.Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib. Eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər