Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır
İdman
149
22:00, Bu gün

Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır

Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır.

Moderator.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyası ölkədə tennisin inkişafı, məşqçilik fəaliyyətinin vahid standartlara uyğunlaşdırılması və milli komandalar üçün peşəkar hazırlıq sisteminin gücləndirilməsi məqsədilə tennis məşqçiləri üçün məcburi akkreditasiya və reakkreditasiya prosesinə başlayır.

Qeyd olunub ki, yeni proses çərçivəsində əvvəllər akkreditasiyadan keçmiş məşqçilərin mövcud statusu yenidən yoxlanılacaq və onların peşəkar fəaliyyətinin hazırkı tələblərə uyğunluğu qiymətləndiriləcək. Müvafiq standartlara cavab verən məşqçilərin akkreditasiyası yenilənəcək.

"Eyni zamanda, bu günə qədər akkreditasiyası olmayan məşqçilərə də federasiya tərəfindən müəyyən edilmiş qaydalar əsasında akkreditasiyadan keçmək imkanı yaradılacaq. Federasiyanın əsas məqsədi ölkədə tennis məşqlərinin keyfiyyətni artrmaq, gənc idmançıların düzgün sistem üzrə hazırlanmasını təmin etmək və milli komandalara namizəd oyunçuların yalnız peşəkar standartlara cavab verən məşqçi mühitində inkişaf etməsinə şərait yaratmaqdır.

Akkreditasiya və reakkreditasiya prosesindən keçməyən, yaxud bu prosesdə iştirakdan imtina edən məşqçilər Azərbaycan Tennis Federasiyasının rəsmi proqramlarında, milli komandaların hazırlıq prosesində və federasiya tərəfindən tanınan inkişaf layihələrində iştirak edə bilməyəcəklər. Federasiya, xüsusilə valideynlərin, yeniyetmə və gənc idmançıların diqqətinə çatdırır ki, akkreditasiyadan keçməmiş məşqçilərlə məşq edən hər hansı oyunçu gələcəkdə peşəkar karyerası çərçivəsində Azərbaycan milli komandalarının tərkibində, eləcə də ölkənin adından beynəlxalq yarışlarda çıxış etmək hüququ əldə edə bilməyəcək, həmçinin federasiya tərəfindən ayrılan hər hansı maddi dəstək, təqaüd, təlim-məşq toplanışı, səfər, inventar və digər dəstək proqramlarından yararlana bilməyəcək.

Bu səbəbdən peşəkar tennis karyerasını hədəfləyən uşaqlar, yeniyetmələr və gənclər məşqçi seçimi zamanı federasiya tərəfindən tanınmış və akkreditasiyadan keçmiş mütəxəssislərə üstünlük verməlidirlər. Valideynlər də bu prosesdə məsuliyyətli yanaşmalı və övladlarının gələcək idman karyerasına təsir edə biləcək bu məqamı nəzərə almalıdırlar. Dünyada məşqçilərin akkreditasiya və reakkreditasiya prosesləri bir çox hallarda ödənişli əsaslarla həyata keçirilir. Lakin Azərbaycan Tennis Federasiyası ölkədə məşqçi potensialının inkişafına dəstək məqsədilə bu prosesi ilkin mərhələdə məşqçilər üçün ödənişsiz şəkildə təqdim edəcək. Akkreditasiya müəyyən müddət üçün veriləcək və müddət başa çatdıqdan sonra məşqçilərin peşəkar fəaliyyəti yenidən qiymətləndiriləcək. Hər il yeni məşqçilər üçün akkreditasiyadan keçmək imkanı yaradılacaq, artıq akkreditasiyadan keçmiş məşqçilər isə müəyyən olunmuş qaydalar əsasında təkrar qiymətləndirmə və reakkreditasiya prosesində iştirak edəcəklər

Azərbaycan Tennis Federasiyası ölkədə tennis məşqçiliyinin peşəkar əsaslar üzərində qurulmasını, məşqçilərin bilik və bacarıqlarının artrılmasını, beynəlxalq təcrübəyə uyğun təlim sisteminin formalaşdırılmasını prioritet istqamətlərdən biri hesab edir.

Akkreditasiya və reakkreditasiya prosesindən keçmək istəyən məşqçilərdən şəxsiyyət vəsiqələrinin surətini və özləri haqqında məlumatları aşağıda qeyd olunan e-mail ünvanına göndərmələri tələb olunur: [email protected]. Əlaqə: +944 55 694 14 66

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər