Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 44 yaşlı məşqçinin təqsirləndirildiyi proses başa çatıb.
O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə A.Mirbabayevə 3 il həbs cəzası verilib. Lakin himayəsində 2 azyaşlı uşaq olduğundan idmançının cəzası onun övladlarının 14 yaşını tamam etməsinədək təxirə salınıb. A.Mirbabayev məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, A.Mirbabayev Bakıda fitnes zallarından birinə rəhbərlik edib. Onun müştəriləri arasında çoxsaylı tanınmış şəxslər olub.
O da məlum olub ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla fitnes zalından külli miqdarda "patı" (metamfetamin) aşkar edilərək götürülüb.
Məhkəmə prosesində idmançının həyat yoldaşının 2 övladını tərk edərək getdiyi və onların rəsmi qaydada boşandığı da qeyd edilib.