Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın İrəvanda baş tutan görüşü sırf diplomatik protokol görüşü idi.
Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə dilə gətirib.
Onun sözlərinə görə, Türkiyə Ermənistan üçün çox böyük əhəmiyyət daşıyan ölkə olsa da, cənab Davudoğlunun İrəvan səfəri zamanı onun Ermənistan prezidenti ilə görüşü baş tutmadı və bu, özü onu göstərir ki, iki ölkə arasında münasibətlər hələ də çox soyuqdur.
Millət vəkili eyni zamanda onu da qeyd edib ki, bütün bu soyuqluqlara rəğmən, son zamanlar Ermənistan tərəfi Türkiyə ilə münasibətləri istiləşdirməyə, yumşaltmağa nail olmaq və bununla da həmin ölkənin geniş imkanlarından yararlanmaq istəyir.
“Ancaq indiki məqamda bu, Türkiyə üçün qəbulolumazdır. Çünki qardaş Türkiyə dövləti, bu ölkənin rəhbərliyi və ən əsası Türkiyə ictimaiyyəti bu münasibətlərə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geriyə qaytarılması şərti ilə yanaşır, hər zaman bu mövqedən çıxış edir
Eyni zamanda, Türkiyənin daim ən böyük strateji müttəfiqi olan Azərbaycanın mövqeyini müdafiə etməsi, Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə dəvət etməsi çox vacib bir addımdır”.
A.Mirzəzadə həmçinin bildirib ki, xarici işlər nazirlərinin məlum görüşü həm də beynəlxalq təşkilatların İrəvanda təşkil etdikləri tədbir çərçivəsində reallaşdırılan adi bir görüşdür.
“Düzdür, Türkiyə tərəfi bu görüşlə, səfərlə bağlı bir yenilik də etdi, yəni, o, bu görüşə xarici işlər naziri cənab Davudoğlunu yox, Türkiyə Xarici İşlər Nazirliyinin başqa bir məsul əməkdaşını da göndərə bilərdi. Həmçinin, Türkiyə tərəfindən bu görüşə, səfərə 3 erməninin də cəlb olunması Türkiyənin Ermənistana bir jesti kimi qəbul edilə bilər.
Amma bir daha qeyd edirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin istiləşməyə, yaxınlaşmaya doğru getməsi yalnız bir şərtlə - Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməsi şərt ilə, bu işğala son qoyulandan sonra mümkün ola bilər və qardaş Türkiyə dövləti də Ermənistanla münasibətlərdə hər zaman ciddi şəkildə bu məqamı nəzərə alır”, - deyə, A.Mizəzadə sonda sözlərinə əlavə edib.