“Bu yaramazlar icra hakimiyyətlərini bankomata çevirib,  YAP biletlərini də rüşvət kartlarına...” 
4871
19 May 2020 | 13:43

“Bu yaramazlar icra hakimiyyətlərini bankomata çevirib, YAP biletlərini də rüşvət kartlarına...” 

“Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, ilk Milli Məclisin deputatı  kimi mənim üçün çox ağır və dözülməzdir ki, bu rüşvətxor və korrupsioner şəbəkə ucbatından dövlətçiliyimizə belə  zərbələr vurulur. Bəli,  rüşvətxorların aşkar edilib cəzalandırılması inzibati orqanların, güc və təhlükəsizlik strukturlarının bilavasitə vəzifəsi və borcudur... Amma  təəssüf ki, son hadisələr onu göstərir ki,  artıq elə bir vəziyyət yaranıb, bu yaramaz rüşvətxor və korrupsionerlər icra hakimiyyətlərini bankomata çevirib, YAP biletlərini də rüşvət kartlarına... Buna dözmək olmur. Şəxsən YAP-da əməyi olan, minbir zülm və əziyyətlə bu partiyanı yaradanlardan biri kimi mən buna dözə bilmirəm...”

 Bu fikirləri Moderator.az-a açıqlamasında 1990-cı illərin əvvəllərində icra hakimiyyəti başçısı vəzifəsində çalışmış, Yeni Azərbaycan Partiyasının fəal qurucularından biri, sabiq deputat Maksim Musayev son günlər ölkədə icra başçılarının və digər vəzifəli məmurların korrupsiyaya qurşanmasıyla bağlı  geniş müzakirə olunan məsələlərə münasibət bildirərkən söyləyib.   

“Vaxtilə mən də rayon rəhbəri olmuşam.  Tale elə gətirdi ki,  Heydər Əliyev Azərbaycan KPMK-nın birinci katibi olduğu dövrdə - 1982-ci ilin aprelində sonuncu rayon 1-ci katibi kimi mənim əmrimi verdi – Qax rayonuna rəhbər göndərdi... İlk Prezident  Ayaz Mütəllivovun dövründə də birinci katib işlədim, sonra isə yenə icra başçısı. Elçibəy hakimiyyəti dövründə isə cəmi 6 ay həmin vəzifədə qaldım. Hər iki prezidentlə birgə işlədik... 

Onu  da deyim ki,  mən Elçibəy hakimiyyətinə müxalifətdə olmuşam. Özü də qatı müxalifətdə. Bir-birimizin gözündə tük axtarırdıq...  Amma istər Ayaz Mütəllibovun rəhbərliyi, istərsə də Elçibəy dönəmində biz rüşvət barədə düşünə bilməzdik. Heç bu haqda fikirləşmək mümkün deyildi. Biz o qədər halal və təmiz işləmişik ki, indi buna inanmazlar ki, belə təmiz də işləmək olar... 

Keçmiş rayon rəhbəri sovet dövründəki  rayon partiya komitəsinin  1-ci katibliyi və hazırkı icra başçılığı vəzifələri arasında müqayisəli təhlil də aparıb və  o illərdə 1-ci katiblərə, eləcə də digər məmurlara qarşı partiya nəzarətinin ciddi tətbiq edildiyini vurğulayıb:

“Soruşa bilərsiz ki, sovet dövründəki raykom birinci katibliyi ilə indiki icra baçılığı vəzifələri arasında hansı fərqli cəhətlər var.  Hər iki dönəmdə rayon rəhbəri işləmiş şəxs kimi deyə bilərəm ki,  o dövrdə rayon  1-ci katiblərinin səlahiyyətləri xeyli üstün idi.  İlk növbədə o strukturda  xüsusi cəza metodları var idi. Kommunistlərin cəzalanması halları mərhələ- mərhələ icra edilirdi: şifahi xəbərdarlıq, yazılı töhmət, şiddətli  töhmət və partiyadan xaricedilmə...  Bu cür partiya cəzaları vəzifəlilər üçün ciddi siqnal idi ki, siz artıq işdən qovulma və həbs olunma astanasındasınız...  Hazırkı icra hakimiyyətlərinə gəldikdə, burada  həm tələbkarlıq azdır, həm də hesabat tələb olunmur. Halbuki,  raykom 1-ci katibləri ildə iki dəfə hesabat verirdilər. Və həmin hesabat həm aşağı, həm də yuxarı səviyyələrdə qiymətləndirilirdi... 

Bir neçə dəfə hesabat verən, məruzə edən keçmiş birinci katib kimi bir məqamı da xatırlada bilərəm.   O vaxt həm Moskvanın, həm də Bakının tələbi idi ki,  hesabat məruzəsində bir neçə dəqiqə Moskvanı, sonra Bakıdakıları tərifləməli idin, sonra öz yaxşı işlərini tərifləməli, daha sonra isə çıxışının 15-20 faizini tənqidə həsr etməli idin.  Nöqsanların araşdırılması, həmin nöqsanların yaranmasında təqsirkarlar, hansı nəticələr çıxarılması və təqsirkarlar haqda hansı tədbirlərin görülməsi barədə danışmalı idin. Bax, bu məqam  xeyli  şərait yaradırdı ki, rayon rəhbərlərinin özləri ilə yanaşı, idarə müdirləri, kolxoz sədrləri və s. bir az özlərini yığışdırıb tamahlarına “dur” desinlər...   

Həm sovet dönəmində, həm də müstəqillik illərində rüşvət verərək “irəli” getməyə, “yeyib-dağıtmağa” vərdişkarlar rayon rəhbərləri ətrafında fır-fır fırlanıb gözə girmək üçün məqam axtarırdılar.  Vəzifəyə  qədəm qoyduğun ilk günlərdə işə gələndə baxırsan ki, belə üzdəniraq işbazlar qəbul otağında düzləniblər. Guya bunlar  hansısa konkret işi müzakirə etmək üçün gəliblər. Halbuki, bir neçə kəlmə işdən danışandan sonra  keçirlər, “əsas” mövzuya ki, bəs filankəs müəllim, qonaq-qaranız olur, uşaq oxudursunuz, bəlkə... Bu halda çox ustalıqla onları qovmalısan.  Əgər tamahına “dur” deməsən, bir də ayılacaqsan ki, belələri hamısı boynuna miniblər. Ailən də, uşaqların da biabır oldu, sonra da damğa vuruldu sənə və türməyə düşdün...  

Bir maraqlı epizodu da xatırladım. Rüşvətxorlar rayon başçısının kabinetindən çıxandan sonra aralarında müzakirə aparırlar: “Ə, nə oldu bir şey verə bildinmi? Nəyə “gedir”? Pula “gedir”, qızıla “gedir”, qonaqlığa “gedir”, yaxud eşqbazlığa “gedir”?.. Biri cavab verir ki, əşşi bu, pula “getmədi”. O birisi də deyir ki, get, gör bir bahalı üzükdən-filandan hədiyyə eləməyə çalış və s...  

Bir sözlə, elin gözü tərəzidir.  Vəzifədə  heç nəy gizlədə bilməzsən. Bir dənə qoçaqlığın o olar ki, tamahına qalib gələ biləsən. Bunu edə bilməsən, Aşqabad batan kimi batarsan, necə ki, indi yaxalanan başçılar batır...

Özü də indi elə zamandır ki,  nəinki cibindəki pulu, danışdığın sözü, aldığın nəfəsi, hətta beynindəki fikirləri də gizlətmək olmur. İnternet, texnologiya əsridir...  Görün, bu icra başçıları nə qədər savadsız imişlər ki,  bu məqamı da nəzərə almayıblar...”  

Maksim Musayev icra başçıları və digər yüksək vəzifəlilərin rüşvətxorluğa, dələduzluğa qurşanmasının əsas səbəblərinə də toxunub:

“Bu rüşvətxor başçıların bu günə düşməsində yalnız özləri təqsirkar deyillər. Əvvəla, onların aylıq maaşları çox aşağıdır. Hədsiz dərəcədə... Əgər icra başçılarına 5-10 min manat maaş versələr, bəlkə də çoxları girişməzdi bu çirkin əməllərə...

Yadımdadır ki,  1991-ci ildə   o vaxtkı Prezident Ayaz Mütəllibov tərəfindən yenicə yaranan icra hakimiyyətləri barədə 6 ay müddətinə təsdiqlənmiş.əsasnamədə yazılmışdı ki,  maaşlar rayonların əhalisinin sayına uyğun olaraq müəyyən edilir. İndi də  bütün bunları nəzərə almaqla icra başçılarının maaşları dəfələrlə qaldırılmalıdır...”

"Açığı deyim ki, bu məsələlər o qədər ağırlaşıb ki, ölkəmizin içəridən çürüməyə getməsi hiss olunur. Burada təqsirkar mən yalnız müvafiq dövlət strukturlarını deyil, partiyanın yaradıcılarından biri kimi,  YAP-ın İdarə Heyəti və Siyasi Şurası üzvlərini də təqsirkar görürəm, onlar da ciddi məsuliyyət daşımalıdırlar...  

Mən Moderator.az redaksiyasından təkidlə xahiş edirəm ki, bu fikirlərim olduğu kimi verilsin... Çünki tənqid və özünətənqid olmasa, cəmiyyət, ölkə, dövlət inkişaf edə bilməz... Qoy kimlərsə, mənim sözlərimdən inciyib ora-bura yozmaq əvəzinə, konkret nəticələr çıxarıb işlərində kəskin dönüş yaratsınlar... 

Neçə illərdir bunlar fəxrlə məlumat verirlər ki, partiyamızın  700 min üzvü var. Budurmu sizin  partiya üzvləri ilə gördüyünüz işlərin nəticəsi?  1992-1993-cü illərdə biz  heç bir ciddi maliyyə bazası-filan olmadan cəmi-cümlətanı   150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olduq.  Bəs sizin 700 minlik partiya üzvləri arasından  bu rüşvətxor dəstəsi necə peyda olub ortaya çıxıb? Hanı sizin siyasi, ideoloji maarifləndirmə, tərbiyə işləriniz?..   

Sizlərin hazırda özünüzün,  rayon şöbələrinin  qərargahlarının kabinetlərinə girirsən, adam heyran qalır... Mən Kremldə də  olmuşam, orda da belə yüksək səviyyəli dəm-dəsgah  görməmişəm.  Prezident, dövlət şərait yaradıb, zəhmət çəkin, işləyin də...  Yoxsa yalnız kefə, eyş-işrətə baxmaqdı sizin məqsədiniz? Bu minvalla ölkəmizin o ağır günlərində minbir əziyyətlə yaradılmış partiyanı pis vəziyyətdə qoyursunuz axı...  Ona görə də dözmək olmur bunlara... Kimsə yaxşı iş görməyib qürrələnəndə adama çox pis təsir edir...  Budurmu sizin gördüyünüz işin nəticəsi?  Yaxşı iş olanda qürrələnərsiniz, bir balaca pis işlə rastlaşanda, niyə belə olmasının səbəbini soruşanda  cavab verirsiz ki, cənab Prezidentin tapşırığını gözləyirdik. Məgər əliəyri, tamahkar partiya üzvlərinə doğru yol  göstərmək üçün  cənab Prezidentin birbaşa göstərişinə, tapşırığına ehtiyac var. Bəs sizlərin şəxsi vicdanı, partiya, dövlət qarşısındakı məsuliyyəti harada qaldı?.. Məgər cənab Prezidentin vaxtı, imkanı var ki, hər rayonda hansısa icra başçısının, digər rəhbər məmurun nə işlə məşğul olduğunu, kimdən nə verib-aldığını görə bilsin? Bunları sizin nəzarət etdiyiniz mərkəzi aparat və rayon şöbələri  bilməlidir. Axı, demək olar ki, bütün icra başçıları, nazirlər, digər yüksək vəzifəli məmurların hamısı YAP üzvləridir.  Bunların işlərinə partiya tərəfindən nəzarət olunmalı, nöqsanları, günahları müəyyən edilməli,  cinayətə meyl edənlər bundan çəkindirilməli, yeri gələndə partiya cəzaları tətbiq edilməlidir... Prezident Administrasiyasının şöbələri düzgün işləmir, heç olmasa, partiyanın şöbələri işləsin... İkincisi də Administrasiyanın əsas əməkdaşlarının sayı, uzağı, 150-200 nəfər olar. Axı partiyanın 700 minədək üzvü var. Sovet dövründə Azərbaycanda      Kommunist Partiyasının  400 mindən artıq üzvü olmazdı... 

Bu biabırçılıqları mən  YAP-a da, Azərbaycan dövlətçiliyinə də ağır zərbə, ləkə hesab edirəm. Bunu   müstəqil dövlət  quruculuğumuzda erroziya faktı kimi dəyərləndirmək olar. Bunlar Konstitusiya əleyhinə cinayətdir. Beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salmaqdır. Daha bundan artıq nə olmalıdır ki,  YAP-ın rəhbər üzvləri nəticə çıxarsın. Və əgər Siyasi Şurada və İdarə Heyətində qeyrətli  oğullar varsa,  onlar istefa verməlidirlər ki, xalqın və bizim kimi partiya qurucularının ürəyi soyusun. Bu, partiya üçün fövqəaladə vəziyyət deməkdir... 

Bəzi rəhbər YAP üzvləri deyir ki,  hardadır prokurorluq, digər dövlət qurumları, niyə vaxtında tədbir görmürlər bu rüşvətxorlar haqda. Sual olunur ki, bəs siz hardasınız, niyə üzvləriniz haqda vaxtında tədbir görmürsünüz? İkincisi də imkan verirsiz ki, prokurorluq, digər orqanlar qaydasında işləsin.  Bir sözlə,  partiya rəhbərliyi məsuliyyətdən yaxasını heç cür kənara çəkməməli, heç olmasa, bundan sonra təcili tədbirlər görməlidir... 

Eyni zamanda mən bu günədək  işsiz qalan  YAP-ın ilk Siyasi Şurasının üzvlərindən, təcrübəli, qocaman sıravi üzvlərindən də inciyirəm.  Onlar da  öz qəti etirazlarını bildiriməlidirlər qurulması üçün əzab-əziyyət çəkdikləri partiyanın üzdəniraq üzvlərinin  bəhs etdiyimiz yaramaz əməllərinə qarşı... 

Bu məsələyə heç kəs laqeyd qalmamalıdır. Bir daha təkrar edirəm, bu, xalqımızın, dövlətimizin, bizim nəvələrimizin, nəticələrimizin gələcəyinə vurulan ən ağır zərbədir...” – deyə Maksim Musayev təəssüf hissi ilə fikirlərini tamamlayıb.

Sultan Laçın

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər