Bizi sosial şəbəkələrdən izləyin:
“Hazırda AFFA Məşqçilər komitəsində çalışıram. Bütün oyunlara baxırıq, öz rəyimizi bildiririk. Məşqçilər komitəsinin hüquqları var və o hüquq çərçivəsində biz hərəkət edirik. Futbolumuz üçün çalışırıq. Biz istəyirik ki, Azərbaycan futbolu həm klub səviyyəsində, həm də yığma səviyyəsində inkişaf etsin”.
Bunu Moderator.az-a özəl açıqlamasında Əməkdar məşqçi, futbol mütəxəssisi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov deyib.
O daha sonra əlavə edib:
“Mütəmadi olaraq yığmaların məşqçilərini çağırırıq, söhbət edirik. Planlar haqda maraqlanırıq, istəyirik ki, onlar da inkişaf etsinlər. Əlbəttə ki, meydançada deyilik. Meydançada olduğum illər üçün çox darıxıram. Mən yaşlı vaxtımda da işləyə bilərdim, məni daha doğrusu uzaqlaşdırdılar. Yolu hər zaman cavanlara vermək lazımdır. Hər zaman sözün düzünü demişəm. Nə vaxt lazım olsa yenə də sözün düzünü deyəcəm. Futbol hər gün inkişaf edir. O inkişafdan geri qalmaq mümkün deyil. Futbol inkişaf etdikcə oyunçular da, məşqçi korpusu da inkişaf edir. Bizim cavan oyunçularımız da, məşqçilərimiz də bundan bəhrələnir. Hazırda yaddan çıxarmaq lazım deyil ki, biz Azərbaycanda yaşayırıq, öz qürurumuz var və bundan da əlavə biz qalib xalqın vətəndaşlarıyıq. Ona görə də hər bir futbolçu addım atanda bunları fikirləşməlidir. Yerli-yersiz hərəkətlər yolverilməzdir”, - deyə Ağasəlim Mircavadov bildirib.