İşığın yaddaşı, yaddaşın işığı - FOTOLAR
251
19:55, Bu gün

İşığın yaddaşı, yaddaşın işığı - FOTOLAR

 
(Rəssam Tahir Şıxəliyevin sərgisi haqqında)
 
Bilməm, sizlərdə də belə olurmu? – bir sərgiyə gedirsən və sənə elə gəlir, sənət əsərinə baxmırsan – onun içindən keçib harasa gedirsən… Bəzən də, sanki əsər özü bizə tamaşa edir – sanki sərgilənən o deyil, bizim hisslərimizdir…
 
Bax, belə bir məqamın, halın və ya ovqatın, yaraşığın və ya yaraşdırmanın içində baş tutdu Tahir Şıxəliyevin fərdi sərgisi... Sərginin açılışı bir tanıtımın üstündəydi, məncə – elə bil işığın yaddaşla görüşü baş verirdi... Bu, rəngin fəlsəfə ilə danışdığı, formanın ruh qazandığı bir mədəni hadisə idi...
 
Gəlin rəssam və başlanğıc mövzusuna keçid edək – Bakıdan doğan sənət işığının peşinə düşək…
 
Məncə, adı-soyadı da etimoloji olaraq işıqla səsləşən Tahir Şıxəliyev üçün sənət peşədən irəli – varoluş formasıdır. O, Bakıda doğulmuş, erkən yaşlarından rəsmə bağlanmış və bu bağlılığı ömürlük missiyaya çevirmiş sənətkarlardandır.
 
Onun sənətində coğrafiya – məkan olmaqdan çıxaraq, enerji qaynağı kimi çıxış edir.
 
“Bizim Bakı, bizim ürək” – onun üçün sadəcə doğulduğu şəhər və ölkə paytaxtı olmağın ötəsində qərar tutub. Bakı – onun ömrünün işıq başlanğıcıdır. Bəli, Bakı-Tiflis yolunun üstündə Ləki var, quzey-batıda Şəki var, güneydə Maku var ancaq Bakıdan başqa Bakı yoxdur… 
 
Bax, elə bəlkə bu səbəbdəndir, onun əsərlərində Paris də Bakı kimi görünür, Venesiya da, İstanbul da… Çünki baxış dəyişmir. Baxış – milli ruhdan doğmurmu?..
 
Ruh… Ruhlanmaq… Ruha gəlmək… Budur, “sənətin ruhu olmalıdır” deyirlər – və onu da deyirlər, bu ruh işığadır, işıqlıdır, işıqladır, elə işığın özüdür!
 
Sənətin əsası ruhdur. – Rəssamın özü də belə vurğulayır; amma bu ruh Tahir Şıxəliyevdə konkret bir forma alır: bəli, o formanın da, məzmunun da adı işıqdır.
 
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda nümayiş olunan əsərlərə baxdıqca bu çox aydın görünür:
 
-“Biz başqa planetə uçacağıq” – kosmik vəhdət içində insanın parçalanmış, amma işıqla birləşən təxəyyülü…
 
-“Ailə” – qaranlıq fonun içində belə işıq saçan insani bağlar…
 
-“Dolunayın şəhəri” – gecənin içində gizlənən işıq arxitekturu…
 
-“Çiçəklər şəhəri” – yaşamın rənglərlə partlayan manifesti…
 
Burada işığın yalnız rəng olmadığını, onun, belə deyək, ideya olduğunu görürük, ideyalı olduğunu fərq edirik.
 
Tahir Şıxəliyevin əsas sənətkarlıq gücü onun kompozisiya düşüncəsindədir.
 
İlk baxışda əsərlər parçalanmışdır, çoxqatlıdır yaxud xaotik görünümlüdür; amma bir az dərin baxanda bunun xaos təsiri bağışlayan, əslində isə idarə olunan çoxluq səciyyəsini anlayırsan.
 
Onun əsərlərində rənglər bir-birini sıxışdırmır, formalar toqquşmur, elementlər bir-birini “yormur” və də tamamlayır…
 
Bu, əlbəttə, təsadüf deyil; bu, artıq bir məktəbdir – işıq estetikasının məktəbi…
 
O, ünlü Əzim Əzimzadə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (indi Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) və Tiflis Rəssamlıq Akademiyasının estetik təcrübəsini daşıyan sənətkardır.
 
Onda milli yaddaş və çağdaşlıq: paralel axın etmir, sintez təşkil edir.
 
Sözügedən sərgidə ən diqqətçəkən məqamlardan biri ənənə ilə çağdaşlığın qarşı-qarşıya durmaması, əksinə – vəhdətə çevrilməsiydi.
 
İçərişəhər motivləri,
 
Abşeron iqlimi,
 
Novruz ruhu,
 
ailə və vəhdət anlayışı… – Hamısı işıqlı və gözəldir. – Elə bil bütün bunlar yalnız təsvir olunmur – yenidən qurulur.
 
Bax, bax, bu, nostalji sayılmaz; söhbət yenidən interpretasiya olunmuş yaddaşın özündən gedir.
 
Tahir Şıxəliyevdə qrafika belə rəngsizliyin içində işıq kimidir…
 
O, yalnız rənglə danışmır.
 
Onun qrafik əsərlərində belə ağ-qara kontrast, xətlərin ritmi, formanın minimalizmi… yenə də işıq doğurur.
 
Buna artıq texnika deyib keçə bilmərik; bu, təfəkkürün işıq formasına çevrilməsidir.
 
Tahir Şıxəliyev öz əsərləri ilə səssiz bir sual verir:
 
Əgər başlanğıc işıq deyilsə bəs onda son necə olacaq?.. – Bu ritorik sualın cavabı onun bütün yaradıcılığıdır…
 
Beləliklə, işıq – sənətkarda estetik kateqoriyaya sığmır və həm də etik kateqoriyaya dönüşür…
 
Mən sərgidən çıxanda işığın vizual effekt olmaqdan üstün – dəyər daşıyıcısı olduğu düşüncəsinə vardım.
 
İşıq – milli kimlikdir;
 
İşıq – mədəni yaddaşdır;
 
İşıq – insanın içindən gələn bir başlanğıcdır...
 
Tahir Şıxəliyev bax, həmin bu başlanğıcı göstərməkdən irəli gedib – onu yaradır…
 
Sənətkar işığı çəkmir… Sənətkar işıq olur. – Tahir Şıxəliyevin işıqlı sərgisi bir daha sübut etdi.
 
İşıqlı fırçalar var olsun!
 
Əkbər QOŞALI
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər