Universitetlər sadəcə təhsil müəssisəsi deyil, milli düşüncənin formalaşdığı məbədlərdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti də bu missiyanı şərəflə daşıyan elm və təhsil ocaqlarından biridir. Məhz belə universitetlərdə yetişən gənclər gələcəyin müəllimi, alimi, dövlət xadimi və ziyalısı olacaqdır.
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” adlı yeni kitabının təqdimatı oldu.
Professor Elman Quliyevin müəllifi olduğu “Türk xalqları ədəbiyyatı” kitabı sadəcə dərslik deyil. Bu nəşr, böyük bir mədəniyyət coğrafiyasının yaddaşı, ortaq köklərimizin elmi ifadəsi, yüz illərin dəyərlərini özündə daşıyan bir mənəvi irsin sistemli təqdimatıdır.
Türk xalqları tarix boyu yalnız qüdrətli dövlətlər qurmaqla deyil, həm də bəşəriyyətə yüksək mədəniyyət nümunələri bəxş etməklə tanınmışdır. Orhon-Yenisey yazılı abidələrindən “Kitabi-Dədə Qorqud”a, Nizami Gəncəvidən Füzuliyə, Əlişir Nəvaidən Çingiz Aytmatova qədər uzanan möhtəşəm ədəbi irs bizim ortaq mənəvi sərvətimizdir. Bu sərvətin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması isə hər bir ziyalının tarixi və mənəvi borcudur.
Müasir dövrdə Türk dünyasında inteqrasiya prosesləri yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Türk dünyasının birləşdirici mərkəzlərindən birinə çevrilib. Siyasi, iqtisadi və humanitar sahələrdə dərinləşən əməkdaşlıq fonunda elm, təhsil və ədəbiyyat sahəsində ortaq layihələrin əhəmiyyəti daha da artır.
Bu baxımdan, “Türk xalqları ədəbiyyatı” kitabının nəşri yalnız akademik hadisə deyil, həm də strateji əhəmiyyət daşıyan mühüm mədəniyyət hadisəsidir. Çünki xalqları bir-birinə ən möhkəm bağlayan qüvvə təkcə coğrafiya deyil, ortaq dil, ortaq düşüncə və ortaq mədəni yaddaşdır. Bu günkü gənc nəsil öz soy-kökünü, tarixi-mədəni kimliyini, ortaq mənəvi sərvətlərini daha dərindən bilməlidir. Çünki güclü gələcəyə aparan yol güclü yaddaşdan keçir.
Professor Elman Quliyev uzun illər ərzində beynəlxalq səviyyədə türkoloji fikrin inkişafına dəyərli töhfələr verən, elmi fəaliyyəti ilə həm Azərbaycanda, həm də qardaş türk respublikalarında tanınan alimdir. Onun bu kitabı çoxillik zəhmətin, geniş elmi təcrübənin və Türk dünyasına sevginin məhsuludur. Bu əsər tələbələr, müəllimlər, tədqiqatçılar və ümumilikdə Türk dünyası ilə maraqlanan hər bir oxucu üçün etibarlı mənbədir.
Şübhə yoxdur ki, bu kitab auditoriyalarda geniş istifadə olunacaq, yeni tədqiqatlara yol açacaq, Türk dünyası haqqında elmi təsəvvürləri daha da zənginləşdirəcəkdir.
Belə dəyərli bir əsəri ərsəyə gətirdiyinə görə professor Elman Quliyevə, rəyçilərə, redaktorlara, bu kitabın nəşrində zəhməti olan bütün elm ziyalılara dərin təşəkkürümü bildirirəm.
Arzumuz budur ki, Türk dünyasının mənəvi birliyi daim möhkəmlənsin, mənəvi irsimiz gənc nəsillərimizin yoluna işıq saçsın.
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı