“ETN nə vaxta qədər təhsili arxaik, primitiv, səmərəsiz üsullarla “irəli”lədəcək?..”
“Bu gün diaspor təhsilinin təşkilində əsas məsələ “Neçə müəllim göndərildi?” kimi yox, “Azərbaycan dili rəqəmsal gələcəyə niyə hazır deyil?” kimi olmalıdır…”
"Azərbaycan diasporunda yaşayan uşaqlara ana dilini öyrətmək məqsədi ilə müəllimlərin müxtəlif ölkələrə ezam olunması ideyası 50 il əvvəl məntiqli görünə bilərdi..."
“Azərbaycan dili üçün Sİ əsaslı qlobal təhsil platforması yaratmaq strateji zərurətdir. Bu həm də Borçalıda yaşayan soydaşlarımızın təhsil sahəsində 35 ildə toplanan problemlərinin həllinə dəstək olar…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Diaspor təhsilində niyə innovasiyalar yoxdur? ETN niyə süni intellekt (Sİ) əsaslı ana dili platforması yaratmır?” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“KİV yazır ki, ETN diasporda yaşayan azərbaycanlı uşaqlara ana dilinin tədrisi üçün 1 illik ezamiyyəyə yollamağa müəllim axtarır. Amma süni intellekt və distant təhsil dövründə bu, iynə ilə yer eşmək kimi görünür.
Süni intellekt əsasında Azərbaycan dilini öyrədən normal distant təhsil platforması yaratmaqla bu məsələni 1-2 ölkədə yox, bütün dünyada yaşayan azərbaycanlılar üçün həll etmək olardı.
ETN nə vaxta qədər təhsili arxaik, primitiv, səmərəsiz üsullarla “irəli”lədəcək?
Süni intellekt əsaslı Azərbaycan dili platforması zəruridir .
Azərbaycan diasporunda yaşayan uşaqlara ana dilini öyrətmək məqsədi ilə müəllimlərin müxtəlif ölkələrə ezam olunması ideyası 50 il əvvəl məntiqli görünə bilərdi. XXI əsrin ortalarına yaxınlaşdığımız, süni intellektin təhsili kökündən dəyişdirdiyi bir dövrdə bu yanaşma artıq köhnə modeldir.
Bu gün dünyada universitetlər platformaya çevrilir, Sİ müəllimlərin yaxın köməkçisidir, adaptiv öyrənmə sistemləri inkişaf edir, dil öyrənmə tətbiqləri milyonlarla istifadəçiyə xidmət göstərir. Belə bir şəraitdə Azərbaycan dilinin xaricdə yaşayan uşaqlara öyrədilməsi üçün “müəllimi ezam etmək” yox, “rəqəmsal-intellektual platformalar” yaradılmalıdır. Əks halda problem əsaslı həll edilmir, sadəcə müvəqqəti idarə edilir…
Problemin mahiyyəti...
Problemin ETN tərəfindən təklif edilən həllinin xüsusiyyəti lokal, fragmentar, bahalı, miqyassız, köhnə idarəetmə məntiqinə əsaslanmasıdır. Bir neçə müəllimin 1-2 ölkəyə ezam olunması milyonlarla diasporda yaşayan uşağın ana dili problemini sistemli şəkildə həll edə bilməz. Çünki məsələnin kökündə “müəllim azlığı” deyil, “təhsil infrastrukturu problemi” dayanır…
Bəs bu problem dünyada necə həll edilir?..
Beynəlxalq təcrübədə bu məsələ Duolingo, Coursera, Khan Academy, Udemy kimi platformalarla həll edilir, milyonlarla insana, sərhədsiz, fərdi, Sİ əsaslı təhsil təqdim edilir. Artıq dil öyrənmə platformalar üzərindən gedir. Bəs niyə Azərbaycan dili üçün Sİ əsaslı, adaptiv, çoxdilli, qlobal miqyaslı rəqəmsal platforma yaradılmır?
Yeni model necə olmalıdır?..
Sİ əsaslı Azərbaycan dili platforması yaradılmalıdır. Belə platforma həm öz vətəndaşlarımıza, həm də diaspor uşaqları, xarici tələbələr, qarışıq ailələr, türk dünyası, Azərbaycan dili öyrənmək istəyən hər kəs üçün faydalı olardı.
Platformanın əsas funksiyaları
1. Sİ müəllim sistemi.
Uşaq 24/7 rejimində, səsli, vizual, interaktiv Sİ müəllimlə (tyutorla) danışa bilməlidir. Sİ sistemi səhvləri analiz etməli, tələffüzü korreksiuya etməli, fərdi tədris planı qurmalı, motivasiya yaratmalıdır.
2. Adaptiv öyrənmə.
Hər uşaq fərqli sürət, üsul, psixoloji xüsusiyyətlərlə öyrənir. Sİ sistemi səviyyəni ölçməli, uyğun kontent verməli, fərdi inkişaf xəritəsi yaratmalıdır.
3. Oyun texnologiyası (gamification).
Bu vacib məsələdir. Diaspor uşaqları üçün klassik dərs modelindən fərqli texnologiyalar: platforma oyunları, rəqəmsal avatarlar, yarışlar, sosial motivasiya sistemi təklif edilə bilər.
4. Sİ danışıq sistemi.
Ən böyük problemlərdən biri uşaqların ana dilini az eşitməsidir. Platforma Sİ tərcümə sistemi, səslərin qarşılıqlı əlaqəsi, nitq tanıma sistemləri ilə işləməlidir.
5. Çoxdilli interfeys.
Platforma Azərbaycan, rus, ingilis, türk, alman, fransız dilində interfeyslərinə malik olmalıdır.
Platformanın strateji üstünlükləri...
1. Miqyaslaşma problemi həll olunur. Bir müəllim 20–30 uşağa dərs deyə bilər. Sİ platforması isə milyonlarla istifadəçiyə xidmət edə bilər.
2. Xərc azalır. Müəllim ezamiyyəti bahalı, davamlı olmayan, inzibati yük yaradan modeldir. Platforma isə davamlı, uzunmüddətli fəaliyyətdir.
3. Keyfiyyət standartlaşır. Ənənəvi modeldə müəllimdən müəllimə fərq yaranır. Sİ platformasında isə vahid metodologiya, vahid keyfiyyət, vahid kurikulumla işləyir.
4. Data əsaslı idarəetmə yaranır. Platforma neçə uşağın öyrəndiyini, hansı mövzuda çətinlik çəkdiyini, hansı regionda problemin olduğunu real- vaxtda göstərə bilər.
Bu layihə sadəcə dil layihəsi deyil. Bu milli təhlükəsizlik, mədəni suverenlik, rəqəmsal suverenlik, diaspor siyasəti, insan kapitalı layihəsidir.
Dilin rəqəmsal gələcəyini yaratmaq zəruridir. Əgər Azərbaycan dili Sİ sistemlərində, “NLP” modellərində, səs texnologiyalarında, təhsil platformalarında güclü təmsil olunmasa, gələcək nəsillər ana dilində düşünməyəcək, texnologiyanı başqa dillərdə istifadə edəcək. Bu isə uzunmüddətli dövrdə mədəni aşınma yaradır.
IX. Platformanın texnoloji arxitekturasının əsas komponentləri :
A. Azərbaycan dili LLM modeli: dil korpusu, akademik kontent, danışıq datası, uşaq dili datasetləri.
B. Nitq Sİ: nitq tanıma, tələffüz analizi, səs sintezi.
C. Təlim analitikası: irəliləyişin izlənməsi, adaptiv təlim, Sİ tövsiyə sistemləri.
D. Bulud infrastrukturu: mobil tətbiq, veb platforma, oflayn rejim, qlobal giriş.
ETN-nin səhvi nədədir?
ETN səhv XXI əsrdə problemi XX əsr üsulları ilə həll etməyə çalışmasıdır. XX əsrdəki modeldə müəllim göndərilirdi, yeni modeldə platforma quruıur.
Müəllim yenə lazımdırmı? Bəli. Amma onun rolu dəyişir. Müəllim informasiya ötürən deyil, mentor, moderator, motivator, mədəniyyət daşıyıcısı olmalıdır.
Bu layihə necə reallaşa bilər?
1-ci mərhələ: Sİ Azərbaycan dili platforması, mobil tətbiq, əsas dil modulları.
2-ci mərhələ: Sİ danışıq sistemi, diasporaya inteqrasiya, oyunlaşma.
3-cü mərhələ: Virtual Azərbaycan məktəbi, Sİ repetitor şəbəkəsi, qlobal Azərbaycan təhsil buludu.
Kimlər iştirak etməlidir? ETN, Diaspor Komitəsi, XİN, yerli universitetlər, şirkətləri, EdTech startapları, diaspora təşkilatları...
Problem texnologiya deyil…
Əsas problem idarəetmə düşüncəsi, strateji baxış, texnoloji vizyon çatışmazlığıdır. Azərbaycan təhsili, diaspor siyasəti, diaspor təhsili tədbir yönlü modeldən, platforma yönlü modelə keçməlidir. Çünki XXI əsrdə dili, təhsili, mədəniyyəti, milli kimliyi səmərəli qoruyan vasitə rəqəmsal platformalardır.
Bu gün diaspor təhsilinin təşkilində əsas məsələ “Neçə müəllim göndərildi?” kimi yox, “Azərbaycan dili rəqəmsal gələcəyə niyə hazır deyil?” kimi olmalıdır.
Əgər Sİ əsaslı Azərbaycan dili platforması, rəqəmsal təhsil infrastrukturu, qlobal diaspor təhsili sistemi yaradılmasa, gələcəkdə ana dili istifadəsi zəifləyəcək, mədəni əlaqə azalacaq, diasporun yeni nəsilləri assimilyasiya riskinə daha çox məruz qalacaq. Bu səbəbdən Azərbaycan dili üçün Sİ əsaslı qlobal təhsil platforması yaratmaq strateji zərurətdir. Bu həm də Borçalıda yaşayan soydaşlarımızın təhsil sahəsində 35 ildə toplanan problemlərinin həllinə dəstək olar…
Müəllif:
Dosent İlham Əhmədov