“Tarix göstərir ki, dövlətlərə ziyanı tək xarici düşmənlər vurmur, bəzən daxili intellektual boşluq peşəkar sükutdan, idarəetmə təkəbbüründən, səriştəsiz qərarlardan, gerçəkliyin gizlədilməsindən də dövlət, xalq əziyyət çəkir...”
“Bizim ciddi problemlərimizdən biri də “loyal kadr” modelinin “peşəkar kadr” modelindən üstün tutulmasıdır. Bəzi hallarda problemləri göstərənlər “narazı” sayılır, riskləri izah edənlər “maneə” kimi təqdim olunur. Tənqid edənlər “təhlükə”li hesab edilir, susanlar isə “uyğun” kadr, “dövlətçi” sayılır...”
“Əgər mütəxəssis səhvləri görür, amma danışmırsa, bu, xəyanətdir. Bu onun öz peşəsinə, xalqına, vətəninə, dövlətinə xəyanətidir. Bu strateji idarəetmənin mühüm məsələsidir...”
“Bizdə idarəetmənin başqa bir faciəsi “bəli, baş üstə, müdir” mədəniyyətidir...”
“İdarəetmədə bir-iki dəfə səhv etmək mümkündür, amma davamlı şəkildə eyni səhvləri illərlə təkrarlamaq artıq səriştəsizliyin zirvəsidir. Ən təhlükəlisi isə budur ki, çox vaxt idarəetmə sistemlərində səhvləri edənlər cəzalanmır, hətta...”
“Əgər bir sistemdə strateji vəzifələrə peşəkarlar yox, təsadüfi, sahəyə aidiyyəti olmayan kadrlar və yalnız inzibati itaətkarlığı ilə seçilən şəxslər gətirilirsə, onda səhv etmək istisna deyil, sistemin təbii nəticəsidir...”
“Tarixin ən ağır dərslərindən biri də budur ki, xalqlar və dövlətlər çox zaman düşmən gücündən yox, gerçəyi eşitmək qabiliyyətini itirdikləri üçün zəifləyirlər...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Eşidilməyən mütəxəssis, eşitməyən menecer, çökən təhsil...” başlıqlı növbəti analitik fəlsəfi məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“...Məsləhətli don gen olar. Bu xalq müdrikliyi əslində idarəçiliyin, strateji qərarvermə və milli inkişafın fundamental prinsipini ifadə edir. Mürəkkəb sistemlərdə - dövlət, iqtisadiyyat, təhsil, səhiyyə v.s. kimi strateji sahələrdə qərar qəbul ediləndə, təhlükəli məsələ səhvin özü yox, səhvin vaxtında görünməməsi, göstərilməməsi və ya göstərilən səhvə diqqət edilməməsidir. Bu məsələdə ictimai nəzarət mühüm rola malikdir...
Bu haqda Prezident İlham Əliyev dəfələrlə öz qəti mövqeyini bildirmişdir:
“Bizim üçün əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri: alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər iştirak etsinlər, öz təkliflərini versinlər. Yəni geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək. Şəffaflıq, dürüstlük, biznes mühitinin yaxşılaşdırılması, bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, bizə yeni imkanlar qazandıracaq...”
Təəssüf ki, bəzi menecerlər hətta ölkə başçısının tövsiyələrini də eşitmirlər, nəinki alimlərin, mütəxəssislərin. Düzdür, belələri uzağa gedə bilmir, amma kresloda olduğu müddətdə, ona həvalə edilən sahəni xeyli zəıiflədə bilirlər. Biz mütəmadi olaraq KİV vasitəsi ilə belə məmurların dağıdıcı əməlləri ilə tanış oluruq. Amma sonda onların sədaları Kürdəxanıdan gəlir...
Tarix göstərir ki, dövlətlərə ziyanı tək xarici düşmənlər vurmur, bəzən daxili intellektual boşluq, peşəkar sükutdan, idarəetmə təkəbbüründən, səriştəsiz qərarlardan, gerçəkliyin gizlədilməsindən də dövlət, xalq əziyyət çəkir...
Əgər mütəxəssis səhvləri görür, amma danışmırsa, bu xəyanətdir. Bu onun öz peşəsinə, xalqına, vətəninə, dövlətinə xəyanətidir. Bu, strateji idarəetmənin mühüm məsələsidir...
Əgər menecerə səhvlərini deyir, izah edirlərsə, amma o bundan heç bir nəticə çıxarmırsa, milli mənafeyə zidd əməllərini yenə davam etdirirsə, bu, artıq ikiqat xəyanətdir...
Mütəxəssisin vəzifəsi nöqsana göz yumub, onu təsdiqləmək deyil. Mütəxəssisin vəzifəsi cəmiyyəti, hökuməti vaxtında gələcək təhlükələr barədə xəbərdar etməkdir...
Bizim ciddi problemlərimizdən biri də “loyal kadr” modelinin “peşəkar kadr” modelindən üstün tutulmasıdır. Bəzi hallarda problemləri göstərənlər “narazı” sayılır, riskləri izah edənlər “maneə” kimi təqdim olunur. Tənqid edənlər “təhlükə”li hesab edilir, susanlar isə “uyğun” kadr, “dövlətçi” sayılır. Nəticədə idarəetmədə “kollektiv özünü aldatma sistemi” formalaşır. Bizim təhsil sistemində, təəssüf ki, belə bir yanaşma on illiklərdir ki, müşahidə edilir. Təhsilin zəifləməsinin əsas səbəblərindən biri də budur. Rəhbər idarəedici şəxs heç də hər şeyi bilməz, bu, təbiidir. Amma o çox şeyi bilmirsə, bilmədiyini də bilmirsə, öyrənmək istəmirsə, bilənləri eşitmirsə, bu onun “xoşbəxtliyi”, cəmiyyətin, dövlətin ciddi problemidir...
Əsl mütəxəssisin funksiyası səhvlərə göz yummaq yox, səhvi vaxtında görmək və göstərməkdir. Həqiqətən də mühəndis körpünün çökəcəyini görür, amma susursa, bu cinayətdir, həkim yanlış diaqnozu görür, amma danışmırsa, bu peşəyə və insanlığa xəyanətdir, iqtisadçı yanlış iqtisadi modeli görür və susursa, o, gələcək böhranın iştirakçısıdır...
Əgər alim, pedaqoq təhsil sisteminin deqradasiyasını, islahatların təhsili uçuruma apardığını görür və susursa, o, gələcəyin dərin böhranının iştirakçısıdır. Çünki “təhsil millətin gələcəyidir” (Heydər Əliyev). Təhsil kimi strateji sahələrdə səhvin bədəlini sonralar on illərlə bütün cəmiyyət ödəyir...
Səriştəsiz idarəetmənin təhlükəli mərhələsi...
Əgər təhsil kimi strateji sahədə mühüm postda oturan səriştəsiz menecerlər daim səhv edirsə, mütəxəssis də onun səhvlərini davamlı olaraq göstərir, həll yolunu təqdim edir, amma yenə də menecerlər eşitmir və görmürsə, bu artıq yüz qat səhvdir, milli xəyanətdir. Burada artıq fərdi səhvdən yox, təhsil sisteminin idarəsinin ciddi problemindən söhbət gedir. İdarəetmədə bir-iki dəfə səhv etmək mümkündür, amma davamlı şəkildə eyni səhvləri illərlə təkrarlamaq artıq səriştəsizliyin zirvəsidir. Ən təhlükəlisi isə budur ki, çox vaxt idarəetmə sistemlərində səhvlər edənlər cəzalanmır, hətta səhvləri göstərənləri sıxışdırmağa cəhd edir, onun dövlət üçün əhəmiyyətli, inkişafyönlü təkliflərini, təşəbbüslərini bloklayır, KİV-ə, qrantlara, dövlət təltiflərinə və digər resurslara yolunu bağlamağa cəhdlər edilir...
Bu azmış kimi vətəndaşlrın vergisi ilə formalaşan büdcəni də öz şəxsi mülkiyyəti kimi dost-tanışa paylayır. İndiki zamanda, geri qalan bir sahəyə rəhbərlik edənlərin belə hərəkətləri, ölkə prezidentinin ictimai nəzarət barədə çağırşları ilə daban-dabana ziddir. Belə idarəetmə intellektual baxımdan çox ziyanlıdır.
Hər bir dövlətin əsas resursu təbii sərvətlər yox, gerçəyi dərk edən və vaxtında deyən insanlardır...
Müasir dünyada dövlətlərin gücü təkcə iqtisadiyyat, ordu, təbii resurslarla ölçülmür. Ən böyük strateji resurs peşəkar insan kapitalıdır. Əgər təhsil menecerləri müstəqil ekspertlərin rəyini eşitmirsə, “mən təhsil eksperti tanımıram” deyirsə, “mütəxəssis rəyi ilə hesablaşmırsa, deməli, onların nəzərində insan kapitalının dəyəri heçdir. Belə menecerlər insan kapitalı yetişdirə bilərmi?..
Əgər menecerlər alternativ fikri təhlükə sayırsa, tənqidi düşmənçilik kimi qəbul edirsə, onda həmin sistem öz səhvlərini vaxtında düzəldə bilməz, reallıq hissini itirər, statistik illüziya və saxta datalarla yaşayar. Bu isə iqtisadi, sosial, elmi, institusional böhran yaradır...
“Bəli, baş üstə, müdir” mədəniyyəti strateji tənəzzülə aparır...
Bizdə idarəetmənin başqa bir faciəsi “bəli, baş üstə, müdir” mədəniyyətidir. Bu modeldə peşəkarlıq yox, itaətkarlıq mükafatlandırılır. Belə sistemlərdə rəhbər zamanla real vəziyyəti görmür, reallıq hissini itirir. Çünki ona filtrdən keçmiş məlumat, kosmetik hesabat, süni uğur mənzərəsi təqdim olunur. Nəticədə qərarlar reallıqdan uzaq, imitasiya və saxta data əsasında qurulur. Bu halda müasir texnologiyalar idarəetmədə faydasız olur. Bu, xüsusilə təhsil, elm, səhiyyə, iqtisadiyyat, texnologiya kimi strateji sahələrdə daha ağır nəticələr verir. Ona görə ki, müasir, rəqabətli dünyada bu sahələr siyasi “PR” ilə yox, peşəkar idarəetmə ilə inkişaf edə bilər...
Təhsil və elm sahəsində səhv qərarların, problemlərin gizlədilməsi xüsusən təhlükəlidir...
Əgər universitetdə keyfiyyət yoxdursa, elmdə imitasiya varsa, statistika reallığı əks etdirmirsə, müəllim hazırlığı zəifdirsə, rəqəmsal transformasiya formaldırsa, daim yanlış kadr və maliyyə siyasəti yürüdülürsə, üstəlik mütəxəssislər də susursa, onda bu cəmiyyəti yaxın gələcəkdə intellektual böhran gözləyir...
Ən təhlükəli böhran görünməyən böhrandır. Çünki dağılan körpünü hamı görür, amma dağılan düşüncə sistemini dərhal görmək olmur. Onun nəticələri 10-20 ildən sonra ortaya çıxır və onu düzəltmək çox çətin olur. Bu, insan kapitalının deqradasiyasıdır...
Səriştəsizlik təsadüfi səhv deyil, idarəetmə modelidirsə?..
Səriştəsiz menecerin səhv etməsi təbiidir. Əgər bu sistematik səhvlər sistem tərəfindən korreksiya edilmirsə, bu çox ciddi idarəetmə probleminin olduğunu göstərir. Əgər bir sistemdə strateji vəzifələrə peşəkarlar yox, təsadüfi, sahəyə aidiyyəti olmayan kadrlar və yalnız inzibati itaətkarlığı ilə seçilən şəxslər gətirilirsə, onda səhv etmək istisna deyil, sistemin təbii nəticəsidir. Belə halda idarəetmə öyrənən sistem yox, səhvləri təkrarlayan sistem olur...
Obyektiv və peşəkar ekspertiza milli təhlükəsizliyin əsasıdır...
Süni intellekt, qlobal rəqabət və texnoloji transformasiya dövründə elm və təhsil idarəçiliyində peşəkarlıq, strateji düşüncə, elmi ekspertiza, tənqidi təhlil artıq akademik məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Çünki gələcəyin əsas rəqabəti xammal uğrunda deyil, intellekt, düşüncə uğrunda gedəcək. Əgər menecerlər mütəxəssisləri eşitmirsə, onları qərarvermədən uzaqlaşdırırsa, intellektual mühiti zəiflədirsə, onda bu təhsil sistemi texnoloji və iqtisadi baxımdan geridə qalacaq...
Güclü elm və təhsilin əsas xüsusiyyəti səhv etməmək, əsas üstünlüyü səhvi vaxtında görmək, onu qəbul etmək, düzəltmək bacarığıdır. Bu o zaman mümkündür ki, mütəxəssis çəkinmədən sözünü desin, ekspert qiymətləndirməsi etsin. Menecer isə ümumi inkişaf naminə tənqidin və əməkdaşlığın əhəmiyyətini düzgün dərk etsin, bunu idarəetmənin əsas meyarına çevirsin. Əks halda təhsil sistemində danışanlar susdurulur, susanlar yüksəldilir, səhvlər strateji böhrana çevrilir. Tarixin ən ağır dərslərindən biri də budur ki, xalqlar və dövlətlər çox zaman düşmən gücündən yox, gerçəyi eşitmək qabiliyyətini itirdiyi üçün zəifləyirlər...
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin daha bir neçə ibrətamiz fikrini xatırlatmağı zəruri sayıram:
"Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə, deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, özünü təvazökar aparmalıdır, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə, vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır..."
Müəllif: dosent İlham Əhmədov