“Dövlət İmtahan Mərkəzi rəhbərliyinin bu məsələ ilə əlaqəli açıqlaması bir daha sübut edir ki, təhsilə dair mühüm qərarlar elm və sübut əsasında yox, məmurların təzyiqi və təkidi ilə baş verir...”
“Elm üçün əsas meyar analitik düşüncə, tədqiqat qabiliyyəti olmalıdır, xarici dil isə alət funksiyası daşıyır, məqsəd yox…”
“Doktorantura modeli dəyişdirilməlidir. Dil tələbi yumşaldılmalı, əsas vurğu tədqiqat qabiliyyətinə verilməlidir...”
“Problem konkret qərarda deyil, onu doğuran sistemdədir...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsildə strateji səhv qərarların fəsadları- Xarici dil imtahanı nümunəsində təhsil siyasətinin böhranı” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Son illərdə təhsil sahəsində qəbul edilən bəzi qərarlar göstərir ki, sistemdə əsas problem təkcə resurs çatışmazlığı deyil, qərarvermə mədəniyyətinin zəifliyidir. Bunun əsas səbəbi isə qərarların elmi əsaslarla yox, intuisiya və emosiyalar əsasında qəbul edilməsidir. Digər səbəb isə təhsil menecerlərinin ümumiyyətlə, təhsil elmlərindən və təhsil praktikasından uzaq olmasıdır.
Bu ərəfədə buraxılış imtahanlarına xarici dilin daxil edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə edilir. Dövlət İmtahan Mərkəzi rəhbərliyinin bu məsələ ilə əlaqəli açıqlaması bir daha sübut edir ki, təhsilə dair mühüm qərarlar elm və sübut əsasında yox, məmurların təzyiqi və təkidi ilə baş verir...
Dövlət İmtahan Mərkəzi səviyyəsində belə strateji dəyişikliklərin fərdi təşəbbüslərlə həyata keçirilməsi, əslində, daha dərin institusional boşluğa işarədir. Yəni təhsil sistemində elmi əsaslı siyasət mexanizmi hələ də yoxdur.
Təhsil siyasətində əsas səhv qərarların tədqiqatlara əsaslanmamasıdır...
Təhsil sistemi mürəkkəb sosial sistemdir və burada hər dəyişiklik uzunmüddətli təsir yaradır. Xarici dil imtahanının buraxılış səviyyəsinə daxil edilməsi bir sıra mühüm suallara cavab verilmədən həyata keçirilib:
• Bu dəyişiklik şagirdlərin ümumi akademik nəticələrinə necə təsir edəcək?
• Regionlar üzrə bərabərsizliyi artıracaqmı?
• Müəllim hazırlığı və infrastruktur buna hazırdırmı?
Bu sualların cavabı olmadan verilən qərar, əslində, eksperiment yox, riskli müdaxilədir.
“Xarici dil” prioritetinin yanlışlığı...
Xarici dil biliklərinin əhəmiyyətini inkar etmək mümkün deyil. Lakin problem prioritetlərin düzgün qurulmamasındadır. Səmərəli təhsil sistemlərində prinsip belədir ki, əvvəl fundamental biliklər aşılanmalıdır, sonra isə əlavə səriştələr. Bizdə isə çox vaxt əksinə olur, yəni baza bilik və səriştələri zəif olur (riyaziyyat, analitik düşüncə, ixtisas bilikləri), amma əlavə tələblər artırılır (xarici dil sertifikatları və s.). Bu isə sistemdə asimmetrik yük yaradır.
Doktorantura səviyyəsində ziddiyyət...
Problemli məsələlərdən biri də doktoranturaya qəbul tələbləridir. Xarici dil üzrə yüksək səviyyəli (beynəlxalq sertifikat ekvivalenti) tələb bir sıra ziddiyyətlər yaradır. Belə ki;
a) İxtisas və dil bilgisi arasında olan balans pozulur. Tələbə əsas vaxtını ixtisasına yox, dil öyrənməyə sərf edir. Nəticədə elmi səriştə zəifləyir.
b) Seçim filtrinin yanlış qurulması. Elm üçün əsas meyar analitik düşüncə, tədqiqat qabiliyyəti olmalıdır, xarici dil isə alət funksiyası daşıyır, məqsəd yox…
“Zəncirvari effekt”…
Bir sıra səthi qərarların sistemə təsiri çox vaxt birbaşa deyil, zəncirvari olur. Konkret bu halda xarici dil tələbi artır, tələbələr fokusunu dəyişir, ixtisas bilikləri zəifləyir, elmi işlərin keyfiyyəti aşağı düşür, dissertasiyalar gecikir, elmə kadr axını azalır. Bu durum klassik sistem nəzəriyyəsində ikinci dərəcəli təsirlər kimi tanınır və çox vaxt ilkin qərardan daha dağıdıcı olur…
Texnologiya dövründə yeni reallıq…
Bugünkü şəraitdə süni intellekt və avtomatik tərcümə texnologiyaları xarici dil baryerini əhəmiyyətli dərəcədə azaldır. Bu, o demək deyil ki, dil bilgiləri daha lazım deyil. Dil bilgiləri artıq giriş baryeri yox, inkişaf aləti olmalıdır. Yəni ilkin mərhələdə sərt filtr kimi yox, proses daxilində inkişaf etdirilən səriştə kimi…
Problemin kökü institusional qərar mexanizmindədir…
Bu tip qərarların yaranmasının əsas səbəbi elmi ekspertiza mexanizminin zəifliyi, ictimai müzakirə platformalarının olmaması, pilot və test mərhələlərinin tətbiq edilməməsidir. Yəni problem konkret qərarda deyil, onu doğuran sistemdədir…
Bəs nə etməli?..
Bu vəziyyətdən çıxış üçün bir sıra prinsipial dəyişikliklər lazımdır:
1. Təhsil qərarları üçün elmi filtr tətbiq edilməlidir. Hər strateji qərar tədqiqat, pilot layihə, data analizi əsasında verilməlidir.
2. Prioritetlər yenidən qurulmalıdır. Baza biliklər əsas fokus olmalıdır, xarici dil isə dəstəkləyici alət olmalıdır.
3. Doktorantura modeli dəyişdirilməlidir. Dil tələbi yumşaldılmalı, əsas vurğu tədqiqat qabiliyyətinə verilməlidir.
4. Adaptiv model. Fərqli sahələr üçün fərqli dil tələbləri olmalıdır (məsələn, humanitar vs texniki sahələr)...
Təhsil sistemində səhv qərarlar çox olur. Hərçənd Emin Əmrullayev tez-tez deyir ki, “uğurun əsasında səhvlərdən doğru nəticələr çıxarmaq durur”, amma səhvlərin bolluğu şəraitində doğru qərarların azlığını müşahidə edirik...
Təhsil sistemində problem təkcə səhv qərarlar deyil, problem həm də səhv qərarların necə verilməsidir. Bir səthi, elmi əsaslandırılmamış qərar təkcə bir imtahanı yox, bütöv təhsil zəncirini dəyişə bilər, özü də çox vaxt mənfi istiqamətdə...
Təhsil siyasəti fərdi təşəbbüslərlə deyil, kollektiv intellekt və elmi rasional qərarlarla formalaşmalıdır. Əks halda, ən yaxşı niyyətlə verilmiş qərarlar belə, sistem üçün dağıdıcı nəticələr yarada bilər...
Müəllif:
Dosent İlham Əhmədov"