“Bu layihə vaxtında reallaşsaydı, bu gün Türk dünyası rəqəmsal sivilizasiya qurucuları sırasında ola bilərdi...”  
Elm və Təhsil
564
17:57, Bu gün

“Bu layihə vaxtında reallaşsaydı, bu gün Türk dünyası rəqəmsal sivilizasiya qurucuları sırasında ola bilərdi...”  

“Əsas problem strateji düşüncə çatışmazlığı, riskdən qorxan idarəetmə, uzunmüddətli planlamanın olmaması idi. Yəni,  biz bu ideyanı reallaşdıra bilmədik, çünki  ETN strateji düşüncəyə sahib deyildi...”
 
“Əgər 20-ci əsrdə universitetlər millət qururdusa,  21-ci əsrdə rəqəmsal universitetlər sivilizasiya qurur...”
 
“Tarixdə bəzi ideyalar var ki, onlar reallaşmadığı üçün yox, vaxtında düzgün  başa düşülmədiyi üçün dəyər qazanır. “Virtual Turan Universiteti”  (VTU)  ideyası da məhz bu qəbildəndir... Amma fərq var idi: qərb platformaları bazar üçündür, “Virtual Turan Universiteti” isə sivilizasiya üçün idi...”
 
“Tarix göstərir ki,  Avropa Birliyi “Erasmus” proqramı ilə inteqrasiya etdi, ABŞ universitet sistemi ilə qlobal təsir qurdu, Çin   təhsil və texnologiya ilə gücləndi. Bu fakt göstərir ki, təhsil sadəcə sosial sahə deyil,  mühüm  geo-siyasi alətdir...” 
 
“Bu  layihə Azərbaycanı rəqəmsal təhsil habına çevirər,  Türk dünyasında ilk işlək model yaranar,  qlobal platformalara alternativ formalaşar. Əgər Azərbaycan bu layihəni  uğurla həyata keçirsə,  o, sadəcə istifadəçi ölkə yox,  rəqəmsal sivilizasiya qurucusu ola bilər...”
 
Moderator.az yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası zəruridir” başlıqlı növbəti analitik məqaləsinin II hissəsini dəyərli oxucuların müzakirəsinə buraxır:  
(I hissə: burada:)
 
TÜRKDİLLİ ÖLKƏLƏRİN VAHİD RƏQƏMSAL UNİVERSİTETİ (TRU)
     
Türk dünyası üçün rəqəmsal sivilizasiya modelinin təhsil seqmentində  proyeksiyası olan konkret  reallaşdırılmasıdır. Məqsəd — parçalanmış təhsil bazarını vahid, ölçülə bilən keyfiyyət standartları və ortaq texnoloji infrastruktur üzərində birləşdirməkdir. Təklif edilən TRU layihəsinin bəzi məqamlarını qeyd etmək istəyirik.
 
Layihə  ideyası və əsaslandırılması:  
 
Klassik universitet modeli  fiziki kampus, lokal kurikulum, məhdud miqyas  formatındadır.  Rəqəmsal dövrdə isə bilik sərhədsizdir, tələbə mobil və fərdiləşmiş öyrənmə istəyir, əmək bazarı dinamikdir.  Bu reallıqda TRU “Universitet yox, platforma + ekosistem” modelidir.   Bu yanaşma Samuel P. Hantinqtonun sivilizasiya çərçivəsini təhsil üzərindən inteqrasiya edən mexanizmdir. 
 
Missiya və strateji məqsədlər...
 
Missiya türkdilli ölkələr üçün  vahid təhsil məkanı,  ortaq bilik bazası, rəqəmsal insan kapitalı sistemi yaratmaqdır.  
 
Strateji məqsədlər:  təhsilin inteqrasiyası (ortaq diplom və kredit sistemi), keyfiyyətin standartlaşdırılması  (vahid akkreditasiya mexanizmi),  rəqəmsal suverenlik (xarici platformalardan asılılığı azaltmaq), insan kapitalının inkişafı  (SI, data, mühəndislik sahələrində ixtisaslaşma).
 
Struktur model (Platforma arxitekturası)
 
-Akademik səviyyə. Bu struktur  bakalavr, magistr, mikro-dərəcələr, modul əsaslı kurikulum  olacaqdır. Bu  zaman tələbə kursları müxtəlif ölkələrdən seçə bilir. Məsələn, Sİ  kursu – Qazaxıstan, biznes kursu – Türkiyə, enerji mühəndisliyi – Azərbaycan.  
 
-Süni intellekt səviyyəsi.  Bunun funksiyaları  fərdiləşmiş öyrənmə trayektoriyası, adaptiv qiymətləndirmə, SI mentor sistemi yaratmaqdır.  Hədəf   hər tələbəni “fərdi  müəllim”lə təmin etməkdir. 
 
-Platforma səviyyəsi.  İstifadə edilən texnologiya  bulud əsaslı sistem, mobil-first yanaşma, offline imkanlar (regionlar üçün) v.s.  “Coursera” modelinin lokal versiyasına analoji olacaqdır.  
 
-Data və analitika səviyyəsi.  Bunun funksiya  tələbə performansı, əmək bazarı ilə uyğunluq, təhsil siyasəti üçün real-time data. Bu, təhsili “ölçülə bilən sistemə” çevirir
 
-İdarəetmə səviyyəsi. Bunun  strukturu  Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində idarəetmə,  akademik şura, texnoloji şuradan ibarət olmalıdır.   Model isə dövlət, universitet,  sənaye əməkdaşlığı kimi olacaqdır.
 
Təhsil modeli
 
-Modul əsaslı sistem (3–6 aylıq mikro-kurslar, sertifikat, diplom transformasiyası). 
 
-“Cəmlənən diplomlar” (“Stackable degree”) modeli.  Kiçik sertifikatlardan böyük diploma. 
 
-Dual model (online  və  lokal praktik mərkəzlər). 
 
-Dil siyasəti ( türk dilləri və ingilis dili,  SI əsaslı real-time tərcümə. 
 
Prioritet ixtisaslar
 
• Süni intellekt və data elmi
• Kibertəhlükəsizlik
• Enerji və yaşıl texnologiyalar
• Rəqəmsal iqtisadiyyat
• Təhsil texnologiyaları
 
İnteqrasiya modeli
 
Universitetlər  (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və s.).
Sənaye tərəfdaşları:  texnologiya şirkətləri, startaplar, dövlət qurumları.  
Məqsəd  təhsil, iş, innovasiya” zənciri yaratmaqdır. 
Maliyyə modeli
 
Mənbələr:
 
Dövlət fondları, Beynəlxalq təşkilatlar, Özəl sektor , Freemium model (baza pulsuz, premium ödənişli) 
 
Yol xəritəsi
 
1-ci mərhələ (0–2 il).  Platformanın qurulması , Pilot proqramlar (SI, biznes) 
2-ci mərhələ (2–5 il). Tam diplom proqramları, 100.000+ tələbə 
3-cü mərhələ (5–10 il). Qlobal rəqabət,  Türk dünyasının “MIT/Coursera” modeli 
 
Risklər: 
 
Layihənin icrasında  siyasi koordinasiya problem, keyfiyyət fərqləri, texnoloji asılılıq, dil standartlaşması çətinliyi  risklərin olması da mümkündür. 
 
Sivilizasiyaların toqquşması və dünya   nizamının yenidən qurulması kontekstində  bu layihə  sivilizasiyaların toqquşmasına cavab deyil, sivilizasiyanın rəqəmsal reinteqrasiyasıdır.  Əgər 20-ci əsrdə universitetlər millət qururdusa,  21-ci əsrdə rəqəmsal universitetlər sivilizasiya qurur... 
 
“Türkdilli ölkələrin vahid rəqəmsal universiteti” təşəbbüsünün Azərbaycan üzrə pilot tətbiq planına diqqət edək.  Layihənin  məqsədi 24 ay ərzində işlək, ölçülə bilən nəticələr verən və regional miqyaslanmaya hazır rəqəmsal universitet nüvəsi qurmaqdır. 
 
VİRTUAL TURAN UNİVERSİTETİ  
 
İTİRİLMİŞ STRATEJİ FÜRSƏT, YOXSA HƏLƏ DƏ REALLAŞA BİLƏN SİVİLİZASİYA LAYİHƏSİ?..
Bir ideyanın taleyi və gecikmiş sual:   
 
Tarixdə bəzi ideyalar var ki, onlar reallaşmadığı üçün yox, vaxtında düzgün  başa düşülmədiyi üçün dəyər qazanır. “Virtual Turan Universiteti”  (VTU)  ideyası da məhz bu qəbildəndir. Təxminən 20 il əvvəl  tərəfimizdən irəli sürülmüş bu təşəbbüs zahirdə distant təhsil layihəsi kimi görünsə də, bu  ideya  mahiyyət etibarilə Türk dünyasının erkən rəqəmsal inteqrasiya modeli idi.  İdeyanın məğzi sadə, amma strateji baxımdan son dərəcə dərin idi:  türkdilli ölkələrin gəncləri üçün vahid platforma yaratmaq, ortaq dil, ortaq kurikulum və ortaq təhsil məkanı formalaşdırmaq. Bu, sadəcə təhsil layihəsi deyildi. Bu, əslində  “Təhsildə birlik olmadan,  sivilizasiyada birlik mümkün deyil”  Tezisinin  praktik ifadəsi idi.   Təəssüf ki, o vaxt  bu ideya dəstəklənmədi. Nəticədə, bir layihə deyil, bəlkə də ciddi  bir  inkişaf  fürsəti itirildi.  Bu məqalədə   həmin ideyanı romantik nostalji kimi deyil, analitik və tənqidi baxışla araşdırırıq:
 
• Nə üçün bu layihə baş tutmadı?
 
• Bu ideya həqiqətənmi strateji əhəmiyyət daşıyırdı?
 
• Bu gün üçün hələ də aktualdırmı?
 
Problemin kökü nədir? Biz ideyalara niyə vaxtında dəyər vermirik?  “Virtual Turan Universiteti”nin reallaşmaması təsadüfi hadisə deyil. Bu, daha dərin bir sistem probleminin göstəricisidir.  Post-sovet məkanında qərarvermə sistemlərinin əsas xüsusiyyətləri qısamüddətli düşüncə,  innovasiyaya ehtiyatlı yanaşma,  strateji vizyon çatışmazlığı.  Belə mühitdə gələcəyə yönəlmiş ideyalar çox vaxt “real deyil”, “vaxtı deyil” kimi qiymətləndirilir.  Problem  nədə idi,  ideyada, yoxsa onu qiymətləndirən sistemdə?  Çox güman ki,  problem  məmur  səriştəsizliyində idi...
 
20 il əvvəl təklif edilən model   nə qədər qabaqcıl idi?  İdeyanın strukturuna diqqətlə baxdıqda onun nə qədər qabaqcıl olduğu aydın görünür. Ideya vahid distant təhsil platforması,  türkdilli ölkələr üçün ortaq akademik məkan,  ortaq dil (Azərbaycan dili təklifi), inteqrasiya olunmuş insan kapitalını nəzərdə tuturdu.   Bu model faktiki olaraq bu gün mövcud olan  “Coursera”, “edX”, “Khan Academy”  kimi platformaların prinsiplərini əvvəlcədən ehtiva edirdi.  Amma fərq var idi: qərb platformaları bazar üçündür, “Virtual Turan Universiteti” isə sivilizasiya üçün idi... 
 
Amma bu ideyaya dəyər verilməsə də, hər keçən il 200.000 vətəndaşın  “Coursera”-da onlayn təhsil almasına  milyonlarla dollar  israf edilir. Amma bu pula  “Virtual Turan Universiteti”  layihəsi reallaşa  bilərdi.  
 
Təhsil  inteqrasiyanın mərkəzidir,  yoxsa unudulmuş sahədir?   Türk dünyasında inteqrasiya çox vaxt aşağıdakı sahələrdə müzakirə olunur  iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat.  Amma ən vacib sahə – təhsil – ikinci planda qalır.  Halbuki tarix göstərir ki,  Avropa Birliyi “Erasmus” proqramı ilə inteqrasiya etdi, ABŞ universitet sistemi ilə qlobal təsir qurdu, Çin   təhsil və texnologiya ilə gücləndi. Bu fakt göstərir ki, təhsil sadəcə sosial sahə deyil,  mühüm  geo-siyasi alətdir.
 
Rəqəmsal sivilizasiya və yeni reallıq:   
 
XXI əsrdə Samuel P. Hantinqton tərəfindən irəli sürülmüş sivilizasiya nəzəriyyəsi yeni mərhələyə keçib.  Artıq  din deyil,  alqoritm,  ideologiya deyil,  data, institut deyil, platforma sivilizasiyanın əsasını təşkil edir.  Bu kontekstdə “Virtual Turan Universiteti” ideyası göründüyü kimi  sadə  bir layihə deyildi,  rəqəmsal sivilizasiya quruculuğu cəhdi  idi,  təəssüf ki, məmular bunu anlamadılar.  
 
İtirilmiş imkan  nələri dəyişə bilərdi?   Əgər bu layihə vaxtında  həyata keçirilsəydi,  bir sıra lazımlı nəticələr mümkün olardı:
 
• Vahid insan kapitalı formalaşa bilərdi. Türk dünyasında ortaq düşüncə sistemi formalaşardı.
• Dil inteqrasiyası edə bilərdi. Ortaq akademik dil yaranardı.
• Elmi əməkdaşlıq yaranardı. Universitetlər arasında real şəbəkə qurulardı.
• Geo-siyasi təsir. Türk dünyası ayrıca sivilizasiya aktoruna çevrilə bilərdi.  
 
Bu nəticələr təsadüfi deyil. Onlar bir-biri ilə əlaqəli sistemin hissələridir.
 
Tənqidi baxış: ideyanın zəif tərəfləri varmı? 
 
 Analitik yanaşma yalnız tərifdən ibarət olmamalıdır. Bu ideyanın zəif tərəfləri də var idi. Məsələn: 
 
• Dil məsələsi.  Azərbaycan dilinin “ortaq dil” kimi təklif olunması praktik müqavimət yarada bilərdi.
• İnfrastruktur problem. 2000-ci illərdə texnoloji imkanlar məhdud idi.
• Siyasi  koordinasiya. Türkdilli dövlətlər arasında koordinasiya zəif idi.
• İdarəetmə modeli. Layihənin hansı struktur tərəfindən idarə olunacağı qeyri-müəyyən idi.
 
Əsas problem  ideya yox, sistem idi. Bu zəifliklərə baxmayaraq, əsas problem ideyada deyildi. Əsas problem strateji düşüncə çatışmazlığı, riskdən qorxan idarəetmə, uzunmüddətli planlamanın olmaması idi. Yəni,  biz bu ideyanı reallaşdıra bilmədik, çünki  ETN strateji düşüncəyə sahib deyildi... 
 
Bu gün  vəziyyət dəyişibmi? 20 il sonra  ümumi  vəziyyət müəyyən qədər dəyişib. Belə ki, internet geniş yayılıb, SI inkişaf edib, platformalar dominantdır. Amma əsas problem qalır, məmurların  təhsilə  strateji  baxışı, peşəkarlığı, məsuliyyəti  yenə də  zəifdir.  Bu isə daha təhlükəlidir. Çünki bu gecikmə adi gecikmə deyil, bu  sivilizasiya  inkişafından geri qalma deməkdir... 
 
Yeni kontekstdə  “Rəqəmsal Turan Universiteti” modeli.   Bu gün “Virtual Turan Universiteti” ideyası daha geniş formada düşünülməlidir. 
 
Rəqəmsal Turan ekosistemi. Bu model aşağıdakı komponentləri əhatə etməlidir:
 
• .  Startap və texnoloji system. Rəqəmsal universitet.  SI əsaslı, modul təhsil.
• Data infrastrukturu.  Regional serverlər.
• Süni intellect. Türk dillərində modellər.
• Platforma iqtisadiyyatı
 
Ən mühüm  məsələ  insan kapitalıdır.  Heç bir sivilizasiya insan kapitalı olmadan qurulmur.  “Virtual Turan Universiteti”nin əsas gücü bunda  idi.  Bu layihə proqram yox, platforma yox, müasir  insan  kapitalı  yarada bilən sistem idi. 
 
İtirilmiş şans, yoxsa gecikmiş başlanğıc?  Bu ideya iki cür qiymətləndirilə bilər:  itirilmiş şans, artıq gecdir və ya  gecikmiş başlanğıc, hələ mümkündür.   Analitik yanaşma göstərir ki, ikinci variant daha realdır.
 
“Virtual Turan Universiteti” layihəsi vaxtında reallaşsaydı, bu gün Türk dünyası rəqəmsal sivilizasiya qurucuları sırasında ola bilərdi.  Amma reallaşmaması o demək deyil ki, bu ideyanın vaxtı keçib.  Əksinə — bu gün o, daha da vacibdir.
 
Türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi bu ölkələrin hamısının marağında idi. Bu qardaş ölkələr arasında həyatımızın bir çox sahələrində münasibətlərin daha da inkişaf etdirilməsində fundament olan ortaq təhsil platformasının yaradılması demək idi. Çünki, "türk xalqlarının dildə bir, əməldə bir, fikirdə bir" olması üçün onların "təhsildə bir" olması zəruridir.  Bu  layihə Azərbaycanı rəqəmsal təhsil habına çevirər,  Türk dünyasında ilk işlək model yaranar,  qlobal platformalara alternativ formalaşar. Əgər Azərbaycan bu layihəni  uğurla həyata keçirsə,  o, sadəcə istifadəçi ölkə yox,  rəqəmsal sivilizasiya qurucusu ola bilər. 
Biz bu ideyanı   ETN  yenə də görməməzlikdən gələcək, yoxsa nəhayət həyata keçirəcək?  
 
Dosent İlham Əhmədov"
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər