Trampla Aun Livan və İsrail arasında atəşin tezliklə dayandırılmasını müzakirə ediblər
Dünya
245
20:37, Bu gün

Trampla Aun Livan və İsrail arasında atəşin tezliklə dayandırılmasını müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp livanlı həmkarı Jozef Aunla telefon danışığı aparıb.

Moderator.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Aun sosial şəbəkələrdə bildirib.

Qeyd olunur ki, danışıq zamanı Livan prezidenti atəşkəsə nail olmaq, davamlı sülh və sabitliyi təmin etmək üçün Trampın göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Aun həmçinin Livanda İsrail və "Hizbullah" arasında döyüş əməliyyatlarını ən qısa zamanda dayandırmağa çağırıb.

Bəyanatda bildirilib ki, Tramp cavab olaraq Livana dəstəyini və onun atəşkəslə bağlı xahişinin yerinə yetirilməsinə sadiqliyini ifadə edib.

Daha əvvəl Jozef Aun ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb. Livan mediasının məlumatına görə, Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

"Hizbullah" İsraili raketlər və dronlarla atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail ordusu Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməkdə davam edir. İsrail həmçinin Livanın cənubunda öz quru əməliyyatını genişləndirib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər