Dünya
405
17:55, Bu gün

"Rusiya yeni müharibələrə hazırlaşır" - ISW-dən xəbərdarlıq

"Kreml hüquqi və informasiya mexanizmlərini genişləndirir..."

Rusiya hakimiyyəti xaricdəki vətəndaşlarını "müdafiə" adı altında başqa ölkələrə hərbi müdaxiləni əsaslandıracaq yeni hüquqi baza formalaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW)- hesabatında deyilir.

"Müdafiə" adı altında hərbi müdaxilə riski

Analitiklər qeyd edir ki, eyni zamanda NATO ölkələrinə qarşı informasiya və siyasi təzyiq xətti də gücləndirilir. Hesabatına görə, Dövlət Dumasının qəbul etdiyi yeni qanun Vladimir Putinə xaricdə Rusiya vətəndaşlarının "təqib olunması" iddiası ilə silahlı qüvvələrdən daha geniş istifadə imkanı verir.

Sənədə əsasən, əgər Rusiya vətəndaşları xarici və ya beynəlxalq məhkəmələrdə mühakimə olunarsa, bu, Kreml tərəfindən "təhlükə" kimi qiymətləndirilə və hərbi müdaxilə üçün əsas kimi təqdim edilə bilər.

Ekspertlər bildirir ki, qanundakı qəsdən qeyri-müəyyən ifadələr Moskvanın istənilən hüquqi prosesi öz maraqlarına uyğun şəkildə şərh etməsinə imkan yaradır. Bu isə faktiki olaraq beynəlxalq hüquqi mexanizmlərin təsirini zəiflədir və Haaqa daxil olmaqla beynəlxalq qərarların tanınmaması riskini artırır.

Strateji qeyri-müəyyənlik və geniş ssenarilər

Analitiklərin fikrincə, bu yanaşma Kremlin düşünülmüş strategiyasının bir hissəsidir. Qanun "xilasetmə əməliyyatı"ndan tutmuş genişmiqyaslı hərbi müdaxiləyə qədər müxtəlif ssenarilərin əsaslandırılması üçün istifadə oluna bilər.

ISW qeyd edir ki, bu model Rusiyaya istənilən xarici hüquqi və siyasi təzyiqi "hərbi cavab" kimi təqdim etmək imkanı yaradır. Nəticədə regionlarda yeni qarşıdurmaların yaranma riski artır.

NATO-ya qarşı ittihamlar və eskalasiya siqnalları

Hesabatın ikinci istiqaməti Kremlin NATO ölkələrinə qarşı apardığı informasiya kampaniyası ilə bağlıdır. Məqsəd alyansı Ukraynaya qarşı hücumlarda birbaşa iştirak edən tərəf kimi göstərmək və gələcək hərbi addımları "cavab tədbiri" kimi legitimləşdirməkdir.

Bu çərçivədə Rusiya rəsmiləri, o cümlədən Nikolay Patruşev, Finlandiya və Baltik ölkələrini Ukrayna dronlarının hava məkanından istifadə etməsinə şərait yaratmaqda ittiham edib. ISW xəbərdarlıq edir ki, bu cür iddialar təsadüfi deyil və gələcəkdə hava sərhədlərinin pozulması kimi addımlar üçün siyasi və ideoloji zəmin yaradır. Kreml mümkün insidentləri əvvəlcədən "NATO təxribatı" kimi təqdim etməyə çalışır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər