44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olan və işğal etdiyi bütün torpaqlardan qovulan Ermənistan post-müharibə dönəmində sürətlə silahlanmaqda davam edir. Əvəllər, sadəcə Hindistan və Fransada məhdud sayda raket və zirehli texnika alan rəsmi İrəvan, son bir ildə daha bir neçə ölkədən silah idxal etməyə başlayıb. Mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan yeni silah və hərbi texnikalar nümayiş etdirib ki, onların arasında Fransa və Hindistanla yanaşı, İran, Rusiya, Çin və s. ölkələrdən alınan texnikalar da olub. “Volk” robotlaşdırılmış sistemi, hava hədəflərini aşkar etmək və hava vasitələrinin istifadə etdiyi peyk qəbuledicilərini susdurmaq üçün nəzərdə tutulmuş “Tuman” radiolokasiya sistemi, Fransanın “Bastion” zirehli maşınları, Hindistanın “Tata” zirehli maşınları, “RBOA” piyada raket qurğusu, “TOS-1A” ağır odsaçan sistemləri, “Skorpion” zenit-raket kompleksi, “Tor-M2KM” zenit-raket kompleksi, 25 km məsafədə eyni anda 16 hava hədəfini məhv edə bilən “Lusan” zenit-raket kompleksi və “Şit-200” radiolokasiya sistemləri, İran istehsalı yaxın mənzilli “AD-08 Majid” zenit-raket kompleksləri və s. paradda nümayiş etdirilən silahlar arasında yer alıb.
Bu fakt Ermənistanın öz hərbi potensialını durmadan artırdığını göstərir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parad öncəsi jrunalistlərə verdiyi açıqlamada ölkəsinin 6-7 dövlətdən silah aldığını etiraf edib.
Paradda müxtəlif ölkələrə məxsus silah sistemləri ilə yanaşı, Ermənistan istehsalı olan 82 mm-lik “Razdan” minaatanı, 120 mm-lik “Sevan” minaatanları da nümayiş etdirilib ki, bu da Ermənistanın yerli hərbi sənayesini də inkişaf etdirməkdə olduğuna dəlalət edir.
Bir sözlə, bütün bu faktlar sübut edir ki, Ermənistan sürətlə silahlanmaqda davam edir və onun silahlanma tempi sülh səylərini dəfələrlə üstələməkdədir. Və bu reallıq ölkəmizdən daim ayıq-sayıq olmağı tələb edir. Necə ki, Prezident İlham Əliyev öz çıxışlarında daim güclü və ayıq-sayıq olmağın zəruriliyini dəfələrlə qeyd edib, hər an hər şeyə hazır olmağın vacibliyinə toxunub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı məlum çıxşında deyib:
“...artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.
Bəli, bu gün ordumuz və dövlətimiz vətənimizin hər qarışını qorumağa qadirdir. Lakin biz də həm fərd, həm də cəmiyyət olaraq bu məsələdə ordumuzun və dövlətimizin yanında olmalı, ona əlimizdən gəldiyi qədər dəstək verməliyik. Çünki vətəni qorumaq ümumxalq işi, mənəvi borcdur. Biz bu borca sadiqliyimizi son nəfəsimizə qədər öz əmələrimizlə sübut etməliyik.
Seymur ƏLİYEV