Ekskluziv
267
13:50, Bu gün

"Putinə inam sarsılır: Rusiya elitasında fəlakət qorxusu artır" - "The Guardian"

"Uzanan müharibə, iqtisadi təzyiq və internet məhdudiyyətləri Kremlin daxilində narazılığı dərinləşdirir..."
 
Rusiyada Vladimir Putinə münasibət sürətlə dəyişir. Bir vaxtlar Kremlin siyasətini müdafiə edən elita nümayəndələri indi ya susmağa üstünlük verir, ya da qapalı dairələrdə açıq narazılıq ifadə edir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
 
"Yaxınlaşan fəlakət hissi"
 
Nəşr yazır ki, müharibənin uzanması, iqtisadi problemlər və ölkədə sərtləşən nəzarət sistemi hakimiyyət daxilində "yaxınlaşan fəlakət" hissini gücləndirib.
Nəşrin Kremlin ətrafındakı mənbələrə, iri biznes nümayəndələrinə və Avropa xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumata görə, Putin hakimiyyətinin ən çətin dövrlərindən birinə daxil olur.
 
Mənbələrdən biri bildirib ki, "elitanın əhvalı tam dəyişib və Putindən dərin məyusluq hiss olunur". Onun sözlərinə görə, əvvəllər prezidenti müdafiə edən şəxslər artıq bunu etmir: "Hamı anlayır ki, ölkə rəhbərliyi mənasız və özünü məhv edən qərarlar qəbul etməyə davam edir. Gələcəyə dair hiss itib".
 
"Putin Donbasa aludə olub"
 
Məqalədə qeyd olunur ki, Kreml rəhbəri yaxın çevrəsinə Rusiyanın ilin sonuna qədər bütün Donbası ələ keçirəcəyinə inandığını deyib. Putinlə əlaqəsi olan mənbələrdən biri bildirib: "Putin Donbasa aludə olub və məqsədinə çatmadan dayanmayacaq". Ukrayna kəşfiyyatının nümayəndəsi isə iddia edib ki, rus generalları Putini Donbasın yaxın aylarda tam işğal olunacağına inandırıblar. 
 
Onun sözlərinə görə, Kreml rəhbərinə yuxarı hesabatlarda vəziyyət olduğundan daha optimist təqdim edilir. Bununla yanaşı, hərbi analitiklər Rusiyanın hazırkı hücum tempi ilə Donbası tam nəzarətə götürməsi üçün hələ illərə ehtiyac ola biləcəyini bildirirlər.
 
İnternet qadağaları və qorxu atmosferi
 
Narazılığı artıran əsas səbəblərdən biri də internet məhdudiyyətləridir. Kreml son aylarda bir çox messencer və platformaların fəaliyyətini məhdudlaşdırıb, dövlətin dəstəklədiyi alternativ sistemləri önə çıxarmağa başlayıb.
 
Mənbələrin sözlərinə görə, hətta Kremlin daxilində bəzi rəsmilər bu siyasətin yumşaldılmasına çalışsalar da, nəticə əldə olunmayıb. Hakimiyyətə yaxın şəxslərdən biri deyib: "Müharibə davam etdikcə Putin təhlükəsizlik strukturlarına daha çox güvənəcək".
 
Rusiyada sosial şəbəkələrdə yayılan videolarda sahibkarlar vergi artımından, vətəndaşlar daimi internet kəsintilərindən, fermerlər isə hökumətin qərarlarından şikayət edirlər.
 
Elita çıxış yolu görmür
 
Məqalədə vurğulanır ki, narazılıq artsa da, yaxın vaxtlarda Kremlin daxilində çevriliş ehtimalı yüksək qiymətləndirilmir. Səbəb isə sistemin tam şəkildə bir nəfər - Putinin üzərində qurulmasıdır.
 
Müharibəni açıq şəkildə tənqid edən azsaylı rus biznesmenlərindən biri olan Oleq Tinkov bildirib ki, bir çox varlı şəxs qorxu içində yaşayır və sadəcə hadisələrin başqa istiqamətdə inkişaf etməsini gözləyir.
 
"The Guardian"ın həmsöhbətlərinin fikrincə, əvvəllər Rusiya elitası vəziyyətin nəzarətdə olduğuna inanırdısa, indi əsas müzakirə mövzusu artıq qələbə deyil, mümkün fəlakətdən necə yayınmaqdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər