Nə Ukrayna Milli Antikorrupsiya Bürosu(UMAB), nə də Xüsusi Antikorrupsiya Prokurorluğu hazırda Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya ilə bağlı heç bir araşdırma aparmır və ya onun həbsinə hazırlıq görmür.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, UMAB və XAP-ın mətbuat xidmətinin məlumatına görə, belə bir həbsin hazırlanması ilə bağlı xəbərlər Rusiya təbliğat vasitələri tərəfindən yayılan dezinformasiyadır.
Bəyanatda deyilir: "UMAB və XAP Rusiya və Rusiyayönlü mediada Ukrayna prezidentinin həyat yoldaşına qarşı iddia edilən "araşdırmalar" barədə daha bir dezinformasiya dalğasının yayılmasına diqqət çəkir. Bu məlumat həqiqətə uyğun deyil. UMAB və XAP bu dezinformasiya kampaniyalarında göstərilən heç bir prosedur hərəkəti həyata keçirmir".
UMAB aydınlaşdırıb ki, bu cür dezinformasiya Rusiya Federasiyası tərəfindən Ukrayna qurumlarını nüfuzdan salmaq, korrupsiyaya qarşı mübarizə orqanlarına etimadı sarsıtmaq, ictimai-siyasi vəziyyəti qeyri-sabitləşdirmək və tammiqyaslı müharibə kontekstində Ukraynanın birliyini zəiflətmək məqsədi daşıyan sistematik dezinformasiya kampaniyasının bir hissəsidir.
XAP vurğulayıb ki, təcavüzkar ölkənin təbliğatının UMAB və XAP tərəfindən prezidentin həyat yoldaşına qarşı hər hansı prosedur hərəkətləri və ya araşdırmaları barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil.
Bundan əvvəl Rusiyanın "RİA Novosti" təbliğat agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı öz mənbələrinə istinadən məlumat dərc etmişdi.
Dezinformasiya hesabatında deyilirdi: "Korrupsiyaya qarşı mübarizə qurumlarının Zelenskinin həyat yoldaşını saxlamaq üçün çoxsaylı əsasları var. Hazırda hansı cinayət işinin ilk başlaması məsələsi həll olunur".
Rusiya təbliğatçıları həmçinin iddia edirlər ki, Vladimir Zelenskinin guya həyat yoldaşının həbsinə hazırlıq barədə məlumatı var, buna görə də o, "ailə təhlükəsizliyini artırıb" və siyasi strateqləri ona "həyat yoldaşından mümkün qədər açıq şəkildə boşanmağı" məsləhət görsələr də, "Qərb tərəfdaşları ilə sövdələşməyə" başlayıb.
Xatırladılır ki, internetdə fransız rəssamı Pol Sezanın oğurlanmış rəsminin Vladimir Zelenskinin ofisində asılı olduğu iddia edilən saxta video yayılıb.
S.Laçın