Rusiya–Ukrayna müharibəsi beşinci ilinə daxil olduqca, artıq aydın görünür ki, bu qarşıdurma regional müharibə çərçivəsini çoxdan aşaraq beynəlxalq təhlükəsizlik sisteminin əsas böhranlarından birinə çevrilib. Döyüş meydanında davam edən gərginliklə paralel şəkildə diplomatik cəhdlər, qısamüddətli atəşkəslər və humanitar təşəbbüslər də gündəmdə qalır. Lakin tərəflər arasında formalaşmış dərin etimadsızlıq sülh perspektivlərini olduqca mürəkkəbləşdirir. Müharibənin uzanması həm hərbi texnologiyaların tətbiq miqyasını genişləndirir, həm də qarşıdurmanın coğrafi və siyasi təsir radiusunu böyüdür.
Maraqlıdır, ABŞ-ın vasitəçiliyi Rusiya–Ukrayna arasında elan olunan üçgünlük atəşkəs və genişmiqyaslı əsir mübadiləsi təşəbbüsü real sülh danışıqlarına keçid üçün psixoloji və diplomatik zəmin yarada bilərmi, yoxsa bu addım daha çox simvolik-humanitar xarakter daşıyır? Eyni zamanda, tərəflər arasında dərin etimadsızlıq fonunda belə qısamüddətli razılaşmaların davamlı sülhə çevrilməsi nə dərəcədə real görünür?
Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib.
Polkovnik qeyd edib ki, düşünürəm ki, reallıqda bu cür təkliflər və elanlar kifayət qədər çox olub. Artıq beşinci ildir ki, tərəflər arasında amansız müharibə davam edir:
"Çox böyük insan itkiləri var, şəhərlər dağılıb, infrastruktur məhv olub. Amma təəssüflər olsun ki, qısa müddətli atəşkəslər və əsir mübadilələri tərəflər arasında hər hansı ciddi yaxınlaşmanı təmin etməyib. Əksinə, uçurum daha da dərinləşib və Rusiya–Ukrayna müharibəsində qarşıdurma günü-gündən daha təhlükəli mərhələyə keçib.
Müharibə artıq təkcə Ukrayna ərazisi ilə məhdudlaşmır. Qarşıdurma Rusiyanın paytaxtına qədər gedib çıxıb. Bu səbəbdən də tərəflər bir-birinə qarşı həm fiziki təzyiqləri, raket zərbələrini, dron hücumlarını, həm də psixoloji təzyiqləri dayandırmırlar.
Əsir mübadiləsi əvvəllər daha məhdud miqyasda həyata keçirilirdisə, son dövrlərdə bu proses geniş xarakter almağa başlayıb. Hər iki tərəfin çoxsaylı itkiləri, əsirləri və meyitləri var. Bunların hamısı humanitar proqramlar çərçivəsində dəyişdirilməlidir".
Hərbi ekspert əlavə edib ki, artıq insanlar ciddi narazılıq ifadə edirlər. Beşinci ildir ki, müharibədən əziyyət çəkən insanlar rahatlıq üzü görmür:
"Bu səbəbdən humanitar xarakterli təmaslar müharibənin necə davam etməsindən asılı olmayaraq bundan sonra da davam edəcək. Ancaq tərəflər arasında çox dərin etimadsızlıq mövcuddur. Baxmayaraq ki, müəyyən razılaşmalar əldə olunmuşdu, Ukrayna ayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən atəşkəs elan etmişdi.
Daha sonra Rusiya bu razılaşmanı pozdu. Sonradan isə Amerika vasitəsilə atəşkəsin ayın 8-dən qüvvəyə minəcəyi elan edildi və nəticədə tərəflər üç günlük atəşkəsə razılıq verdilər.
Hesab edirəm ki, yaxın illərdə Rusiya ilə Ukrayna arasında real sülh mümkün görünmür. Çünki sülh o deməkdir ki, Rusiya Ukraynaya vurduğu dağıntılara görə reparasiya ödəməlidir, işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Rusiya isə belə bir addımı yaxın zamanda atacaq kimi görünmür.
Moskva yalnız ciddi güc və ağır diplomatik təzyiqlərlə üzləşəcəyi təqdirdə buna məcbur ola bilər. Hazırkı mərhələdə isə bu ssenari real təsir bağışlamır. Rusiya–Ukrayna müharibəsinə gəldikdə isə, hesab edirəm ki, 2026-cı ildə və qarşıdakı aylarda tərəflər arasında daha şiddətli toqquşmalar baş verəcək. Moskva yenidən hədəfə çevrilə bilər. Çünki artıq Ukrayna tərəfi uzaqmənzilli dron və raket texnologiyalarını inkişaf etdirib.
Bu raketlər arasında “Flamengo” tipli sistemlərin adı çəkilir. Ukrayna artıq 1600 kilometr məsafəni rahatlıqla vura biləcək imkanlara malik raketlər istehsal edir.
Digər tərəfdən, son parad da göstərdi ki, Rusiya son illərdə dünya ictimaiyyətinə təqdim edə biləcəyi yeni və ciddi silah sistemlərini ortaya qoya bilmir. Yəni hərbi texnologiya baxımından əvvəlki üstünlüyünü nümayiş etdirməkdə çətinlik yaşayır.
Ümumilikdə hesab edirəm ki, Rusiya–Ukrayna müharibəsi 2026-cı ildə də tam şiddəti ilə davam edəcək. Tərəflər sonda istənilən halda danışıqlar masasına əyləşəcəklər. Lakin bunun nə vaxt və hansı şərtlər daxilində baş verəcəyini indidən dəqiq söyləmək olduqca çətin və mürəkkəbdir".
Pərvin Şakirqızı