“1 dollar az qala, 2 milyon İran rialıdır- bu isə artıq son həddir, bundan o tərəfi yoxdur...”- Sabiq səfir
Ekskluziv
532
14:41, Bu gün

“1 dollar az qala, 2 milyon İran rialıdır- bu isə artıq son həddir, bundan o tərəfi yoxdur...”- Sabiq səfir

“Əgər SEPAH Amerikanın şərtlərini qəbul etsə, bu dəfə İran daxilində ona qarşı təzyiqlər qalxacaq. Yəni soruşacaqlar ki, sonda ABŞ qarşısında güzəştə gedəcəkdinsə, indiyədək - 47 il ərzində İranı niyə bu ağır vəziyyətə saldınız..."
 
“ABŞ-la İran arasında hərbi əməliyyatların gedişində bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Qalibaf danışıqlar üçün təşəbbüs göstərdi. Məlum oldu ki, o, Pakistanlı bir marşalla dostluq edir. Həmin marşal isə ABŞ-ın vitse-prezidenti Venslə yaxın dostdur. Artıq İslamabadda danışıqlar baş tutdu və tərəflər arasında ilk körpü əmələ gəlməyə başladı. Ancaq SEPAH buna qəti etiraz etdi və bildirdi ki, belə danışıqlar qəbulolunmazdır.  Hazırda isə SEPAH hər vəchlə İran hakimiyyətindəki bütün səlahiyyətləri əlində saxlamağa çalışır. Amma digər tərəfdən də, ölkə daxilində vəziyyət çox ağırlaşır və SEPAH da bunun qarşısını almaq iqtidarında deyil.”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov söyləyib.
 
“İranda iqtisadi durum çox çətinləşib. Hazırda 1 Amerika dolları 190 min İran tümənidir, başqa sözlə, 1,9 milyon rialdır, az qala,  2 milyon rial.  Daha bu son həddir, bundan o tərəfi yoxdur. İqtisadiyyat, valyuta bazarı tam çökmək üzrədir. Kritik bir vəziyyət yaranıb. Belə bir situasiyada İran müəyyən qədər nefti anbarlarda və gəmilərdə saxlamağa məcburdur. Çünki indiki vaxtda normal satış aparmaq iqtidarında deyil. Neft quyularının isə öz işləmə prinsipi var. Əgər quyuda hasılatı dayandırsan, sonra onu bərpa etmək mürəkkəb məsələdir və böyük xərclər tələb edir. Bu səbəbdən Tramp da hesab edir ki, belə bir vəziyyət İranı təzyiq altında saxlayacaq və təslim olmağa məcbur edəcək” – deyə davamında diplomat diqqətə çatdırıb.
 
Həmsöhbətimiz bildirib ki, İranın qonşu ölkələrlə münasibətlərində də böyük gərginliklər yaşanır: 
“Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr ziddiyyətlidir. Ərəb Əmirlikləri ilə İsrailin münasibətləri isə inkişaf edərək indiyədək görünməmiş səviyyəyə çatıb...” 
 
Keçmiş səfirin sözlərinə görə, hələ ki, İran tərəfi böhrandan çıxmaq üçün ciddi bir iş görə bilmir. 
 
“İran daxilində də gərginliklər, gizli parçalanmalar davam edir. Bəzi qruplar hətta SEPAH-a meyillilik göstərirlər. Real vəziyyət budur ki,  SEPAH bundan sonra da hakimiyyətdə qalacaq və idarəçiliyi tam öz əlində cəmləşdirəcəksə, vəziyyət heç də ürəkaçan olmayacaq. Çünki İran daxilində repressiyalar, həbslər, edamlar və digər repressiv tədbirlər, demək olar ki, gündəlik davam edir”, - diplomat qeyd edib.
 
“Amerika tərəfindən də İrana qarşı hərbi əməliyyatların bərpası təhlükəsi də yüzdə yüz qalmaqdadır. Lakin Tramp SEPAH-la da əməkdaşlığa hazırdır. Yəni hazırkı Amerika lideri üçün fərqi yoxdur; kim onun şərtlərini tam qəbul edərsə, onunla dialoqa getməyə hazırdır. Amma əgər SEPAH Amerikanın şərtlərini qəbul etsə, bu dəfə İran daxilində ona qarşı təzyiqlər qalxacaq. Yəni soruşacaqlar ki, sonda ABŞ qarşısında güzəştə gedəcəkdinsə, indiyədək - 47 il ərzində İranı niyə bu ağır vəziyyətə saldınız.
 
Ümumilikdə, İranın daxili və xarici vəziyyəti mürəkkəb və gərgin olaraq qalır”, -deyə sonda Abbasəli Həsənov vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər