Yaxın Şərqdə güc balansı və geosiyasi maraqlar ətrafında gərginlik yeni mərhələyə qədəm qoyur. ABŞ və İran arasında diplomatik və siyasi ziddiyyətlər dərinləşdikcə, tərəflərin mövqeləri daha da sərtləşir. Bu qarşıdurma təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də region ölkələrinin təhlükəsizlik və əməkdaşlıq arxitekturasına birbaşa təsir göstərir. Eyni zamanda, enerji marşrutları və strateji keçidlər ətrafında mübahisələr vəziyyəti daha da həssaslaşdırır.
Maraqlıdır, İranın ABŞ-yə təqdim etdiyi 14 maddəlik təklifdə yer alan sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və bütün cəbhələrdə müharibənin dayandırılması kimi şərtlər danışıqlar prosesinə necə təsir göstərə bilər?
Moderator.az-a mövzu ilə bağlı münasibət bildirən politoloq Tofiq Abbasov qeyd edib ki, İranın təqdim etdiyi 14 bəndlik sənəd demək olar ki, Donald Trump tərəfindən rədd edilib:

"O bildirib ki, bu təkliflər onları qane etmir və qəbul edilə bilməz. Bu isə faktiki olaraq İrana bir siqnal verir ki, ABŞ-ın yüksək tələblərini birdəfəlik rədd etsin. Hazırda tərəflər arasında ciddi mövqe qarşıdurması müşahidə olunur. Həm iddialar, həm də tələblər kifayət qədər yüksəkdir. Əgər söhbət İrandan gedirsə, ABŞ tərəfi faktiki olaraq onun geri çəkilməsini, hətta təslim olmasını istəyir. Lakin İran bu prosesdə mövqeyini qoruyub saxlaya bildi və öz tələblərini daha da yüksəltdi. İran bildirir ki, Hörmüz boğazı üzərindən istifadə onun milli hüququdur və bu məsələni ABŞ-la deyil, Oman və digər körfəz ölkələri ilə birlikdə həll etməyi planlaşdırır".
Politoloq vurğulayıb ki, əgər körfəz bölgəsində gərginlik varsa, ilk növbədə bu problemi region ölkələri öz aralarında müzakirə etməlidirlər:
"Bu yanaşma müəyyən mənada İlham Əliyev tərəfindən irəli sürülən regional əməkdaşlıq prinsipini xatırladır. Məqsəd odur ki, problemlər kənar qüvvələrin müdaxiləsi olmadan, məhz region ölkələri tərəfindən həll edilsin. Bu baxımdan İranın mövqeyi müəyyən qədər rasional görünür. ABŞ, NATO ölkələri və İsrail kimi aktorların bölgəyə müdaxiləsi isə İran tərəfindən qəbul edilmir. Digər tərəfdən, ABŞ bölgədə mövcudluğunu qorumağa çalışır. Lakin İran bildirir ki, ABŞ regionu tərk etməlidir. ABŞ-ın bölgədə yerləşən hərbi bazalarına edilən raket və pilotsuz aparat hücumları göstərdi ki, Vaşinqton həmin əraziləri qorumaqda ya acizdir, ya da buna tam maraqlı deyil.
Eyni zamanda ABŞ hələ də İranın aktivlərini dondurulmuş vəziyyətdə saxlayır və ona qarşı sanksiyalar tətbiq edir. Buna cavab olaraq İran alternativ yollar axtarır — Pakistan, Türkmənistan, Türkiyə və Xəzər dənizi üzərindən Rusiya ilə əməkdaşlıq edərək blokadanı qismən yarmağa nail olub. Donald Trump Konqres qarşısında çıxışında müharibənin bitdiyini desə də, reallıqda vəziyyət hələ də gərgindir. Qısa fasilədən sonra İsrail tərəfindən İrana qarşı yeni hücum ehtimalı istisna edilmir.
Belə görünür ki, növbəti mərhələdə daha genişmiqyaslı qarşıdurma baş verə bilər və bu, artıq ölüm-dirim xarakterli müharibəyə çevrilə bilər. Bundan sonra isə tərəflərin hansısa ortaq məxrəcə gəlməsi ehtimalı yarana bilər. Ümumilikdə hesab edirəm ki, mövcud vəziyyətdə müharibə riski kifayət qədər yüksəkdir və bu proses qaçılmaz görünür".
Pərvin Şakirqızı