“Cənubi Qafqazda yeni diplomatik mərhələ: Ankara–İrəvan yaxınlaşması nə vəd edir?”
Ekskluziv
173
14:45, Bu gün

“Cənubi Qafqazda yeni diplomatik mərhələ: Ankara–İrəvan yaxınlaşması nə vəd edir?”

Son dövrlərdə Cənubi Qafqazda diplomatik dinamika nəzərəçarpacaq dərəcədə aktivləşib və xüsusilə Türkiyə–Ermənistan xətti üzrə aparılan təmaslar regionun gələcək siyasi arxitekturası baxımından diqqət mərkəzinə çevrilib. Beynəlxalq platformalarda baş tutan görüşlər, qarşılıqlı səfərlər və iqtisadi-siyasi əməkdaşlıqla bağlı müzakirələr iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində yeni mərhələnin formalaşdığını göstərir. 

Maraqlıdır, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvana səfəri və bu səfərin Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutması əsasında, Türkiyə–Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan bu addım regionda siyasi, iqtisadi və təhlükəsizlik baxımından hansı real və davamlı dəyişikliklərə yol aça bilər?

Mövzu ilə bağlı, Moderator.az-a Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl açıqlama verib. 

Ekspert qeyd edib ki, istər Türkiyə rəhbərliyinin, istərsə də Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin qarşılıqlı səfərləri konkret bir məqsəd adı ilə açıqlanmasa da, məlumdur ki, bu səfərlər əsasən müxtəlif beynəlxalq tədbirlər çərçivəsində baş tutur:

"Məsələn, yaxın zamanda Antalyada keçirilən Diplomatiya Forumunda Ermənistanın Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Ermənistana səfəri də bu qəbildəndir.

Bütün bu addımlar Ermənistan–Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilir. Bundan əlavə, bir həftə əvvəl Qarsda Qars–Gümrü dəmir yolunun perspektivdə açılması ilə bağlı hər iki tərəfin nümayəndələrinin görüşü keçirilib ki, bu da müsbət və düzgün addım hesab olunur".

İlham İsmayıl vurğulayıb ki, ümumilikdə cəhdlərin əsas istiqaməti ondan ibarətdir ki, Ermənistan iqtisadi baxımdan Rusiyadan ciddi asılı vəziyyətdədir:

"Hazırkı Ermənistan rəhbərliyi isə daha çox Qərbyönümlü siyasət yürüdərək bu asılılığı minimuma endirməyə çalışır. Rusiya isə, xüsusilə parlament seçkiləri ərəfəsində, iqtisadi təsir vasitələrini davam etdirir. Bu baxımdan, Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması və ticarət əlaqələrinin qurulması həyati əhəmiyyət daşıyır. Avropa Siyasi Birliyi çərçivəsində baş tutan görüşlər də bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Gözlənilir ki, bundan sonra da həm beynəlxalq platformalarda, həm də qarşılıqlı səfərlər vasitəsilə Türkiyə və Ermənistan rəhbərlikləri arasında təmaslar davam edəcək.

Daha geniş əməkdaşlıq isə, böyük ehtimalla, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq.
Lakin bu prosesin gələcəyi müəyyən şərtlərdən asılıdır. Əgər Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı hakimiyyət – Paşinyan iqtidarı qalib gələrsə, normallaşma prosesi davam edə bilər. Əks halda, Rusiyayönümlü siyasi qüvvələrin hakimiyyətə gəlməsi həm Ermənistan–Türkiyə, həm də Ermənistan–Azərbaycan münasibətlərində yenidən gərginliyə səbəb ola bilər.

Ümumilikdə isə həm Türkiyə, həm də Azərbaycan koordinasiyalı siyasət apararaq Ermənistanla münasibətlərin yaxşılaşmasına çalışır. Ermənistan tərəfi də müəyyən mənada bu istiqamətdə maraqlıdır. Lakin bütün bu proseslərin geniş miqyasda necə inkişaf edəcəyini daha çox Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra görmək mümkün olacaq".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər