Bizi sosial şəbəkələrdən izləyin:
“Dünyada beynəlxalq hüquq tanınandan o boğazda nə İranın, nə də Amerikanın hakimiyyəti olub. Heç birinin Hörmüzə yiyələnməsi üçün hansısa bir hüquqi əsası yoxdur...”
“Hörmüz boğazı beynəlxalq suların davamıdır və ya bir hissəsidir. Heç kimin ərazisi və sərhədi deyil. Odur ki, bu məkan beynəlxalq gəmiçilik üçün daim açıq olmalıdır. Beynəlxalq hüquqda, konvensiyalarda bu cür göstərilir. İndi İran özündən hoqqa çıxarır ki, Hörmüzdən keçən hər gəmidən pul alıb buraxacam. Amma beynəlxalq suları birdən-birə necə mənimsəmək və özününküləşdirmək olar. Dünyada beynəlxalq hüquq tanınandan o boğazda nə İranın, nə də Amerikanın hakimiyyəti olub. Heç birinin Hörmüzə yiyələnməsi üçün hansısa bir hüquqi əsası yoxdur. Oradan bütün ticarət gəmiləri sərbəst üzüb keçməlidir- bütün dünya xalqlarının o məkanda maraqları var. Belə görünür ki, danışıqlar fayda vermir və yenə də güc tətbiq olunacaq.”
Bu fikirləri Moderator.az-a açıqlamasında Hörmüz boğazı ətrafında baş verənlərə münasibət bildirən politoloq Qabil Hüseynli ifadə edib.
“Özü də İran Hörmüzdən keçməyə görə hər gəmidən 1-2 milyon dollar xərac istəyir. Halbuki həmin gəmilərin çoxunun daşıdıqları yükün dəyəri heç o boyda olmur. Belə özbaşınalıq olmaz. İranı faktiki “SEPAH”-ın generalları idarə edir. Onların da çoxunun nə mükəmməl hərbi, nə dini, nə də elmi savadları var. Odur ki, sülhə, dünyanın rəğbətini qazanmağa çalışmaq əvəzinə, daha da nifrət qazanırlar və Amerikanın – Tramp kimi bir dəlinin əlinə dəstəvuz verirlər. Belə getsə, o da vəziyyətdən istifadə edərək İrana qarşı savaşın, yeni, bəlkə də daha şiddətli və amansız fazasını başladacaq. Və bunun da ən əsas zərbəsi İran və digər region ölkələrindəki xalqlara, dinc insanlara dəyəcək”, -deyə davamında politoloq diqqətə çatdırıb.
Sultan Laçın