“Bu səfəri Paşinyanın siyasətinə birbaşa və ya dolayı dəstək kimi də dəyərləndirmək olar...”
Ekskluziv
473
12:32, Bu gün

“Bu səfəri Paşinyanın siyasətinə birbaşa və ya dolayı dəstək kimi də dəyərləndirmək olar...”

“Müəyyən qüvvələrin, xüsusilə də Rusiyanın və digər maraqlı dairələrin öz namizədlərini qabartmaq üçün hansısa ağlagəlməz təbliğat kampaniyası qurması və ya təxribatlara əl atması, siyasi və hərbi gərginliyi artırmağa cəhd göstərməsi istisna deyil...”
 
“Odur ki, həm Azərbaycan, həm də Türkiyə regionda baş verə biləcək hər bir ssenariyə hazır olmalıdır...”
 
“Ermənistanda seçki ərəfəsində, təbii ki, həm Paşinyan, onun komandası həm də onun rəqibləri müxtəlif vasitələrdən istifadə edir və edəcək ki, seçkilərdə üstünlük qazansınlar. Paşinyana qarşı olan qüvvələrə Rusiya, bəzən isə Fransa da dəstək verir. Aydın məsələdir ki, həm Qərbdə, həm Şimalda elə mərkəzlər, dövlətlər var ki, Ermənistanın gələcək hakimiyyətini və siyasi istiqamətini müəyyənləşdirməyə çalışırlar.
 
Ancaq Azərbaycanın, Türkiyənin və Qərb ölkələrinin əksər hissəsinin marağı  Paşinyanın hakimiyyətdə qalmasındadır. Çünki Paşinyan nisbətən ayıq və məntiqli, ermənilərin öz maraqlarına uyğun, eyni zamanda bölgədə sabitliyə xidmət edən siyasət yürüdür. Bir çox tərəflər, o cümlədən region dövlətləri, qarşıdurmanın və müharibənin yenidən alovlanmasını istəmir. Bu baxımdan Paşinyanın mövqeyi xüsusilə önəmlidir.”
 
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri, onun keçirdiyi görüşlər və bu səfərin 7 iyun parlament seçkiləri ərəfəsində Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın şanslarına mümkün təsiri barədə danışarkən ifadə edib. 
 
“Paşinyan da bütün bunları yaxşı anlayır və onun əsas məntiqi ondan ibarətdir ki, “Qarabağ məsələsi” deyilən qondarma məsələni Ermənistan cəmiyyəti və hakimiyyəti bir daha qaldırmamalıdır. Çünki bu, təbii ki, Azərbaycanın maraqlarına uyğun deyil və onun xoşuna gəlməyəcək. Və əgər bu məsələ yenidən gündəmə gətirilsə, Azərbaycan buna adekvat addımlar ata bilər. Ermənistan tərəfi də artıq Azərbaycanın bu cür addımlar atmaq gücünə malik olduğunu və bunun nəticələrinin ağır ola biləcəyini anlayır”, -deyə davamında partiya sədri bildirib.
 
“Bir sözlə, Paşinyan hazırda realist və məntiqli siyasət aparır və bu siyasətə həm Qərbdən, həm də Azərbaycandan və Türkiyədən müəyyən dəstək var. Türkiyənin də son zamanlar Ermənistanla sərhədlərin açılması və münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdığını görürük. Bildiyiniz kimi, Qarsda Türkiyə və Ermənistan nümayəndələri arasında Qars-Gümrü dəmiryolunun açılmasıyla bağlı danışıqlar aparılıb. Bütün bunlar Paşinyana bir növ jest, siyasi dəstəkdir”,- bu fikirləri dilə gətirən siyasi şərhçi Azərbaycan hökumətinin yetərincə səviyyəli rəsmi nümayəndə heyətinin belə bir məqamda Ermənistana səfərinin Paşinyanın apardığı siyasətə birbaşa və ya dolayısıyla dəstək kimi də dəyərləndirmək mümkün ola biləcəyini hesab edir:
 
“Azərbaycan da regionda iqtisadi əlaqələrin qurulmasında, inkişafında maraqlıdır. Kommunikasiyaların açılması Azərbaycanın da maraqlarına tam cavab verir. Bu baxımdan Şahin Mustafayevin Ermənistana səfəri həm kommunikasiya xətlərinin açılması, həm də iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu səfər sərhədlərin delimitasiyası məsələləri ilə də bağlıdır.
 
Deyilənləri nəzərə alaraq bu səfəri həmçinin Paşinyanın apardığı siyasətə birbaşa və ya dolayısıyla dəstək kimi də dəyərləndirmək olar. Bu, kifayət qədər uğurlu bir addımdır və öz nəticəsini verməlidir. Əlbəttə, əgər hansısa gözlənilməz addımlar və ya təxribatlar baş verməsə, Paşinyanın siyasi xətti hələlik üstün vəziyyətdə qala bilər. Lakin müəyyən qüvvələrin, xüsusilə də Rusiyanın və digər maraqlı dairələrin öz namizədlərini qabartmaq üçün hansısa ağlagəlməz təbliğat kampaniyası qurması və ya təxribatlara əl atması, siyasi və hərbi gərginliyi artırmağa cəhd göstərməsi istisna deyil.
 
Odur ki, həm Azərbaycan, həm də Türkiyə regionda baş verə biləcək hər bir ssenariyə hazır olmalıdır. İstənilən halda, hətta  revanşist qüvvələrin hakimiyyətə gəlməsi halında belə, Azərbaycan üçün bəzi istiqamətlərdə, xüsusilə Zəngəzur və Qərbi Azərbaycanla bağlı yarımçıq qalmış məsələlərin reallaşdırılması baxımından müəyyən əlverişli şərait yarana bilər...”
 
“Ümumilikdə isə Azərbaycan öz gücünə arxalanır və istənilən vəziyyətdən dövlət maraqları naminə maksimum istifadə etməyə qadirdir. Amma regionun ümumi sabitliyi baxımından, həm Ermənistan, həm Azərbaycan, həm də regiondakı digər dövlətlər üçün ən məqsədəuyğun variant Paşinyanın mövcud siyasi xəttinin davam etdirilməsidir. Bu hamının maraqlarına cavab verir”, - deyə Akif Nağı vurğulayıb.
 
Sultan Laçın
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər