“Ağlını başına yığ, aktyorun maaşını niyə kəsirsən, pulunda gözün var?” - FOTO+ÖZƏL
Ekskluziv
2366
14 Apr 2026 | 21:20

“Ağlını başına yığ, aktyorun maaşını niyə kəsirsən, pulunda gözün var?” - FOTO+ÖZƏL

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani Akademik Opera və Balet teatrının direktoru Yusif Eyvazovun teatrın solisti, müharibə iştirakçısı Atəş Qarayevin aylıq əmək haqqını kəsməsinə münasibət bildirib.

Moderator.az-a açıqlama verən diktor bu addımın doğru olmadığını bildirib:

“Teatrın direktorunu tanımıram, amma atdığı addımı qətiyyətlə pisləyirəm. Düzgün addım atmayıb. Ağlını başına yığsın! Niyə görə axı onun maaşını kəsirsən?! Pulunda gözün var?! Nə böyük puldur ki? Aktyor o məvaciblə dolanır. Xahiş edirəm adımdan yazın ki, həmin direktor düzgün etməyib. Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşmalıyıq. Əgər həmin gənc onunla söyüşsəydi, döyüşsəydi, təhqir etsəydi bəlkə də bu addımı ata bilərdi. Təhqir etsəydi belə sənin ixtiyarın yoxdur ki, onun maaşını kəsəsən! Mən yolda əsgər görəndə qucaqlayıb öpürəm. Ötən dəfə də yolda bir əsgər gördüm. Gördüm qaçır, anası ilə görüşə gedir. Qolundan dartdım, məni tanıdı, dedi ki, aa Ofeliya xanım. Öpdüm onu, cibinə 100 manat pul da qoydum” deyə tanınmış diktor bildirib.

Ofeliya Sənani bildirib ki, incəsənət adamları kövrək ruhlu insanlar olur, onları incitmək olmaz:

“Teatr işçilərini incitməyə nəinki direktorun, heç kimin ixtiyarı yoxdur. Aktyorun qəlbinə dəymək olmaz. Aktyoru əlinin içində saxlamalısan, əzizləməlisən. Çünki onlar tez küsürlər, inciyirlər, ürəkləri sınıqdır. Görün səhnədə neçə-neçə rollar oynayırlar, neçə insanın taleyini yaşayırlar. Bu asandır məgər?!. Heç öz həyatlarını yaşaya bilmirlər! Səhər məşq, günorta məşq, axşam tamaşa.. Heç ailələrinin, balalarının üzlərini görmürlər. Onları incitmək olar?! Direktor iclas etməlidir, hamının problemini, dərdini soruşmalıdır” deyə diktor bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər