“O dedi ki, Azərbaycan azərbaycanlı və ermənilər üçündür” - “İldırım” təşkilatının üzvü
Ekskluziv
2626
02 Nov 2024 | 16:39

“O dedi ki, Azərbaycan azərbaycanlı və ermənilər üçündür” - “İldırım” təşkilatının üzvü

“1944-cü ilin əvvəllərində Bakının ali məktəb tələbələri arasından seçilmiş adamlardan ibarət olan antisovet millətçi gənclər təşkilatı yaratdıq. Qarşımıza Müstəqil Milli Azərbaycan Respublikası qurmağı qoymuşduq…»
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...                                                                                                       
(Əvvəli burada: )
 
“Filologiya. Rəhimov İsmixan Məmməd oğlu.
 
“İldırım” təşkilatı haqqında xeyli məqalə, müsahibə və xatirələr çap edilmişdir. Onların heç birinin əhəmiyyətini əsla  azaltmadan biz yalnız istintaq materiallarından istifadə etmək qərarına gəldik. İstintaq materiallarından aydın olur ki, ”İldırım” təşkilatınin aparıcı simaları Gülhüseyn Abdullayev və Hacı Zeynalovla bərabər İsmixan Rəhimov olmuşdur. 
 
Azərbaycan SSR DTİ IV şöbəsinin V bölməsinin baş əməliyyat müvəkkili İ.Rəhimovun işinə baxaraq ona qarşı Azərbaycan SSR cinayət məcəlləsinin 107-ci maddəsi ilə istintaq işinin aparılmasını zəruri hesab edib.
 
Ümumiyyətlə, 283 saylı istintaq işi ilə bağlı səkkiz nəfər gənc həbs olunub. Onların yarısı Bakı Dövlət Universitetinin tələbələri, aspirantlarıdır. Bunlar aşağıdakılardır: 
 
1. Rəhimov İsmixan Məmməd oğlu. Bakı Dövlət Universiteti, APİ. 2. Zeynalov Hacı Həbib oğlu.Bakı Dövlət Universiteti. 3. Abdullayev Gülhüseyn Hüseyn oğlu.Bakı Dövlət Universiteti. 4. Əliyev Kamal Əbdülxaliq oğlu.Neft-Kimya İnstitu. 5. Vahidov Aydın Məcid oğlu. Neft Kimya İnstitu. 6. Ələsgərov Azər Əbdülxaliq oğlu.Bakı Dövlət Universiteti. 7. Abdullayev Musa Mirməmməd oğlu. Azərbaycan Dövlət Pedoqoji Universiteti. 8. Rzayev Kamil Əbdülbaqi oğlu. Xalq Təsərrüfatı İnstitutu.
 
26 sentyabr 1948-ci ildə İ.Rəhimovun evində axtarış aparılması və həbsi haqqında 247 saylı order verilib.
 
Ənənəvi olaraq onun anketi tərtib olunub. Orada qeyd edilib ki, Rəhimov İsmixan 1925-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, aspirant, bitərəf, əks-inqilabi üsyanlarda iştirak etməyib, quldur dəstələrində olmayıb, əvvəllər həbs edilməyib. 
“Atası 4 mart 1927-ci ildə ölüb, anası Rəhimova Tükəzban Bəşir qızı, 53 yaşlı. Qardaşları: Rəhimov Əkrəm Məmməd oğlu 1915-ci il doğumlu; Rəhimov Rəhim Məmməd oğlu, 1912-ci il doğumlu. Subay”.
 
Beləliklə, anket məlumatlarından aydın olur ki, onun ailə tərkibi iki qardaşı və anasından ibarət olmuşdur.
 
26 sentyabr 1948-ci ildə İ.Rəhimovun Bakı şəhəri, Yuxarı Dağlıq küçəsi 190-da olan evində axtarış aparılıb. Həmin vaxt oradan pasport, doğum haqqında şəhadətnamə, komsomol və hərbi bileti, zaçot kitabçası, müxtəlif yazılar, qələmlər, karandaşlar, özünə məxsus 35 vərəqdən ibarət olan şeirlər dəftəri çıxıb. 
 
Axtarış aparılması haqqındakı arayışda qeyd olunur ki, evdə İ.Rəhimova məxsus əşyaların içərisində istintaq üçün maraq kəsb edən heç nə tapılmayıb. Ev İ.Rəhimovun adına olmadığı, anası və qardaşı ilə birlikdə yaşadığı üçün möhürlənməyib.
 
Buradan açıq görünür ki, istintaq 1940-cı illərin ikinci yarısında 1930-cu illərə nisbətən qanunlara bir az əməl edib . 
İlk istintaq 27 sentyabr 1948-ci ildə saat 10:45-də başlayıb 13:05-də qurtarır.
 
Müstəntiq istintaqda əvvəlcə ondan tərcümeyi-halından danışmağı tələb edir. O, APİ-də ingilis dili müəllimi olduğunu, 1925-ci ildə Bakı şəhərində qulluqçu ailəsində doğulduğunu, atasının 1920-ci ilə qədər Hökməli kəndində yaşayaraq kənd təsərrüfatı ilə məşğul olduğunu, eyni zamanda kəndin mirzəsi olduğunu bildirdikdən sonra anası, qardaşları barədə məlumat verib. Bildirib ki, atası sovet hakimiyyətinin qurulmasından sonra Azərb. SSR XDİK-da, sonra isə Azərb. SSR Mərkəzi İcraiyyə Komitəsində katib olub. 1927-ci ildə xəstələndikdən sonra vəfat edib. 
“...Mən 1934-cü ildə 19 saylı məktəbə getdim. Orada 1941-ci ilə qədər oxudum. 1942-ci ildə 172 saylı məktəbə getdim. Elə həmin ilin yayında qiyabi imtahan verib 10-cu sinfi bitirdim, orta təhsil haqqında sənəd aldım. Eyni zamanda 1941-ci ildə iki illik xarici dil kursuna daxil oldum. 1943-cü ildə ingilis dili üzrə həmin kursu bitirdim.
 
1942-ci ildə orta məktəbi qurtardıqdan sonra Bakı Dövlət Universitetinin ədəbiyyat fakültəsinə daxil oldum. Orada 1943-cü ilə qədər oxudum. İkiillik xarici dil kursunu bitirdikdən sonra mən APİ-nin xarici dil fakültəsinin III kursuna dəyişdim. 1946-cı ildə oranı bitirib aspiranturaya daxil oldum. Eyni zamanda APİ-də ingilis dilindən dərs deyirəm. 1939-cu ildən komsomol üzvüyəm. Qohumlarımdan yeznəm Əlibəndə Ağaverdi oğlu 1937-ci ildə XDİK tərəfindən həbs olunub. Xaricdə qohumum  yoxdur”.
 
Müstəntiq ondan ittiham olduğu antisovet fəaliyyəti barədə danışmağı təklif edir. Ancaq İ.Rəhimov belə bir fəaliyyətlə məğlub olmadığını bildirib bu səbəbdən bunun mahiyyəti haqqında da heç nə deyə bilməyəcəyini söyləyir.
 
Bundan sonra müstəntiq ondan iş yoldaşları və dostluq əlaqələri saxladığı adamların kimlər olduğunu soruşub. O cavabında belə adamların aşağıdakılar olduğunu bildirib. 
 
“...1. Abdullayev Musa Məmməd oğlu, aspirant, APİ-nin xarici dil kafedrası. Yaxın dostluq əlaqələrim var, evlərinə gedib gəlirəm.2. İsmayıl Şıxlinski, aspirant, APİ. Onunla yaxın əlaqələrim var. Ancaq institutda – APİ-də görüşürük. 3. Quliyeva Mina – aspirant, APİ. Onunla dostluq əlaqələrim var. Bəzən evlərinə gedirəm. 4. Əhmədova Xədicə, xarici dil kafedrasında müəllim. Yaxşı münasibətim var, tez-tez evlərinə gedirəm. 5. Zeynalov Hacı Həbib oğlu – ADU-da Şərqşünaslıq fakültəsində V kursda oxuyur, eyni zamanda Azərb. SSR EA-nın nəşriyyatında nəşriyyat şöbəsində katib işləyir. Yaxın dostluq əlaqələrim var. Bəzən evlərinə gedirəm. 6. Hidayət, soyadını və atasının adını unutmuşam. ADU-da Şərqşünaslıq fakültəsində Hacı ilə birlikdə oxuyur. Hacının vasitəsilə onu tanıyıram. 7. Abdullayev Gülhüseyn Məmməd oğlu – ADU-da aspirant. Onunla da yaxın dostluq əlaqələrim var. 8. Babayev Əkbər – Moskva Şərqşünaslıq institutunun aspirantı. Onunla Moskvada tanış oldum və səmimi münasibətim var. 9. Oqtay Əfəndiyev- Moskvadakı Şərqşünaslıq institutunda fars dili fakültəsində oxuyur. Onunla Bakıda ADU-da tanış olmuşam. Moskvada olduğum vaxtlarda onunla tez-tez görüşürdüm. 10. Yaqubov Namiq – Moskva Şərqşünaslıq institutunda ərəb dili fakültəsində oxuyur. Onu Bakıdan tanıyıram. Moskvada olanda onunla səmimi görüşlərim olub və tez-tez görüşmüşəm. 11. İslamov Tofiq – Leninqrad Dövlət Universitetində oxuyur. Onunla Bakıda ikiillik xarici dil kursunda oxuyanda tanışam. Hərdən onunla yazışırıq. Başqa iş və dostluq münasibətlərində olduqlarım yoxdur”.
 
Bununla da istintaq başa çatıb. Elə həmin gün axşam saat 20:15-də başlayan ikinci istintaq səhərə yaxın, üçə on beş dəqiqə qalmış qurtarıb. 
 
Iİkinci istintaq materialları başqalarından bir əsas məsələyə görə diqqəti cəlb edir. Bu da ondan ibarət idi ki, 1930-cu illərdən bəri aparılan repressiya işləri içərisində az hal  idi ki, Azərbaycan dilində istintaq materiallarına rast gəlirdim. 
 
Bundan başqa, bu istintaqa qədər müstəntiq ona məlum üsullarla təsir etdiyindən qəflətən hər şey İ.Rəhimovun yadına düşüb. 
 
Müstəntiq İ.Rəhimovdan antisovet fəaliyyətlə məşğul olmadığı haqqında əvvəlki istintaqa verdiyi  ifadənin doğru olmadığını, əksinə onun belə fəaliyyətdə olduğuna dair istintaqda təkzibedilməz faktlar olduğunu söyləyib həqiqəti danışmağı tələb edir. 
 
“Cavab: Mən ali məktəbə daxil olandan sonra ictimai işlərdə çalışmışam. Bu müddətdə həmişə partiya və dövlətimiz tərəfindən qayğı görmüşəm. Odur ki, mənim şüurumda heç bir yaramaz fikirlər ola bilməzdi. 
 
Lakin ikiillik xarici dil kursunda və ADU-nun filologiya fakültəsində müntəzəm olaraq məşğələ zamanı mənimlə görüşən İslam İbrahimov yanımda sovet gəncinə layiq olmayan bəzi sözlər deyirdi. Məsələn, o deyirdi ki, bu gün institutda verilən qəlyanaltı siyahısına rus qrupunun tələbələrinə deyil, ancaq azərbaycanlı və erməni qruplarının tələbələrini daxil etmək lazımdır. Çünki, ruslar başqa şəhərlərdə də oxuya bilərlər. Azərbaycanlılar və ermənilər isə bunu edə bilməzlər. Bu vaxtdan başlayaraq mənim beynimdə belə lazım olmayan fikirlər dolaşmağa başladı. 
 
Bir dəfə ADU-nun filologiya fakültəsində oxuyan Elman Ağayev Azərbaycanda əsil demokratik qanunlar olmadığı üçün əsil demokratik kommunist partiyası yaratmağı təklif etdi ki, bu da gələcəkdə bütün Şərqdə yayılmalı idi. Elman öldü və bu fikirlər də yox olub getdi. 1944-cü ildə ADU-nun filologiya fakültəsində mənimlə oxumuş Gülhüseyn Abdullayev bir təşkilat düzəltməyi təklif etdi. Bu da elə bir təşkilat olmalı idi ki, orada Azərbaycanın tam müstəqil respublika olması haqqında.  Baxmayaraq ki, bizim indiki Azərb. SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olduğu qeyd edilmişdir. Əsil həqiqətdə bu idarələrdə rəsmi dil rus dilidir. Dövlət aparatında işləyənlərin əksəriyyəti ruslardır. Ona görə çoxlu azərbaycanlı kadrlar qəsdən idarələrə işə götürülmür. .. Biz elə bir Azərbaycan Kommunist respublikası nəzərdə tuturuq ki, orada bu nöqsanlar olmasın, bütün idarələr azərbaycanca işləsin. ...Bu vaxta kimi Marks, Engels, Lenin və Stalinin bütün əsərləri azərbaycancaya tərcümə edilməmişdir. Biz bütün dünya ədəbiyyatının ən yaxşı nəşrlərini öz ana dilimizdə çap olunmasını istəyirik. Biz bunlara nail olacaq bir respublika düzəlməsini nəzərdə tuturduq. Bu təşkilata sonra Hacı Zeynalov, Aydın, Kamal, Musa Abdullayev da üzv oldu. Biz çox az görüşürdük. Bəzən bağda, bəzən də birimizin evində görüşürdük.  Görüş zamanı boşboğazlıq olduğu üçün bu təşkilat dağıldı. Biz heç bir iş görməmişik. Səməd Vurğuna mənim xəttimlə 1944-cü ildə bir məktub yazılıb. Bunun yazılmasında Gülhüseyndən başqa heç kəsin nə xəbəri, nə də iştirakı olmamışdı”.
 
Bununla da ikinci istintaq qurtarıb. Elə həmin gün, ayın 28-də ücünçü istintaq olub.
 
Lakin bu istintaqın saat neçədə başladığı, neçədə qurtardığı qeyd edilməyib. Bu da səbəbsiz deyil. Çünki ikinci istintaq səhərə yaxın, üçə on beş dəqiqə qalmış yekunlaşıb. Ehtimal ki, üçüncü istintaq bundan az sonra başladığı üçün müstəntiq bunu yazmayıb. 
 
Müstəntiq istintaqın əvvəlində təqsirləndiriləndən müqaviməti dayandırmağı, özünün antisovet fəaliyyəti haqqında həqiqəti danışmağı tələb edib. İ.Rəhimov antisovet fəaliyyətlə məşğul olmadığını, bu səbəbdən danışmağa məsələ olmadığını söyləyib. Müstəntiq ona düz danışmadığını, istintaqda onun Sovet hakimiyyətinə düşmən əhval-ruhiyyədə olması və bu səbəbdən antisovet fəaliyyət göstərməsi haqqında təkzibedilməz dəlillər olduğunu bildirir.
 
“Siz 11 may 1944-cü ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri S.Vurğuna açıq, antisovet-millətçi məzmunda imzasız məktub yazmısınız. Bunu qəbul edirsinizmi?” 
 
Maraqlıdır ki, əvvəlki istintaqda özü bu barədə məlumat verən İ.Rəhimov nədənsə indi bunu təkzib edib. 
 
Müstəntiq ona 11 may 1944-cü ildə S.Vurğunun adına yazılmış, “antisovet  millətçi” məzmunlu məktubun bir parçasını oxuyur və soruşur ki, (Hansı hissəni oxuduğu qeyd olunmayıb.-B.Əziz) bunu yazdığını etiraf edirsənmi? “Cavab: Bəli, bu məktub mənə məlumdur. Onu dostum Gülhüseyn Abdullayevin otağında, onunla birlikdə şəxsən mən yazmışam”. 
 
Amma elə bu sözün arxasınca o yazının “...mən yalnız üzünü köçürmüşəm” deyir. Ardınca məktubu çatdırmaq üçün G.Abdullayev S.Vurğunun yaşadığı evin həyətindəki bir oğlana verdiyini söyləyir. 
 
“Sual: İmzasız məktubunuzun mahiyyətindən görünür ki, onu siz hansısa gənclər qrupu adından yazmısınız. Guya onlar “müstəqillik”, “azadlıq uğrunda”, “müstəqil inkişaf” naminə öz həyatlarını belə qurban verməyə hazırdır. Sizdən başqa antisovet əhval-ruhiyyəli, sovet hakimiyyəti əleyhinə işləyən gənclərin siyahısı başqa kimdə var? Onlar kimlərdir, indi harada olmaları barədə ətraflı məlumat verin. Cavab: Mən səmimi olaraq aşağıdakıları deyə bilərəm: Mənimlə birlikdə Abdullayev Gülhüseyn 1944-cü ilin əvvəllərində Bakının ali məktəb tələbələri arasından seçilmiş adamlardan ibarət olan antisovet millətçi gənclər təşkilatı yaratdıq. Qarşımıza Müstəqil Milli Azərbaycan Respublikası qurmağı qoymuşduq. Bu təşkilatın sıralarına aşağıdakılar daxil idi:
1. Rəhimov İsmixan, mən özüm. 2. Abdullayev  Gülhüseyn Hüseyn oğlu, 1925-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında aspirant. 3. Zeynalov Hacı Həbib oğlu, 1923-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. ADU-nun Şərqşünaslıq fakültəsinin V kurs tələbəsi.  4. Abdullayev Musa Məmməd oğlu, 1926-cı il, Masallı rayonu Qızılağac kəndində anadan olmuşdur. APİ-nin ingilis dili kafedrasının aspirantı. 5. Aydın, soyadını, atasının adını unutmuşam, təxminən 25 yaşı var, AZİ-də tələbə. 6.  Kamal, soyadını, atasının adını unutmuşam. Aydının dostu, AZİ-də tələbə. 7. Azər, soyadını, atasının adını unutmuşam, bakılı, 1947-1948-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsini bitirib. Bunlardan başqa üzv tanımıram.”
 
Belə məlumatdan sonra müstəntiq İ.Rəhimovdan onun kim tərəfindən və nə vaxt antisovet millətçi təşkilata cəlb edildiyini soruşub. 
 
“Mən ikiillik xarici dil kursunun tələbəsi olarkən bu kursun alman dili ixtisasının tələbəsi, Azərbaycan Respublikası Prokurorunun müavini Əjdər İbrahimovun qardaşı, hazırda Moskvada SSRİ Nazirlər Sovetində tərcüməçi işləyən İslam İbrahimov mənimlə söhbətində bir neçə dəfə açıq-aydın antisovet millətçi mövqedən danışdı. İndi dəqiq xatırlamasam da, təxminən belə deyirdi: “Azərbaycan ancaq azərbaycanlılara məxsusdur, ali məktəblərdə azərbaycanlılar oxumalıdır. Ruslar qoy Rusiyada oxusunlar. Azərbaycanlı gənclərin tələbə ərzaq payı onlara verilməsin. Onunla söhbətimiz həmişə millətçi ruhda olurdu. Məhz onunla söhbətlərin sonunda məndə millətçi fikirlər yarandı. 
 
İbrahimov İslamdan sonra mən əslən Qaryagindən olan, 1925-ci il doğumlu, ADU-nun filologiya fakültəsində  oxuyan Ağayev Elmanla tanış oldum. Hazırda həyatda yoxdur, vəfat edib. Onunla tanışlığım ilini xatırlamıram. O da açıq millətçi ruhda olan bir şəxs idi. Mən onunla 1943-1944-cü illərdə görüşmüşəm. Onunla olan bütün görüşlərimi və söhbətlərimi xatırlamıram. Ancaq o da sovet millətçi gənclər təşkilatı yaratmağı zəruri hesab edirdi. Beləliklə, bu istiqamətdə söhbətlər məni yönləndirdi. Mən Ağayevin bütün fikirlərini başa düşür və məqsədini anlayırdım. Onun millətçi mövqeyi ilə razılaşırdım.
 
Gülhüseyn Abdullayevlə mən 1942-ci ildə ADU-da birlikdə oxuduğum vaxt tanış olmuşam. 1943-cü ildən başlayaraq G.Abdullayev mənimlə görüşdə sistematik olaraq müasir Azərbaycan gənclərinin vəziyyətindən narazılığını bildirirdi. Xatırlayıram ki, onun narazılığı aşağıdakı istiqamətdə idi: Azərbaycanda dövlət dili Azərbaycan dili əvəzinə rus dilidir, Azərbaycan ədəbiyyatı indiki vəziyyətdə inkişaf edə bilməя, azərbaycanlı tələbələr doğma dildə lazımi ədəbiyyat əldə edə bilmirlər. Ona görə azərbaycanlı gənclərin inkişafı mümkün deyil. Onun antisovet millətçi görüşləri ilə əsasən razı idim. Onunla bir neçə söhbətdən sonra o məni razı saldı və təklif etdi ki, azad, müstəqil, milli yolla inkişaf edən Azərbaycan yaradılması uğrunda mübarizə aparan antisovet millətçi təşkilat yaradaq. 
 
Beləliklə, mən Abdullayev Gülhüseyn Hüseynoğlu tərəfindən bu təşkilata cəlb olundum. Məndən başqa bu təşkilata G.Abdullayev tərəfindən müxtəlif vaxtlarda aşağıdakılar cəlb edildi: Zeynalov Hacı, Kamal və Aydın. Zeynalov öz növbəsində Azəri cəlb edib. Mən şəxsən bu təşkilata tələbəlik illərindən yaxından tanıdığım Abdullayev Musa Məmməd oğlunu cəlb etmişəm”.
 
Müstəntiq bu cavabla kifayətlənməyərək ondan özünün “...praktik antisovet millətçi fəaliyyəti” haqqında daha geniş məlumat verməyi tələb edib. İ.Rəhimov suala cavab olaraq bildirir ki, təşkilatları 1943-cü ilin axırlarından 1946-cı ilə qədər mövcud olub. Bu müddətdə təşkilatın “...səhv etmirəmsə 9-10 iclası olub. İclaslarımız bir dəfə Abdullayev Musanın, 3-4 dəfə Zeynalov Hacının otağında, qalanları bulvarda, yaxud Nizami adına bağda olmuşdur. 
 
Bu iclaslarda milli mövzularda söhbətlər aparılırdı. Hər kəs təşkilatın gələcəkdə necə işləməsi barədə fikirlərini söyləyirdi. Nəzərdə tuturduq ki, təşkilatımızın Proqram və Nizamnaməsini tərtib edək. Amma fikir ayrılığı yarandığı üçün bunu edə bilmədik. Proqram və Nizamnamənin yazılması mənə həvalə edilmişdir.  Ancaq mən bu işi yerinə yetirə bilmədim. Çünki təşkilatda çəkişmələr, fikir ayrılıqları yaranmışdı. Biz vahid fikrə gələ bilmədik. Ona görə 1946-cı ildə dağıldıq”.
 
Bununla da  üçüncü istintaq başa çatıb. İstintaqın sonunda onun 12:00-da  başlandığı, 16:30-da qurtardığı qeyd edilib. Eyni zamanda istintaq rusca aparıldığı və protokol rusca yazıldığı üçün təqsirləndirilən “Tərcüməçiyə ehtiyac yoxdur. Protokol mənə oxundu və mənim sözlərim əsasında yazıldığı doğrudur”  qeydini edərək qol çəkilib. 
 
Sonda o, İslam İbrahimovun sözlərini dəqiqləşdirən qeyd edib. Qeyddə yazılıb ki, “İ.İbrahimov Azərbaycan azərbaycanlılar üçün” yox, “Azərbaycan azərbaycanlı və ermənilər üçündür” deyib. Maraqlı cəhət yaranır, o, həqiqətən ermənini də deyibsə,  onda bu təşkilat millətçi deyil, beynəlmiləlçi olur.   
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər