Vahid Əhmədov: “Rəsmi Parisin bu açıqlaması “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsələni yada salır”
Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə dövlət xidməti - Viginum Yeni Kaledoniyadakı daimi iğtişaşlar fonunda Azərbaycanın sosial şəbəkələrdə guya Fransanı hədəf alan qaralama kampaniyası apardığını bildirib. Yeni Azərbaycan Partiyasını hədəf alan hesabatda qeyd olunur ki, “Azərbaycan mənşəli hesabların son günlərdə X və Facebook platformalarında Fransa polisini Yeni Kaledoniyada etirazçılara atəş açmaqda ittiham edən “aşkar qeyri-dəqiq və ya aldadıcı məzmunun kütləvi və koordinasiyalı şəkildə” yayılıb. Hesabata görə, Fransanın Yeni Kaledoniyadakı fəaliyyəti ilə bağlı “saxta məlumat” yayan şəxslərin ən azı 86 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir.
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bu hesabatın ölkəmizə qarşı növbəti qərəzdən başqa bir şey olmadığını bildirib:
“Fransanın Yeni Azərbaycan Partiyası ilə bağlı ittihamı anti-Azərbaycan təbliğatının davamıdır. Rəsmi Parisin bu açıqlaması “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsələni yada salır.
Hər şeydən öncə qeyd edək ki, Fransa tarixi başdan-başa zorakılıqlarla doludur və bu ölkənin XIX əsrdə sadəcə Əlcəzairdə törətdiyi vəhşiliklər bəşəriyyəti bu gün də dəhşətə gətirməkdədir.
Yeni Kaledoniya məsələsinə gəlincə, Fransanın Sakit okeandakı bir sıra ada-dövlətləri, kiçik xalqları əsrlər uzunudur ki, əsarət altında saxlaması hər kəsə məlumdur və Yeni Kaledoniya bu nümunələrədn sadəcə biridir. Yeni Kaledoniyanın azadlıq istəyinə cavab olaraq Fransanın adanı polis, jandarm və digər güc orqanlarının əməkdaşları ilə doldurması rəsmi Parisin insan hüquqlarına, demokratiya və ədalət prinsipinə olan münasibətini göstərir. Bu fakt bir daha sübut edir ki, Fransa onun maraq və mənafeyinə zidd olan istənilən problemi “dəyənək yolu ilə” həll etməkdə maraqlıdır.
Nəhayət, hansısa müstəqil fərdlərin sosial şəbəkələrdə yazdığı şərhləri əsas gətirərək hakim partiyanı ittiham etmək yalnız Fransanın ata biləcəyi absurd addımlardan biridir. Ayrı vaxtı azad sözdən, demokratiyadan danışan Fransanın ondan min kilometrlərlə uzaqlıqda yerləşən bir ölkədə sadə vətəndaşlar tərəfindən səslənən hansısa fikri həzm edə bilməməsi, Makron rejiminin anti-demokratikliyindən xəbər verir.
Hesab edirəm ki, Fransanın Yeni Azərbaycan Partiyasını hədəf alan bu hesabatı onun özünün özünü ifşası faktıdır və bu fakt yalnız ölkəmizdə deyil, bütün dünyada gülüşlə qarşılanacaq”.
Seymur ƏLİYEV