Bizi sosial şəbəkələrdən izləyin:
“Onunla yaxınlıq, dostluq edənlər Maksim Musayevin necə sədaqətli insan olduğunu yaxşı bilir...”
“Maksim müəllim son illər siyasi fəaliyyətlə məşğul olmasa da, bədii-siyasi yaradıcılığını davam etdiririrdi. O, Azərbaycan parlamentinin tarixindən kitablar yazırdı. Günlərlə Milli Məclisin arxivində, kitabxanasında sənədlər, stenoqramlar əsasında işəyirdi. Həmin kitabda mənim fəaliyyətim barədə, o cümlədən latın qrafikasına keçid haqda layihələrimdən bəhs edilən məqamlar da var”.
Bunu Moderator.az-a açıqlamasında bu günlərdə dünyasını dəyişməsindən bir il ötməsi münasibəti ilə anım mərasimi keçirilmiş görkəmli ictimai-siyasi xadim Maksim Musayev haqqında xatirələrini danışan keçmiş təhsil naziri, sabiq deputat, professor Firudin Cəlilov ifadə edib.
“Maksim müəllim Xızıda bağ evində mənimlə divar qonşusu idi. Və öz yazılarının bir sıra maraqlı məqamlarını çox vaxt ilk olaraq mənə oxuyur və bəzi epizodlarla bağlı məsləhətləşirdi. Rəhmətliyin maraqlı yumor hissi də vardı... Bir dəfə yay vaxtı həyətdə ağaclara qulluq edirdim. Sən demə, Maksim müəllim keçib bizə və dərhal eyvandakı masamın üzərində hələ latın qrafikasına keçmədiyimiz, amma artıq parlamentdə bu haqda mənim layihələrim müzakirə olunduğu bir vaxtda kiril əlifbasıyla yazdığım əlyazmaları görüb. Bir də eşitdim, məni çağırır ki, aha, tapmışam, sabah Ali Sovetdə deyəcəm ki, ay camaat, bu adam bizimlə dava edir ki, latın qrafikasına keçin, amma özü kirillə yazır...
Bir sözlə, gözəl insan, səmimi qonşu, etibarlı dost idi Maksim... Onunla yaxınlıq, dostluq edənlər Maksim müəllimin necə sədaqətli insan olduğunu yaxşı bilir. Tanrı əməyini halal, yerini Uçmaq eləsin” – deyə sonda Firudin Cəlilov bildirib.
Sultan Laçın