Dünya
299
19:50, Bu gün

"Rusiyanın uğursuzluqları Putinin öz hakimiyyəti üçün təhlükəyə çevrilir" - "Financial Times"

"Müharibənin uzanması, artan itkilər və iqtisadi çətinliklər Kreml daxilində narazılığın güclənməsinə səbəb ola bilər..."

Ukraynadakı müharibə dördüncü ilinə yaxınlaşdıqca onun nəticələri təkcə cəbhədə deyil, Rusiyanın daxilində də daha qabarıq hiss olunmağa başlayır. 

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Müharibənin bədəli Kreml üçün ağırlaşır

Qərb ekspertləri hesab edirlər ki, hərbi və iqtisadi problemlərin yığılması uzunmüddətli perspektivdə Kremlin siyasi sabitliyi üçün ciddi sınağa çevrilə bilər. Nəşrin şərhçisi Gideon Raxman hesab edir ki, Ukraynada uzanan müharibə artıq yalnız cəbhədə deyil, Rusiyanın daxili siyasi həyatında da ciddi nəticələr doğurur. 

Onun fikrincə, Kremlin qısa müddətdə başa çatdırmağı planlaşdırdığı əməliyyat illərlə davam edən münaqişəyə çevrilib və bunun nəticələri artıq Moskvada da hiss olunur. Müəllif buna misal olaraq 9 May paradını göstərir. Əvvəllər Rusiyanın hərbi güc nümayişinə çevrilən tədbirdə bu dəfə ağır texnikanın nümayişi məhdudlaşdırılıb. Raxmanın fikrincə, bu, Ukrayna müharibəsinin Rusiyanın öz təhlükəsizlik hissinə də təsir göstərdiyini nümayiş etdirir.

Müharibə paytaxtın gündəlik həyatına çatıb

Şərhçi qeyd edir ki, müharibənin ilk illərində hakimiyyət Moskva və Sankt-Peterburqu döyüşlərin nəticələrindən mümkün qədər uzaq saxlamağa çalışırdı. Lakin indi vəziyyət dəyişib. Dron hücumları təhlükəsi səbəbindən hava limanlarının fəaliyyəti mütəmadi dayandırılır, mobil rabitə və internetdə məhdudiyyətlər tətbiq olunur, neft emalı obyektlərinə zərbələr isə yanacaq bazarına təsir göstərir.

Müharibənin insan itkisi də böyük olaraq qalır. Müəllif xatırladır ki, müxtəlif Qərb qiymətləndirmələrinə görə, yüz minlərlə rusiyalı həlak olub və ya ağır yaralanıb. Onun sözlərinə görə, bu, demoqrafik problemlərlə üzləşən ölkə üçün ciddi yükdür. Raxman vurğulayır ki, Rusiya artıq Ukraynada Sovet İttifaqının İkinci Dünya müharibəsində Almaniyaya qarşı apardığı müharibədən daha uzun müddət döyüşür, lakin hələ də qarşısına qoyduğu əsas məqsədlərə nail ola bilməyib.

Elitalar arasında narazılıq artır

Məqalədə qeyd olunur ki, son dövrlərdə Rusiya siyasi və ekspert dairələrində müharibənin perspektivləri ilə bağlı daha tənqidi fikirlər səslənməyə başlayıb. Hakimiyyətə yaxın bəzi analitiklər Ukraynadakı hakimiyyətin dəyişdirilməsi məqsədinin real görünmədiyini bildirərək danışıqlar yolu ilə nizamlanma variantını müzakirə etməyə çağırıblar.

Şərhçinin fikrincə, bu cür çıxışlar elita daxilində narazılığın tədricən artdığını göstərir. O xatırladır ki, Rusiya tarixində hərbi uğursuzluqlar dəfələrlə siyasi dəyişikliklərin katalizatoru olub. Rus-Yapon müharibəsindəki məğlubiyyət, Birinci Dünya müharibəsinin nəticələri, eləcə də Əfqanıstan müharibəsi ölkədə ciddi siyasi proseslərə təkan vermişdi.

Raxman hesab edir ki, Putinin hakimiyyətdən uzaqlaşdırılması üçün ən real ssenari kütləvi etirazlar deyil, hakim elitalar daxilində parçalanma ola bilər. Onun fikrincə, müharibənin ölkəyə zərər vurduğunu düşünən təsirli qrupların sayı artarsa, Kreml daxilində dəyişiklik tələbi güclənə bilər.

Bununla belə, müəllif vurğulayır ki, mövcud sistem Putinə sadiq şəxslər üzərində qurulduğundan belə bir ssenarinin reallaşması asan görünmür. Buna baxmayaraq, o hesab edir ki, Ukrayna müharibəsi Rusiyanı uzun müddət davam etdirilməsi çətin olan bir yola çıxarıb və bu prosesin nəticələri gec-tez özünü göstərəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər