"Uşaqlıq travmaları, heroin, özünü yandırmaq cəhdi və cəmi 5 faizlik yaşamaq şansı..."
ABŞ-li Kristal Reyin həyatı illərlə ağrı, zorakılıq və narkotik asılılığı içində keçib.
Moderator.az xəbər verir ki, bu barədə "unilad.com" nəşri yazıb.
Amerikalı qadın yenidən ayağa qalxmağı bacardı
Kristak Rey uşaqlıqdan başlayaraq həyatın ən ağır üzünü görüb - atasını itirib, ailədaxili travmalar yaşayıb, narkotiklərlə çox erkən tanış olub. Bir gün isə ümidsizlik onu özünü yandırmağa qədər aparıb çıxarıb. Kristal bu gün həyatda qalmağı bacaran minlərlə keçmiş narkotik asılısından biridir. Amma onun keçdiyi yol adi deyil - o, həm fiziki, həm də mənəvi olaraq sözün həqiqi mənasında külə dönüb, sonra yenidən özünü qurmağa çalışıb.
Uşaqlıqdan başlayan faciə
Cənubi Kaliforniyada böyüyən Kristal uşaqlığını "xaos və itkilərlə dolu dövr" kimi xatırlayır. Onun həyatındakı ilk böyük zərbə atası olub. Kristal hələ çox balaca olarkən atası sərxoş vəziyyətdə avtomobil idarə edərkən qəzaya düşərək həyatını itirib. Bu faciədən sonra anası da ağır psixoloji vəziyyətə düşüb və zamanla narkotikə aludə olub. Kristal deyir ki, anasının ətrafındakı bəzi insanlarla təmas nəticəsində o, doqquz yaşı tamam olmamış həyatın "ən ağır zorakılıq formaları" ilə qarşılaşıb.
"Narkotik bizim üçün ünsiyyət vasitəsinə çevrilmişdi"
Kristalın həyatına narkotik ilk dəfə uşaqlıq illərində, öz evində daxil olub. Onun sözlərinə görə, bu maddələr zaman keçdikcə "cəmiyyətə uyğunlaşmaq" və insanlarla əlaqə qurmaq üsuluna çevrilib: "İndi bunları xatırlayanda belə ürəyim bulanır. Amma biz çox erkən yaşlarda məhz belə "sosiallaşmağa" başlamışdıq". Kristal sonradan ana olur və zorakı münasibətdən qurtulmağa nail olur.
Hər iki hamiləliyi dövründə narkotikdən uzaq qalsa da, ikinci hamiləlik zamanı yaranan güclü bel ağrıları həyatını yenidən dəyişir. Həkimlərin yazdığı güclü ağrıkəsicilər onda reseptlə verilən dərmanlara asılılıq yaradır. Bu asılılıq təxminən 10 il davam edir. Daha sonra isə həyatına metamfetamin və heroin daxil olur. "Mənə hisslərimi unutduran hər şeyə qaçırdım. Bu, sağ qalmaq üçün illərlə formalaşmış mexanizm idi", - deyə Kristal etiraf edir.
Özünü yandırdığı gün
Zaman keçdikcə qadının psixoloji vəziyyəti daha da ağırlaşır. O, özünü tamamilə dəyərsiz hiss etdiyini deyir. Həlledici məqam isə narkotik səbəbindən yeniyetmə övladının qəyyumluğunu itirməsi olur. Bir müddət sonra Kristalın yaşadığı qoşqu evinə uşaqlıqda ona işgəncə verən şəxslərdən biri gəlir. Həmin an qadının daxilində illərlə yığılan ağrı partlayır.
"Onun üzünü görən kimi qapıdan çölə atıldım. Qışqırırdım. Sonra gözüm benzin qablarına sataşdı və düşündüm ki, artıq heç nə yaxşı olmayacaq", - deyə o xatırlayır. Kristal benzinlə özünü islatmağa başlayır. Sonra alışqanı yandırır. "Alov bir neçə saniyə içində bütün bədənimi bürüdü. Yanan saçımın və dərimin qoxusunu hiss edirdim". Xoşbəxtlikdən yaxınlıqda yağış suyu ilə dolu konteyner olub və alovu söndürmək mümkün olub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadına həkimlər cəmi 5 faiz yaşamaq şansı veriblər.
"Saçım, qulaqlarım, burnum yox idi"
Kristal üçün bundan sonrakı aylar ağrılı əməliyyatlar və uzun bərpa prosesi ilə keçib. O, ilk dəfə güzgüyə baxdığı anı heç vaxt unutmadığını deyir: "Saçım yox idi. Gözlərim tikilmişdi. Qulaqlarım yox idi. Burnumun böyük hissəsi məhv olmuşdu. Ağzım əvvəlki kimi açılmırdı. Öz kimliyimi itirmişdim". Qadın etiraf edir ki, bütün bunlardan sonra yenidən alkoqol və narkotikə qayıdıb. O, daxildəki ağrını başqa cür susdura bilmədiyini düşünürdü.
Həyatını dəyişən ultimatum
Bir neçə il sonra Kristalın həyatında uşaqlıq dostu yenidən peyda olur. Qadın gecələr ona zəng edib bütün travmalarını danışırmış. Nəhayət, dostu ona sərt ultimatum verir. 2022-ci ilin oktyabrında o, Kristala təyyarə bileti alaraq belə deyib: "Əgər bu təyyarəyə minməsən, sənə bir daha bilet ala bilmərəm. Və artıq səndən xəbər almaq istəmirəm". Kristal həmin təyyarəyə minir. Bu qərar onun həyatını dəyişir. Bu gün o, artıq 41 aydır alkoqol və narkotikdən uzaq yaşayır.
"Hər səhər güzgüyə baxıb özümə deyirəm: səni sevirəm"
Kristal bildirir ki, ayıq həyata qayıtmaq üçün uzun müddət psixoloqlarla işləyib və öz üzərində ciddi çalışıb. İndi isə hər səhər güzgüyə baxaraq özünə bir cümlə deyir: "Mən səni sevirəm, Kristal". Qadın hekayəsini gizlətməməsinin səbəbini də belə izah edir: "İnsanlar yanıqlarımı görəndə daha "qəhrəmancasına" bir səbəb gözləyirlər. Həqiqəti eşitməyə hazır olmurlar. Amma mən istəyirəm ki, insanlar bilsin - insan həyatının ən qaranlıq anlarından belə gözəl bir başlanğıc doğula bilər. Və bilin ki, hələ gec deyil, siz hələ də öz həyatınızı dəyişə bilərsiniz".