Dünya
323
25 May 2026 | 22:00

"Avropada süzənək və sifilis rekord həddə çatdı" - BBC

"Avropada cinsi yolla keçən infeksiyaların sürətlə yayılması səhiyyə qurumlarını narahat edir, mütəxəssislər təcili profilaktik tədbirlərə çağırır..."

Avropada cinsi yolla keçən xəstəliklərin yayılması rekord səviyyəyə yüksəlib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Son 10 ilin ən yüksək göstəriciləri qeydə alınıb

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (European Centre for Disease Prevention and Control - ECDC- red.) yeni hesabatına görə, 2024-cü ildə süzənək və sifilis halları son on ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.

Məlumata əsasən, süzənək diaqnozu qoyulanların sayı 106 mindən çox olub ki, bu da 2015-ci illə müqayisədə 303 faiz artım deməkdir. Sifilis halları isə iki dəfədən çox artaraq 45 mindən yuxarı qalxıb. ECDC bildirib ki, xəstəliklərin sürətlə yayılmasının əsas səbəblərindən biri test və profilaktika sahəsində boşluqların artmasıdır. Qurum təcili tədbirlərə çağırıb.

Həkimlər xəbərdarlıq edir: ağır fəsadlar mümkündür

ECDC nümayəndəsi Bruno Çiançio bildirib ki, bu infeksiyalar xroniki ağrı, sonsuzluq, hətta ürək və sinir sistemi problemlərinə səbəb ola bilər. Onun sözlərinə görə, anadangəlmə sifilis halları da sürətlə artır. Bu xəstəlik anadan körpəyə keçərək ömürboyu ağır fəsadlar yarada bilir. 

2023-2024-cü illər ərzində belə halların sayı demək olar iki dəfə artıb. Mütəxəssislər yeni partnyorlarla münasibətdə prezervativ istifadəsini və simptomlar yaranan kimi testdən keçməyi vacib hesab edir.

İspaniya liderdir, Britaniya isə peyvənd tətbiq edir

2024-cü ildə Avropada ən çox süzənək və sifilis halı İspaniyada qeydə alınıb. ECDC qeyd edir ki, xüsusilə kişilərlə cinsi əlaqədə olan kişilər risk qrupunda qalır və uzunmüddətli artım əsasən bu kateqoriyada müşahidə olunur.

Bununla yanaşı, reproduktiv yaşda olan heteroseksual qadınlar arasında da sifilis hallarında ciddi artım qeydə alınıb. Ən geniş yayılmış bakterial infeksiya isə əvvəlki kimi xlamidioz olaraq qalır. Bununla belə, onun göstəricisi 2015-ci illə müqayisədə 6 faiz azalaraq 213 minə düşüb.

"Brexit"dən sonra Böyük Britaniya ümumi Avropa statistikasında iştirak etməsə də, ölkə ayrıca hesabat yayımlayıb. Britaniyada 2024-cü ildə 71 mindən çox süzənək, 9 mindən çox sifilis və 168 mindən çox xlamidioz halı aşkarlanıb. Ölkə 2025-ci ildən etibarən süzənəyə qarşı peyvənd proqramının tətbiqinə başlayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər