Elektrik qiymətləri 3 dəfə ucuzdur – Hamı bu ölkəyə axın edir
Dünya
260
12:42, Bu gün

Elektrik qiymətləri 3 dəfə ucuzdur – Hamı bu ölkəyə axın edir

Cənubi Amerikada maraqlı iqtisadi proses yaşanır. Braziliyada artan enerji qiymətləri, yüksək vergilər və bürokratik çətinliklər səbəbindən yüzlərlə sənaye şirkəti fəaliyyətini qonşu Paraqvaya köçürməyə başlayıb. Əsas səbəblərdən biri isə elektrik enerjisinin xeyli ucuz olmasıdır.
 
Paraqvayda sənaye müəssisələri üçün elektrik enerjisinin qiyməti kilovat/saat üçün təxminən 5 sentdir. Braziliyada isə bu rəqəm 16 sentə çatır. Yəni elektrik təxminən 3 dəfə daha ucuz başa gəlir.
 
Paraqvay Sənaye və Ticarət Nazirliyinin məlumatına əsasən, “Maquila” adlı xüsusi istehsal rejimində fəaliyyət göstərən 332 sənaye müəssisəsinin 223-ü Braziliya mənşəlidir. Bu şirkətlər aşağı vergi və ucuz enerji səbəbindən istehsalı Paraqvaya yönləndirib.
 
Xəbərdə qeyd olunur ki, məşhur Braziliya corab istehsalçısı olan 104 illik “Lupo” markası da yeni zavodunu Paraqvayın Ciudad del Este şəhərində açıb. Şirkət burada istehsal xərclərinin Braziliyaya nisbətən 28 faiz daha aşağı olduğunu açıqlayıb.
 
Paraqvay xarici investorları cəlb etmək üçün aşağı vergi siyasəti tətbiq edir. Ölkədə ƏDV və korporativ vergi təxminən 10 faiz səviyyəsindədir. Braziliyada isə korporativ vergi yükünün 34 faizə çatdığı bildirilir.
 
Bundan başqa, xüsusi istehsal rejimi çərçivəsində fəaliyyət göstərən şirkətlər xammal idxalında gömrük rüsumu ödəmir və ixrac zamanı yalnız əlavə dəyər üzərindən 1 faiz vergi verir.
 
Son aylarda dünyada elektrik bazarında ciddi dəyişikliklər müşahidə olunur. Bəzi ölkələrdə enerji qiymətləri rekord həddə yüksəlsə də, bərpa olunan enerji istehsalının artdığı regionlarda qiymətlərin aşağı düşməsi qeydə alınır.
 
Mütəxəssislər hesab edir ki, ucuz və stabil enerji gələcək illərdə ölkələrin sənaye rəqabətində əsas üstünlüklərindən birinə çevriləcək.(Musavat.com)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər