Bizi sosial şəbəkələrdən izləyin:
Nepal hökuməti Everest zirvəsinin zibildən təmizlənməsi və buzlaqların əriməsinin monitorinqi üçün robotdan istifadəyə imkan verəcək qanun layihəsi üzərində işləyir.
Bu barədə "The Kathmandu Post" məlumat yayıb.
PEMBA adlı layihənin təşəbbüskarları ABŞ-də fəaliyyət göstərən "Geologic Dome" təşkilatı və Nepalın "Fourteen Peaks Expedition" şirkətidir.
Layihəyə əsasən, humanoid robotun Everestə bu ilin yaz alpinizm mövsümündə göndərilməsi planlaşdırılır.
Ekspedisiyada istifadə üçün Çinin "Unitree Robotics" şirkətinin istehsal etdiyi "Unitree G1" humanoid robotu seçilib.
Sənədlərə əsasən, sınaq ekspedisiyası 52 gün davam edəcək. Məqsəd robotların zibil toplamaq, buzlaqları izləmək və təhlükəli dağ əməliyyatlarında kömək etmək imkanlarını yoxlamaqdır.
Təxminən 1.3 metr boyu və 35 kiloqram çəkisi olan robot 3D-lidar və kameralarla təchiz olunub. Onun həm beş, həm də üçbarmaqlı əlləri var və hər biri 3 kiloqrama qədər yük daşıya bilir. Batareya isə təxminən iki saat işləmə imkanı verir.
Fevral ayında "Unitree G1" yüksək dağlıq ərazilərdə ekstremal şərait sınağından keçib. Robot Çinin Sincan-Uyğur bölgəsində mənfi 47.4 dərəcə temperaturda 136 min addım atıb. /oxu.az/