ABŞ-nin Denver beynəlxalq hava limanında nadir və ciddi aviasiya hadisəsi qeydə alınıb.
Moderator.az xəbər verir ki, “Frontier Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi uçuşa hazırlaşarkən uçuş-enmə zolağında olan piyadaya çırpılıb.
Hadisə cümə gecəsi yerli vaxtla saat 23:19 radələrində qeydə alınıb. Denverdən Los-Anceles istiqamətində uçmalı olan “Airbus A321” tipli təyyarənin göyərtəsində 224 sərnişin və 7 heyət üzvü olub.
Məlumata görə, təyyarə uçuş üçün sürət yığdığı anda zolaqda hərəkət edən naməlum şəxsə dəyib. Toqquşmadan dərhal sonra pilotlar uçuşu dayandıraraq təcili prosedurları işə salıblar.
Zərbə nəticəsində mühərrik hissəsində qısamüddətli yanğın baş verib, həmçinin kabinədə tüstü yaranıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovu qısa müddətdə nəzarətə götürüblər.
Təhlükəsizlik məqsədilə təyyarədə olan bütün sərnişin və heyət üzvləri təcili sürüşmə trapları vasitəsilə təxliyə olunub. İlkin məlumata görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb.
Uçuş məlumatlarına əsasən, təyyarə dayanmazdan əvvəl saatda təxminən 235 kilometr sürətə çatmışdı.
Hadisədən sonra hava limanı rəhbərliyi uçuş-enmə zolağına mülki şəxsin necə daxil olması ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Qəzanın baş verdiyi zolaq müvəqqəti olaraq hava hərəkəti üçün bağlanıb.

