"Rəsmi Madrid Hörmüz boğazında həyata keçiriləcək hər hansı hərbi əməliyyata qoşulmaq ehtimalını aradan qaldırıb".
Moderator.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib.
O, TVE kanalına müsahibəsində qeyd edib ki, mövcud vəziyyətdən hərbi çıxış yolu mövcud deyil:
"Biz danışıqlar masasına dönməliyik, yeganə həll yolu diplomatiyadır".
Nazir həmçinin vurğulayıb ki, hazırkı dövrdə BMT bayrağı altında hər hansı əməliyyatın keçirilməsi üçün zəruri olan minimal şərtlər belə təmin edilməyib:
"Ölkəmizin gərginliyi artıra biləcək addımlarda və hərbi əməliyyatlarda iştirakını birmənalı şəkildə istisna edirik".
Xatırladaq ki, mayın 3-də ABŞ lideri Donald Tramp Vaşinqton tərəfindən Hörmüz boğazında "Azadlıq layihəsi" adlı əməliyyata başlanılacağını bəyan etmişdi. Onun sözlərinə görə, bu təşəbbüs gəmilərin boğazdan təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyır. ABŞ Prezidenti sözügedən humanitar prosesə maneə yaradılacağı təqdirdə hərbi gücdən istifadə edəcəyini də vurğulayıb.
Bunun fonunda İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bəyan edib ki, rəsmi Tehran ABŞ-ın Hörmüz boğazındakı gəmiçilik fəaliyyətlərinə hər hansı müdaxiləsini atəşkəs rejiminin pozulması olaraq qəbul edəcək. Əzizi özünün "X" hesabında yazıb:
"Fars körfəzi və Hörmüz boğazının idarəedilməsi Trampın xəyalpərəst bəyanatları əsasında həyata keçirilməyəcək".