İlon Maskın ailə fondu 2022-ci ildə "Twitter" (indiki "X" sosial şəbəkəsi - red.) səhmlərinin alışı barədə məlumatı vaxtında bəyan etmədiyinə görə ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 1,5 milyon dollar məbləğində təzminat ödəyəcək.
Moderator.az xəbər verir ki, bu barədə informasiyanı "The Wall Street Journal" (WSJ) nəşri paylaşıb.
Nəşrin yazdıqlarına əsasən, razılaşdırılmış məbləğ tənzimləyici qurumun 2025-ci ilin əvvəlindəki iddiasında irəli sürülən rəqəmdən olduqca kiçikdir. Rəsmi qurumlar iş adamının bəyannaməni gecikdirmək vasitəsilə qənaət etdiyini nəzərə alaraq, ondan 150 milyon dollardan artıq kompensasiya tələb etməyi planlaşdırırdılar. Məlumata görə, əldə olunmuş bu anlaşma hələ məhkəmə tərəfindən təsdiqlənməlidir.
Biznesmenin vəkilləri isə bildirirlər ki, tənzimləyici agentlik milyarderə ünvanlanan şəxsi iddialarından imtina edib. Qəzet əlavə edir ki, Mask kütləvi şirkət səhmlərinin 5 faizindən çoxunu əldə edən investorların bu barədə 10 gün müddətində məlumat verməsini tələb edən qanunvericiliyi pozmaqda günahlandırılır. Bildirilir ki, o, "Twitter" səhmlərini aldığını 11 gün gecikmə ilə açıqlayıb.
Xatırladaq ki, İlon Mask sözügedən sosial platformanı 2022-ci ildə 44 milyard dollar müqabilində alıb və daha sonra onun adını dəyişərək "X" edib.