İranda xam neftin saxlanması üçün mövcud imkanlar sürətlə tükənir.
Moderator.az xəbər verir ki, buna səbəb ABŞ-ın tətbiq etdiyi blokada nəticəsində neft ixracının faktiki olaraq dayanmasıdır.
Agentlik qeyd edir ki, İran nefti daşıyan tanker gəmiləri Fars körfəzindən kənarda yerləşən Çabahar limanı yaxınlığında toplanıb.
Peyk məlumatlarına görə, bölgədə 6-8 supertanker və bir neçə kiçik gəmi mövcuddur.
Neft gəmilərə yüklənməkdə davam etsə də, onun ixracı demək olar ki, mümkün deyil. Hörmüz boğazı faktiki olaraq bloklanıb və hərəkət minimuma enib.
ABŞ tankerlərin keçidinə mane olur, onları Hind okeanında saxlayır və İran neftini alan iri Çin zavodlarına qarşı sanksiyalar tətbiq edib.
“Vortexa” şirkətinin məlumatına görə, hazırda təxminən 155 milyon barel İran nefti ya yoldadır, ya da dünya üzrə tankerlərdə saxlanılır. Boş saxlama tutumları isə demək olar ki, qalmayıb.
Ekspertlər bildirir ki, əgər blokada davam edərsə, İran hasilatı azaltmağa məcbur qala bilər. Bu səbəbdən Tehran köhnə tankerləri yenidən istismara qaytarmağa çalışır.