"Üç dövlət Ukrayna Silahlı Qüvvələrinə gizli şəkildə maliyyə yardımı göstərmək niyyətindədir".
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yerli mətbuata açıqlamasında bildirib.
Xəbərə əsasən, həmin ölkələr Kiyevə silah tədarük etmək məqsədilə NATO-nun Prioritet Ehtiyaclar Siyahısı təşəbbüsünə qeyri-aşkar formada qoşulmaq barədə razılığa gəliblər.
V.Zelenskinin sözlərinə əsasən, adları çəkilməyən ölkələrin liderləri bu addımı Kiprdə baş tutan Avropa İttifaqı sammitində atıblar. Ayrılacaq vəsaitin həcminin təqribən 350-400 milyon avro civarında olacağı gözlənilir. Bu maliyyə Ukrayna ordusunun təcili tələbatlarını sürətlə qarşılamaq üçün nəzərdə tutulan silah təminatına yönəldiləcək.
Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı Şurası Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketini təsdiqləyib. Bununla yanaşı, 2026 və 2027-ci illəri əhatə edəcək müddətdə Ukraynaya 90 milyard avro dəyərində maliyyələşdirmənin təsdiqlənməsi proseduru da yekunlaşdırılıb.
Avropa İttifaqının mövqeyinə görə, hərbi əməliyyatlar üçün Kiyevə ayrılan vəsaitlər gələcəkdə Rusiyadan alınacaq təzminatlar hesabına kompensasiya ediləcək. Sözügedən kredit Aİ büdcəsinin zəmanəti altında kommersiya bazarlarından cəlb olunan Avropa kreditləri vasitəsilə maliyyələşdiriləcək.